Azərbaycan boru kəməri siyasətini və enerji ehtiyatlarının ölkədən dünya bazarlarına çıxarılmasının diversifikasiyasını alternativ yollarla həyata keçirməklə, bu prosesin ilk vaxtlarından üç istiqamətdə nəqlini optimal saydı. Qara dəniz və Aralıq dənizi hövzələrinə istiqamətlənmiş bu layihələrdə, şübhəsiz ki, dövlətimizin təhlükəsizliyi xüsusi önəm daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də, Bakı — Tbilisi –Ceyhan əsas ixrac kəmərinin əhəmiyyətini qiymətləndirərkən belə qeyd edib: “Əlbəttə, bu boru kəməri bizə iqtisadi problemlərin həllində kömək edəcək. Sosial problemlərin həlli də öz əksini tapmalıdır. Lakin, bununla belə, biz, çox gözəl başa düşürük ki, bu kəmər regionda təhlükəsizlik sisteminin möhkəmləndirilməsi işində böyük rol oynayacaqdır. Buna zərurət var. Hələ ki, regionda sülh, sabitlik və təhlükəsizlik tam şəkildə bərqərar olmayıb, regionda təhdidlər mövcuddur. Onlardan biri – Ermənistanın Azərbaycana qarşı təcavüzüdür ki, bunun da nəticəsində bizim torpaqların 20 faizi işğal altına düşüb, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşayırlar. Biz əminik ki, bütün imkanlardan istifadə etməklə, ədaləti bərpa edəcəyik. Azərbaycan özünün ərazi bütövlüyüünü təmin edəcək, bizim suverenliyimiz tam şəkildə bərpa olunacaq”.
Regionda buna oxşar digər separatist hərəkatlar da mövcuddur. Ona görə, «Bakı — Tbilisi — Ceyhan» neft kəmərinin regionda əməkdaşlığın, sülhün, təhlükəsizliyin təmin olunmasında vacib rolu olacaq və olur da. Görünən də budur və
təhlillər də göstərir ki, gələcəkdə enerji təhlükəsizliyi məsələsinin beynəlxalq münasibətlərin gündəliyində üstünlük təşkil edəcəyi şübhə doğurmur və bu gün də, bu problem milli təhlükəszilik kontekstində ciddi nəzərdən keçirilir. Belə olan halda, Xəzərin enerji resursları, xüsusilə Azərbaycan nefti ilk növbədə dünya siyasətində pozitiv rol oynayır.
Beləliklə, dünya enerji bazarı və qlobal təhlükəsizlik məsələləri üçün, Azərbaycanın dünya siyasətində rolu və yeri getdikcə artaraq, bu işdə əməkdaşlıq edən ölkələr qarşısında böyük məsuliyyət yaradır. Fikrimizcə, Azərbaycan dövlətinin mövqeyini belə əsaslandırmaq və qənaətə gəlmək olar ki, bu gün dünyada hər şey qarşılıqlı əlaqədədir, həm istehlakçıların enerji təhlükəsiziliyi məsələləri, həm də səmərəli nəticələrin əldə edilməsi məsələləri formalaşdırılmalıdır ki, enerji resursları ətrafında mübahisə və münaqişələrin predmeti olmasın. Yəni,
Xəzər hövzəsi ölkələrinin dünya neft bazarına dənizdən birbaşa çıxışının olmaması, Xəzər neftinin hasilatının artım tempini, eyni zamanda, bu neftin əsas istehlakçılarının enerji təhlükəsizliyini kəmər infrastrukturunun inkişafından asılı vəziyyətə salırdı. Bir cox mütəxəssislərin qənaətinə görə də, neft bazarlarına çıxışa təminat verən müasir neft kəmərləri şəbəkəsinin yaradılması Azərbaycanın neft strategiyasının əsas aspektlərindən birinə çevrilib.
Ümumiyyətlə, bunun təsdiqi kimi və bəzi qənaətlərə gəlmək ücün, neft kəmərlərinin göstəricilərinə qısa nəzər yetirmək kifayətdir.
Azərbaycan neftinin ilk tranzit marşrutu Rusiyadan keçən və 27 oktyabr 1997-ci ildə istismara verilən «Bakı — Novorossiysk» (Şimal marşrutu) neft kəməri oldu. Bu kəmər əvvəllər mövcud olmuş «Bakı — Qroznı» kəmərinin bazası əsasında fəaliyyət göstərirdi. Kəmər Səngəçal terminalından Rusiyanın Qara dənizdəki Novorossiysk limanına qədər uzanır. Uzunluğu 1411 km., ötürücü gücü günə 115 min barel və ya 5,75 mln. tondur.
