Rusiya prezidenti Vladimir Putin hər ilin sonunda keçirdiyi ənənəvi mətbuat konfransında Dağlıq Qarabağla bağlı əvvəl sərgilədiyi mövqeni bir daha bəyan etdi. Onun sözlərinə görə:
– Dağlıq Qarabağ beynəlxalq hüquqa əsasən Azərbaycanın tərkib hissəsi sayılır;
– Qarabağın statusu dəyişməz olaraq qalmalı və gələcəkdə həll olunmalıdır.
ADR Hərakatının rəhbəri Qubad İbadoğlu Rusiya prezidentinin Qarabağ haqqında dediklərini şərh edib. O, bildirib ki, bu iki fəqli fikir, əslində hər iki tərəfə – həm Ermənistana, həm də Azərbaycana yumşaq dillə desək, mesaj, olduğu kimi təqdim etsək, təhdiddir. “Putin bununla bildirmək istəyir ki, Qarabağın bu günü və gələcəyi tərəflərin özlərini necə aparmasından, daha doğrusu, ruslardan asılıdır. Noyabrın 10-dan etibarən rus qoşunlarının Qarabağda yerləşməsi hər iki ölkənin yaxın gələcəyini Rusiyadan tam asılı vəziyyətə sala bilər”, – Q.İbadoğlu vurğulayıb.
ADR rəhbəri hesab edir ki, hazırkı vəziyyətdə Azərbaycanın Rusiyanın arzuolunmaz təsir dairəsindən çıxmaq üçün edə biləcəkləri Ermənistandan daha çoxdur. Onun sözlərinə görə, Azərbaycan üç sahədə təxirəsalınmaz tədbirlər həyata keçirməlidir:
1. Türkiyə ilə bütün sahələrdə, xüsusilə də hərbidə əməkdaşlıq gücləndirilməli;
2. Maliyyə və insan resurslarından daha rasional istifadə olunmalı;
3. Vətən müharibəsi dövründə siyasi hakimiyyətlə xalq arasında yaranmış həmrəylik qorunmalı və möhkəmləndirilməlidir.
“Belə olan halda biz nələri etməliyik?
1. Türkiyə ilə hərbi mütəffiqlik sazişi imzalamaqla Azərbaycan-Türkiyə Hərbi İttifaqının yaranmasına nail olmalıyıq. Türk ordusunun Azərbaycanda təlim və hazırlıq bazalarını formalaşdırmaqla, peşəkar ordu yaratmalı, silahlı qüvvələrin texniki silahlanma, bilik və bacarıqlarını daim artırmalıyıq.
2. Azərbaycanın üstün maliyyə və insan resurslarına əsaslanmaqla bütün sahələr üzrə gerçək islahatlar aparmalı, milli iqtisadiyyatın şaxələndirilmiş, institutlara bağlı olan dayanıqlı və insan resurslarına əsaslanan davamlı inkişafına nail olmalıyıq. Bu isə heç şübhəsiz ki, təhsilin inkişafından və yeni texnologiyaların mənimsənilməsindən asılı olacaq.
3. Xalqın etimadını doğruldan hakimiyyət komandası formalaşdırmalı, hökumət, məhkəmə, prokurorluq, hüquq mühafizə və ədliyyə sistemi korrupsionerlərdən təmizlənməli, siyasi hakimiyyətlə biznes hakimiyyəti ayrılmalı, parlament müxalif siyasi partiyaları təmsil edən qanun yaradıcılarından, peşəkarlardan ibarət qanunverici instituta çevrilməlidir. Azad biznes, müstəqil vətəndaş cəmiyyəti və mətbuatın inkişafı üçün hüquqi və tənzimləyici baryerlər aradan qaldırılmalı, işsizlik və yoxsulluğa qarşı effektiv mübarizə vasitələri ilə əhalinin rifah halı yaxşılaşdırılmalıdır”.
araz.az xəbər portalı.