İkinci marşrut «Bakı-Supsa» neft kəməridir. Bu kəmər (Qərb marşrutu) 17 aprel 1999-cu ildə istismara verilib. O, «Bakı — Xaşuri» kəmərinin bazası üzərində fəaliyyət göstərir. Səngəçal terminalından Gürcüstanın Qara dənizdəki Supsa limanına qədər uzanan bu kəmərin uzunluğu 850 km., ötürücü gücü isə günə 115 min barel və ya 5,75 mln. tondur. Bunlar da, neft strategiyamızın uğurudur.
Neft strategiyamızın digər ən mühüm uğurlarından biri isə, üçüncü marşrutun, «Bakı — Tbilisi — Ceyhan» əsas ixrac boru kəmərinin işə salınması oldu. 2006-cı il iyul ayının 13-də istifadəyə verilmiş, 2008-ci ilin sonundan etibarən dünya bazarlarına gündə 1-1,5 milyon barel, ildə 50 milyon ton neft ötürülməsi planlaşdırılan kəmərin göstəriciləri qlobal neft layihəsinin olmasını təsdiq etdi ki, elə buna görə də, onun təhlükəsizliyi məsələsi dövlətimizin milli maraqlarının təmin olunmasında mühüm məsələyə çevrildi.
Bəzi mütəxəssislərin rəyinə görə, BTC-nin yeganə çatışmayan cəhəti, onun Azərbaycan — Ermənistan sərhədinə və İraq — Türkiyə kürdlərinin məskunlaşdıqları əraziyə yaxın ərazilərdən keçməsidir. Bu fakt kəmərin təhlükəsizliyinə qismən də olsa, risk yaradır. Lakin kəmər artıq necə illərdir ki, təhlükəsiz fəaliyyət göstərir və bu müddət ərzində onun fəaliyyətində heç bir ciddi nöqsan olmayib. Hətta Azərbaycandakı tarixi 44 günlük Vətən Müharibəsində belə.
«Bakı — Tbilisi — Ceyhan» neft kəmərinin təhlükəsizlik baxımından üç mühüm məqamı özündə əks etdirməsi qənaətinə də gəlmək olau:
— Birincisi, kəmər region ölkələrinin və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır;
— İkincisi, «Bakı — Tbilisi — Ceyhan» neft kəməri dünyanın iri dövlətlərinin maraqlarını regiona cəlb etməklə, bu regionun ümumi təhlükəsizliyinin təmin olunması üçün əlveirşli şərait formalaşdırır, yəni, həmin dövlətlər Xəzər regionuna yatırdıqları irihəcmli investisiyanı sığortalamaq məqsədilə, regionun təhlükəizliyinə maraq göstərirlər;
— Üçüncüsü isə, sırf kəmərin özünün təhlükəsizliyi ilə bağlıdır. Belə ki, region və Qərb üçün böyük strateji əhəmiyyət kəsb edən «Bakı — Tbilisi — Ceyhan» neft kəməri terrorçuların bir nömrəli hədəfinə çevrilə bilər.
İlk növbədə qeyd etmək istərdik ki, «Bakı — Tbilisi — Ceyhan» neft kəmərinin təhlükəsizliyi məsələsini, onun keçdiyi ərazinin geosiyasi mövqeyi ilə vəhdətdə tədqiq etmək daha düzgün olardı. Çünki, məlum olduğu kimi, təhlükəsizlik baxımından müəyyən əhəmiyyət kəsb edən hər hansı bir hadisə müvafiq zaman və məkan kontekstində baş verir. Buna görə də, BTC-nin keçdiyi regionun (Xəzər regionunun) geosiyasi mövqeyi ilə bağlı bəzi məqamları qeyd etmək, hesab edirik ki, yerinə düşərdi.
Geosiyasətin klassiklərindən hesab olunan Xelfo Makkinderin fikrini təhlil edən tədqiqatcılar göstərir ki, Xəzər regionu (bura Cənubi Qafqazla yanaşı Rusiya, Orta Asiya, İran və Türkiyə də daxildir) «dayaq zonası»nda (Pivotarea) yerləşir. Burada «Heartland»ın (yəni, kontinental — iç Avrasiyanın) dayaq zonasından söhbət gedir.
Bəzi siyasi xadimlər də, məhz bu məqama yanaşma zamanı qeyd edirlər ki, Qafqaz və Mərkəzi Asiya regionu tarix boyu bu bölgədə marağı olan ayrı-ayrı dövlətlərin mübarizə meydanı olub.
Hələ XIX-XX əsrlərdə dünya siyasətində neftin rolu kəskin şəkildə artaraq, xüsusilə də, 1973-cü ilin ümumdünya neft böhranı aparıcı dünya dövlətlərinin milli təhlükəsizlik strategiyalarında enerji təhlükəsizliyi məsələsini ön plana çıxarmışdır. Amerika və «dünya hakimiyyəti»nə iddia edən digər güc mərkəzləri artıq «güc» faktorunu «enerji» faktoru ilə birgə götürməyə başladılar. Bu tendensiya neft ölkələri ilə münasibətləri və alternativ enerji mənbəyi axtarışlarını aktual məsələyə çevirdi, Xəzər regionunu və onun təhlükəsizlik məsələsini gündəliyə gətirdi.
1997-ci ildə nəşr olunmuş “ABŞ-ın yeni əsr üçün Milli Təhlükəsizlik Strategiyası”nda da regiona böyük önəm verilir. Həmin strategiyada göstərilir ki, stabil, çiçəklənən Qafqaz və Mərkəzi Asiya Aralıq dənizindən Çinədək stabilliyin və təhlükəsizliyin təmin olunmasına, sürətli inkişafa və Xəzər neftinin, qazının ABŞ-ın səmərəli kommersiya iştirakı ilə dünya bazarına çıxarılmasına zəmin yaradacaq. Regionun dünya ücün əhəmiyyəti geniş təhlil obyekti kimi mütəxəssislərin diqqətindən kənarda qalmırdı. Bu baxımdan, 1998-ci ilin sentyabrında tarixi İpək Yolunun bərpası üzrə Bakıda keçirilmiş Beynəlxalq Kofransda İspaniya nümayəndə heyətinin başçısı, səfir Xesus Atiensa Sernanın məsələyə dair fikri də maraq doğurur: «Avropa Birliyinin və Avropada digər təhlükəsizlik və əməkdaşlıq strukturlarının fəal üzvü kimi biz başa düşürük ki, Avropanın tərəqqisi Qafqazda və Mərkəzi Asiyada tərəqqi və sabitliklə labüd surətdə bağlıdır ».
1993 və 1994–cü illərdən başlayaraq, Azərbaycan əlverşili geosiyasi mövqeyinin və zəngin təbii ehtiyatların dividentlərindən rasional istifadə etməyə başladı. Bu zaman, region dövlətləri də bu istiqamətdə bəzi addımlar ataraq, əslində, Azərbaycanın həyata keçirdiyi strategiyaya qoşuldular. Həmin dövlətlər daha çox investisiya cəlb etməklə, regional (etnik) münaqişələr, iqtisadi böhran və digər problemlərin həlli üçün əlverişli zəmin hazırlamağa çalışdılar. Gürcüstan Respublikası Xarici İşlər Nazirliyi Xarici Siyasi Tədqiqatlar və Təhlil Mərkəzinin direktoru Aleksandr Rondeli bu məsələyə yanaşmada belə mövqe ifadə edir: «Beynəlxalq sərmayə cəlb olunduqca region dövlətlərinin strateji əhəmiyyəti də artır və regional təhlükəsizlik məsələsi dünyanın aparıcı dövlətlərinin təhlükəsizlik maraqları müstəvisinə daxil olur».
Bütün bu fikirlər “Bakı — Tbilisi –Ceyhan» kəmərinin dövlətlərin təhlükəsizliyi baxımından xüsusi önəm daşıdığını bir daha təsdiq edir. Elə, bu
kəmərinin əhəmiyyəti və təhlükəsizliyi məsələsini də, məhz, bu kontekstdən təhlil etmək daha məqsədəuyğun olardı.Ümummilli lider Heydər Əliyevin əsəs ixrac kəməri haqqında söylədiyi bu fikirlər dediyimizə bariz misaldır: «Bakı — Tbilisi — Ceyhan» əsas ixrac neft kəməri təkcə iqtisadi xarakter daşımır. O, eyni zamanda Qafqazda, xüsusən Cənubi Qafqazda, Türkiyədə təhlükəsizliyi və sabitliyi təmin etmək üçün əsas vasitələrdən biridir”.
Bu əsas ixrac boru kəmərinin təhlükəsizliyi haqqında danışarkən, ilk növbədə, mövcud təhdidləri ayırd edib, qruplaşdırmaq zərurəti yaranır. Bu problemi əsas iki meyar əsasında təsnif etmək istərdik:
— Xarakterinə görə;
— Coğrafi xüsusiyyətlərinə — təsirinin əhatə dairəsinə görə.
A. Rondeli də, bu yanaşmada Cənubi Qafqaz regionundakı təhdidlərin xarakterinə görə təsnifatını aşağıdakı kimi verir:
1. Cənubi Qafqaz respublikalarının müasir dövlətçilik ənənələri azdır və ya heç yoxdur;
2. Bu region qan yaddaşında dostluq, mehriban qonşuluq, dözümlülük kimi xatirələrlə yanaşı inamsızlıq, kin, zorakılıq kimi xatirələri də yaşadan çoxlu kiçik, mozaik dini və etnik qruplar tərəfindən məskunlaşmışdır;
3. Region dövlətlərinin sərhədləri hələ tam dəqiq müəyyən olunub, demarkasiya edilməmişdir. Bu isə, potensial təhlükə mənbəyidir.
Əlbəttə, bu təsnifat müzakirəyə açıqdır, lakin etiraf etmək lazımdır ki, o, «Bakı — Tbilisi — Ceyhan» kəmərinə ola biləcək təhdidləri ayırd və təhlil etmək, onlarla mübarizə üsullarını araşdırmaq üçün müəyyən imkanlar açır.
Bu neft kəməri üçün təhdidləri coğrafi baxımdan iki qrupa ayıra bilərik: Regional və lokal (məhəlli).
Regional təhdidlər dedikdə, öncə, terrorizm, etnik münaqişələr, dini ekstremizm, separatizm, nəzarətsiz ərazilər, nəzarətsiz silahlar, silahlı birləşmələr, narkotika tranziti və s. təhlükəli məqamların üzərində dayanmaq və işin qarşısının alınmasına yönələn planların qurulması bilavasitə zərurətə çevrilir. Təhlükəsizliyin geniş anlamını isə, bəzi tədqiqatcılar Xəzərdə beynəlxalq əməkdaşlıq problemlərinin həlli və təhlükəsizlik baxımından aşağıdakı sahələrin qarşılıqlı tənzimlənməsini təklif edir:
1. Bioloji ehtiyatlardan istifadə qaydalarını;
2. Gəmiçilikdən və nəqliyyatın digər növlərindən istifadə məsələlərini;
3. Xəzərdə ekoloji təhlükəsizliyin vahid mexanizmlərinin yaradılmasını;
4. Xəzər şelfinin mineral ehtiyatlarından istifadə edilməsini;
5. Regional əməkdaşlığın beynəlxalq hökumətlərarası təşkilatının formalaşmasını.
Neftdən yazan tanınmış qələm sahibləri də, Xəzərdəki milli maraqları digər hadisələrlə qarşılıqlı surətdə təhlil etmiş, bu hövzənin strateji əhəmiyyətinin günü-gündən artması səbəblərini araşdırmışlar. Araşdırmalar nəticəsində də məlum olub ki, ABŞ və Rusiya arasında coğrafi məkan kimi, Xəzər bölgəsi üzərində XXI əsrdə mənafe toqquşması artmaqda davam edir. Bu, geosiyasətin mərkəzində dayanan Azərbaycan dəqiq və milli maraqlarını təmin edən siyasət həyata keçirir.
Bəzi mənbələrdə, Azərbaycanın Xəzər regionunda hərbi təhlükəsizliyi üçün, əsas hədələrə neft boru kəmərləri marşurutlarının etnik münaqişələrə yaxınlığını və siyasi cəhətdən qeyri-sabit zonadan keçməsini, həmçinin neft ixrac edən əsas dövlətlərin Azərbaycan neftinə qısqanclıqla yanaşmasını, onun dünya bazarına çıxmağına əngəl törədilməsinə cəhdlərin göstərilməsi aid edilir.
Bu baxımdan, daha çox, 2001-ci il 11 sentyabr hadisəsi bəşəriyyəti terror haqqında ciddi düşünməyə vadar etdi. Dünyanın altı milyard sakininin gözü qarşısında minlərlə insanın tələf olması əsrlər boyu terrora məruz qalan sivil insanların faciəsini yada saldı. Halbuki, 11 sentyabr hadisəsindən düz bir il əvvəl, 2000-ci ilin sentyabrında ABŞ-da səfərdə olmuş ümummilli liderimiz cənab Heydər Əliyev bu barədə narahatlığını qeyd etmişdi: «Beynəlxalq terrorizm, ekstremizm və aqressiv separatizm indi dünya üçün ən təhlükəli hallardan biridir». Böyük uzaqgörənliklə söylənmiş bu fikir, bəlkə də, o vaxtlar sadə insanlar üçün adi söz yığını kimi görünürdü. Lakin qapıları döyüb, insanları dəhşətə salan bu kabus artıq ironiyanın yersiz oluğunu sübuta yetirmişdir.
Son illərdə baş vermiş terror aktları bir məsələyə də diqqəti cəlb edir – onlar təkcə kimisə aradan götürmək, dağıtmaq və fiziki xələl yetirmək məqsədi güdmürlər, eyni zamanda insanları daha çox qorxutmaq, dəhşətə salmaq, kütləvi psixoz şəraiti yaratmaq məqsədi güdürlər. Qumbold Universitetinin (Berlin) Sosiologiya İnstitutunun professoru Xerfrid Myünklerə əsaslanan R. Cəbiyev yazır: «Zorakılıq problemlərini araşdıran analitiklər hələ yetmişinci illərdə bir məsələyə diqqət yetirirdilər – terrorizmin strategiyasında qorxu, dəhşət, həyəcan və ümid kimi psixoloji effektlər daha böyük əhəmiyyət kəsb edir, nəinki fiziki təsir, maddi ziyan, qətlə yetirilənlərin sayı, təchizat sisteminin sıradan çıxarılması və s.». Məhz bu baxımdan, “Bakı — Tbilisi — Ceyhan” kimi iri layihələri terror təhdidindən qorumaq bu gün çox aktual bir məsələyə çevrilib.
Aparılan tədqiqatlar təsdiq etmişdir ki, Cənubi Qafqazda ən “zəngin terror təcrübəsi” ermənilərə məxsusdur. Erməni terrorunun kökləri 1890-cı ilə və ondan əvvəllərə gedib çıxır. Məhz 1890-cı ildə, inqilabi yönlü kimi xarakterizə olunan erməni partiyası “Daşnaksütyun” yaradılmışdır. Tarix fə sübut edir ki, terror, talançılıq və qətllər bu partiyanın əsas fəaliyyət metodları olmuş və bu gün də olaraq qalmaqdadır. Sonralar erməni terrorçuları öz fəaliyyətlərini «genosidə görə qisas» və «böyük Ermənistan uğrunda mübarizə» kimi formula etmişlər. 70-ci illərin ortalarında daşnaklar bir neçə terrorçu təşkilat yaratmışlar, bunların arasında ən fəalı «ASALA»-dır. Əsası 1967-ci ildə Fransada qoyulmuş bu təşkilat dünyanın müxtəlif yerlərindəki (əsasən Avropadakı) türk diplomatlarına qarşı onlarca qəsd törətmişdir.
SSRİ-nin süqutundan sonra erməni terroru yeni dona girdi. Artıq o, Azərbaycana qarşı həyata keçirilən işğalçı siyasətin əsas vasitələrindən birinə çevrildi.Ermənistanın ənyüksək siyasi dairələri ilə sıx bağlı olan etnik terrorizm artıq «Qarabağ ermənilərinin özünütəyini uğrunda mübarizə» adı altında aparılmağa başlandı.
Bununla da, Ermənistanın seperatcı rejimi Cənubi Qafqazın təhlükəsizliyinə ağır zərbə vurdu. Bu rejim 80-ci illərin sonlarında 250 min azərbaycanlının zorla Ermənistandakı tarixi torpaqlarından qovulmasını, bir milyonadək azərbaycanlının Dağlıq Qarabağdan və ətraf ərazilərdən qovulmasını, Xocalıda bəşəriyyətə qarşı cinayət törədilməsini təşkil etmişdir. Bəzi tədqiqatlara əsaslansaq, 1989-94-cü illərdə erməni terrorçuları tərəfindən Dağlıq Qarabağda müxtəlif nəqliyyat vasitələrinə qarşı 29 böyük terror aktı törədilmiş, 2 mülki vertolyot və 2 təyyarə vurulmuşdur.
Eçmiədzin Kilsəsini də terroru dəstəkləyən təşkilat hesab etmək olar. Bu təşkilatın ən təhlükəli xüsusiyyəti odur ki, o, terrora mənəvi və dini don geyindirməyə çalışır və bununla da bəşəriyyət üçün çox təhlükəli bir tendensiyanın başlanmasına şərait yaradır.
Ümumiyyətlə, Cənubi Qafqazda terror təhlükəsi haqqında çox danışmaq olar. Lakin ABŞ-ın Milli Təhlükəsizlik Strategiyasında əksini tapmış qısa fikir sivil dövlətlərin terrora münasibətini ümumi şəkildə ifadə etməyə kifayət edir: «Biz regional müttəfiqlərimizin terrorçuları təcrid etmək üçün həyata keçirdikləri əlaqələndirilmiş səylərini dəstəkləyirik…». Lakin bu söz olaraq qalmamalı, həm də müasir dünyanı bu təhlükəli bəladan xilas etmək üçün əməli işdə özünü göstərməlidir.
Terrorun əsas qaynaqlarından biri narkotikadır. Dünyanın müxtəlif yerlərində narkotik bitkilərin geniş plantasiyaları vardır. Buradan yığılan məhsul, emal olunub, əsasən, Avropa və Amerika bazarlarına daşınır, əldə olunan böyük vəsait isə adətən silah alınmasına, muzdluların, killerlərin tutulmasına, silahlı terrorçu dəstələrin hazırlanmasına sərf olunur.
«Bakı — Tbilisi — Ceyhan» neft kəməri və digər regional layihələr üçün ən ciddi təhdidlərdən biri isə, nəzarətsiz ərazilər və etnik münaqişələr problemidir. Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, Pankisi, Axalkalaki və Axaltsıx, çeçen — rus, inquş — osetin, çeçen — ləzgi kimi regionun tam və qismən nəzarətsiz ərazilərində kök salmış ekstremist seperatistlər və terroristlər nəinki regionda həyata keçirilən layihələri, eyni zamanda dünyanı, beynəlxalq hüquq normalarını və prinsiplərini terrora, risqə məruz qoyurlar.
Bu neft kəməri üçün ciddi təhdidlərdən biri də, bu regionda külli miqdarda nəzarətsiz silahların olmasıdır. Bu sahədə də ən çox «fərqlənən» respublika da Ermənistandır. 1997-ci ilin 23 avqustunda Rusiya ilə imzalanmış «Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım haqqında» müqavilənin hərbi sahə ilə əlaqədar bəndlərindən istifadə edərək, bu respublika öz hərbi potensialını sürətlə artırır. Onun hərbi potensialına 1997-ci ilin may ayında qüvvəyə minmiş və Ermənistan Respublikasının da qoşulmuş olduğu «Avropada Adi Silahların Məhdudlaşdırılması haqqında Müqavilə»də nəzərdə tutulmamış külli miqdarda silah-sursat daxildir. Ermənistan Respublikasının Dağlıq Qarabağdakı separatistləri — terroristləri təchiz etməsi də təkzibolunmazdır.
Ermənistanın Azərbaycan Respublikasının nəzarətsiz ərazilərində yuva qurmuş separatistlərə silah ötürməsi faktı ABŞ Dövlət Departamentinin də diqqətindən yayınmayıb. Dövlət Departamenti 2001-ci ilin noyabrına olan hesabatında bir cümlə ilə olsa da, Ermənistanı xəbərdar edir: «Ermənistan adi silahların mühüm ixracatçısı deyil, lakin o, Dağlıq Qarabağdakı separatçıları zəruri köməklə, o cümlədən maddi yardımla təmin etmişdir».
Regional münaqişələrin tənzimlənməsi və sabitliyin, sülhün bərqərar olması sosial-iqtisadi inkişafa nail olmaq üçün zəruridir. Cünki Cənubi Qafqaz, xüsusilə Azərbaycan Şərqlə-Qərb arasında bir qapıdır. Eyni zamanda Cənubi Qafqaz çox mürəkkəb bir regiondur. Burada indi üç müstəqil dövlət vardır – Gürcüstan, Azərbaycan, Ermənistan. Təəssüflər olsun ki, hamısında münaqişə vardır. Ən ağır münaqişə Ermənistan-Azərbaycan münaqişəsidir. Çünki bu, iki dövlət arasında olan münaqişədir. Gürcüstanda Abxaziya münaqişəsi, Osetiya münaqişəsi vardır. Bu münaqişələr aradan götürülərsə, Cənubi Qafqaz həm öz strateji imkanlarına görə, həm də ki, təbii sərvətlərinə görə çox sürətlə inkişaf edə bilər.
Doğrudan da, dünyada gedən sosial-iqtisadi, mədəni inteqrasiya prosesi sabitlik tələb edir. Əks halda region dövlətləri bu prosesdən kənarda qala bilərlər. Bu hələ fəlakətin ehtimal olunan ən aşağı səviyyəsidir. Çünki münaqişələr, əsassız iddialar qonşu respublikalara da ayaq aça və beynəlxalq hüququn norma və prinsip¬lərini təhdid edə bilərlər. Bu isə fəlakətin miqyasının genişlənməsinə səbəb ola bilər.
Fikirlərimin davamı kimi, Prezident İlham Əliyevin bu sözlərinə istinad etmək zərurəti yaranır: «Əraziləri genişləndirmək və ətrafda düşmən axtarmaq hisslərinin milli ideya kimi aşılandığı cəmiyyətdə heç vaxt demokratiya və plüralizm kök sala bilməz». Doğrudan da, demokratiya və plüralizm olmayan cəmiyyətdə, heç vaxt mülki sülh, sabitlik və əməkdaşlıq ola bilməz.
Ekstremist şüarlarla çıxış edən separatçılar bu gün tez-tez beynəlxalq hüququn bəzi norma və prinsiplərini birtərəfli yozaraq, onlara istinad edirlər. Halbuki, beynəlxalq hüquq separatizmə «yox!» deyir və milli müqəddərat prinsipini yalnız ərazi bütövlüyü prinsipi əsasında irəli sürür. Fikirlərimizi bəzi beynəlxalq hüquqi aktlarla əsaslandırmaq istərdik:
Bütün elmi araşdırmalardanməlim olur ki, ermənilərin və regionda təhlükəsizliyə xələl gətirən fəaliyyətlə məşğul olan digər separatçıların iddialarının hüquqi, tarixi, iqtisadi, siyasi və mədəni əsasları yoxdur.
Bu neft kəmərinin təhlükəsizliyi haqqında danışarkən bəzi lokal (məhəlli) problemlərə də diqqəti cəlb etmək istərdik. Çünki bu problemlərin dövlətlərarası münasibətlərə və kəmərin təhlükəsizliyinə təsir göstərməsi ehtimalı vardır. Məsələn, tədqiqatlarda sübut olunur ki, «Dövlətin daxilində gedən proseslər, qarşıda duran vəzifələr və yeridilən siyasət onun beynəlxalq münasibətlər sahəsində tutduğu mövqeni, atdığı addımları, yeritdiyi xarici siyasətin istiqamətlərini, xarakterini, prinsiplərini müəyyənləşdirir və şərtləndirir».
1993-cü ilin oktyabrında xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin üzərinə regionun belə gərgin vəziyyətində ağır və məsuliyyətli bir vəzifə qoyuldu. O, ölkəni dirçəltməli idi. Lakin, bunun üçün, xarici və daxili düşmənləri dayandırmaq lazım gəlirdi. Bu isə, böyük bir risk idi. Təsadüfi deyildir ki, həmin illərdə prezidentə və onun komandasına qarşı bir neçə dəfə qəsd və çevriliş cəhdləri olmuşdu. Lakin Heydər Əliyevin ilk böyük xidməti o oldu ki, təhlükəsizlik sahəsində illər boyu qazandığı təcrübədən istifadə edərək o, özünü və komandasını mümkün qədər az itki ilə mühafizə edə bildi. Bununla da düşmənlərin «bir güllə ilə Azərbaycanda rejimi dəyişmək olar» kimi ümidləri ümidsizliyə qovuşdu və ölkədə sabitliyin ilk cücərtiləri baş qaldırdı.
Bu baxımdan, mütəxəssislər hesab edirlər ki, kiçik ərazisinə və əhalisinin az saylılığına baxmayaraq Azərbaycan özünün enerji resursları ilə böyük geosiyasi əhəmiyyət kəsb edir. Öz coğrafi mövqeyi sayəsində Azərbaycan Xəzər dənizi və Orta Asiya sərvətlərinin yerləşdiyi qabın tıxacı rolunu oynayır. Bu potensial imkanlarından istifadə edərək, Azərbaycan ilk növbədə məhz düzgün qurulmuş neft strategiyası sayəsində həm xarici, həm də ki, daxili siyasi təhlükəsiziliyinin təmin olunmasına nail ola bilmişdir. Digər tərəfdən, ölkənin siyasi təhlükəsizliyinin təmin olunması öz növbəsində neft strategiyasının uğurla reallaşdırılmasına müsbət təsir göstərməkdir. Azərbaycanın neft strategiyasına uyğun olaraq, ölkəmizin neft sənayesinə milyardlarla sərmayə qoyan dünyanın neft şirkətləri və onların ölkəmizdəki maraqlarını müdafiə edən müvafiq aparıcı dünya dövlətləri Azərbaycanda sabit siyasi mühitin yaradılmasında maraqlıdırlar. Bunun üçün onlar Azərbaycanda demokratiyanın inkişaf etdirilməsinə, hüquqi dövlətin, vətəndaş cəmiyyətinin qurulmasına yardım göstərməyə çalışırlar.
İndiyədək, regional təhlükəsizliyin və boru kəmərinin özünün təhlükəsizliyinin təmin olunması istiqamətində ölkələr arasında bir çox işlər görülmüşdür ki, onların da sırasında aşağıdakıları göstərmək olar.
– Azərbaycan, Gürcüstan və Türkiyə hökumətləri BTC Ko şirkəti ilə birgə 16 may 2003-cü il tarixində Birgə Bəyanat imzalamışlar.
— Tranzit əraziyə malik ölkə hökumətləri və operator qismində çıxış edən BP şirkəti Türkiyə və Gürcüstan hökumətlərinin də daxil olduqları Üçtərəfli Təhlükəsizlik Komissiyasının işi çərçivəsində müsbət əməkdaşlığa nail olmuş və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin nәzdindә yaradılmış İxrac Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsi ilə insan haqları üzrə iki illik təlim proqramını həyata keçirmişlər. Yəni:
— 13 noyabr 2007-ci ildə Azərbaycan Hökuməti və BP şirkəti arasında İkitərəfli Təhlükəsizlik Protokolu imzalanmışdır. Protokolun imzalanmasına dair razılığın əldə olunması Azərbaycan Hökuməti ilə BP şirkəti arasında aparılmış ikitərəfli müzakirələrin nəticəsidir və təhlükəsizlik sahəsində hökumətlə özəl sektor arasında yaranan əməkdaşlığın beynəlxalq səviyyədə yeni bir təzahürüdür.
BP Azərbaycan şirkətinin prezidenti BillŞreyder öz fikrini belə əsaslandırır: “Biz əminik ki, İkitərəfli Tәhlükәsizlik Protokolunun imzalanması Azərbaycan Hökuməti ilə BP şirkəti arasında əməkdaşlığı yeni və daha yüksək bir səviyyəyə qaldıracaq və beynəlxalq aləmdə qəbul edilmiş insan hüquqları standartlarına hörmət və riayət etməklə bizim birgə layihәlәrimizintəhlükəsizliyini daha da möhkəm¬ləndirəcəkdir” (8, 50).
Təsadüfi deyildir ki, XX əsr Azərbaycan tarixinin ən əlamətdar hadisələrindən biri kimi neft strategiyası çoxsaylı tarixi hadisələrə başlanğıc verdi. Boru kəmərinin təhlükəsizliyi məsələsi də məhz bu strategiyanın tərkib hissəsi olaraq çox böyük siyasi əhəmiyyət kəsb etməyə başladı.
Bəzi mənbələrdə isə, Cənubi Qafqazın daima qeyri-sabit siyasi proseslər məkanı olması əsas götürülərək qeyd edilir ki, Azərbaycan bu amili nəzərə alaraq öz enerji siyasətindən təhlükəsizlik sistemini yüksək səviyyədə təmin etmək məqsədilə gələcəkdə alternativ enerji kəmərlərinin təşkil edilməsinə və digər istiqamətində mövcud olacaq enerji kəmərlərinə qoşulmaq siyasətinə də çalışmalıdır. Bu baxımdan Şərq istiqamətində (Xəzər dənizindən keçməklə Türkmənistan və Qazaxıstanın Çinlə birgə həyata keçirdiyi kəmərlər sisteminə qoşulmaq) və Cənubi istiqamətli (İrandan keçməklə Fars körfəzinə uzana biləcək) enerji kəmərlərinin təşkil edilməsinə çalışmalıdır. Azərbaycan nefti çoxistiqamətli şəkildə ixrac olunmalıdır.
Beləliklə, «Bakı — Tbilisi — Ceyhan» kəmərinin özünün təhlükəsizliyi üç miqyasda təmin olunmalıdır: regional, milli və lokal (məhəlli).
Regional miqyasda təhlükəsizliyin təmin olunması üçün, Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq Paktının imzalanması məqsədəuyğun olardı:
— Pakt Rusiya qoşunlarının bölgədən çıxarılmasınıreallaşdırmalı, işğalın və etnik təmizlənmənin qarşısını almalı, nəticələrini aradan qaldırmalıdır;
— Hər üç Cənubi Qafqaz Respublikası qonşularının sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü hüquqlarına hörmət etməli, təminat verməlidir;
— Regiondakı qaçqınlar öz yurd-yuvalarına qayıtmalı, onların təhlükəsizliyinə zəmanət verilməlidir;
— NATO, Avropa Birliyi, Avropa Şurası, ATƏT kimi təşkilatlar bu prinsiplərə əməl olunmasına zamin durmalıdırlar.
Fikirlərimi yekunlaşdıraraq, qeyd etmək istərdim ki, «Bakı — Tbilisi — Ceyhan» əsas ixrac boru kəmərinin təhlükəsizliyinin təmin olunması kompleks bir məsələdir və bu məsələ regionun ümumi təhlükəsizliyinin, eyni zamanda milli və lokal səviyyələrdə təhlükəsizliyin, stabilliyin təmin olunması ilə vəhdətdə götürülməlidir.
Mirkazım SEYİDOV,
Azərbaycan Milli Elmlər Akademiyasının dissertantı.
araz.az xəbər portalı.