Rusiya prezidenti Vladimir Putinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafında başlanan konfliktlə bağlı açıqlamaları həqiqəti əks etdirmir. Cənab Vladimir Putin SSRİ xüsusi təhlükəsizlik orqanının əməkdaşı kimi, 1988-ci ildə Sumqayıtda baş vermiş hadisələrə hüquqi qiymət verməkdən yayınaraq məsələyə uzunmüddətli perspektivə hesablanmış siyasi yanaşma sərgiləyir, tarixi və hüquqi faktların tam əksini dilə gətirməklə Sumqayıt hadisələrində Azərbaycan tərəfi günahkar göstərməyə çalışır. Sözsüz ki, Putin xüsusi təhlükəsizlik orqanının nümayəndəsi kimi, Sumqayıt hadisələrin yaranma səbəbləri və əsl günahkarı haqqında tam məlumatlıdır, ancaq onun Qarabağ konfliktinə dair Sumqayıt hadisələri ilə bağlı həqiqəti əks etdirməyən çıxışları Rusiyanın siyasi məqsədlərinə hesablanmış daha doğrusu, Rusiyanın Azərbaycanla bağlı (Qarabağ kartı) ənənəvi siyasətinin davamıdır. Putin Sumqayıt hadisələrini tez-tez xatırlamaqla ermənilərin azərbaycanlılara qarşı süni yaradılmış nifrətini qorumaq və inkişaf etdirməklə ermənilərlə azərbaycanlılar arasında süni sədd, qorxu və nifrətin mövcudluğunu göstərməyə çalışır və təbliğ edir.
Putinin belə yanaşmasının, sözsüz ki, çoxlu hədəfləri var, onun əsas hədəfi odur ki, Ermənistan və ümumilikdə ermənilər azərbaycanlı təhlükəsini daimi hiss etsin və bu fonda Rusiyanın ermənilərin təhlükəsizliyinin yeganə təminatçısı kimi ona ehtiyacı olsun və bununla da Rusiyanın Ermənistanda mövcudluğu daimi şəkildə təmin edilsin.
Ermənistanın Azərbaycan qarşısında acı məğlubiyyəti fonunda erməni baş naziri Nikol Paşinyanın hakimiyyətdə qalması və ölkəsi daxilində onun reytinqinin 38%-ə yaxın olması onu göstərir ki, ölkədə Ermənistanın qərbə inteqrasiyasının tərəfdarları olduqca çoxdur, əhalinin həmin 38%-i Qarabağ konfliktinin həllində maraqlıdır, onlar üçün Qarabağ Ermənistanın hər tərəfli inkişafını əngəlləyən, müstəqilliyini formal hala salan, Ermənistanı faktiki Rusiyanın bir əyalətinə çevirməyə imkan və şərait yaradan Qarabağ konfliktindən xilas olmaq faktiki olaraq Ermənistan respublikasını yenidən qazanmağa bərabərdir. Ermənistanda son günlərdə daha çox aktivləşən bir sıra qərb yönümlü “Sorosçu” partiyalarının Rusiya boyunduruğundan xilası üçün mitinqlər keçirilir və bu mitinqlərdə iştirakçıların sayı Paşinyana qarşı təşkil edilən mitinqlərdəki iştirakçıların sayından çox olur və digər siyasi proseslər əlbəttə Rusiyanı, Putini narahat edir, Putin Sumqayıt hadisələrini özünəməxsus şəkildə təqdim etməklə regionda Ermənistanın təhlükəsizliyinə ancaq rusların zəmanət ola biləcəyinə israrla işarə edir və vəziyyəti nəzarətdə saxlamağa çalışır.
Digər tərəfdən də, Putin Qarabağ konfliktinin tam həll olmasında heç cürə maraqlı deyil və iki millətin bərabər qonşuluq şəraitində yaşamağının mümkünsüzlüynü göstərməklə Rusiya sülhməramlılarının, daha doğrusu rus ordusunun Qarabağda yəni, Azərbaycanda uzun müddətə qalmasına zəmin və ehtiyacı yaratmaqdır. Göründüyü kimi, Putin üçün Qarabağ kartı və Sumqayıt hadisələrini ardıcıllıqla tez-tez xatırlatması ancaq və ancaq Rusiyanın bu iki cənubi Qafqaz respublikaları Ermənistan və Azərbaycan ərazisində hərbi-siyasi mövcudluğuna imkan verən amil və vasitənin qorunmasına hesablanıb. Təbii ki, Putinin Sumqayıt hadisələrini yerli yersiz xatırlatması və özü də tarixi, hüquqi faktların tam əksinə qeyd etməsi bir daha onu göstərir ki, Rusiya Dağlıq Qarabağ konfliktinin həllində maraqlı deyil və maraqlı ola da bilməz. Odur ki, Rusiya prezidentinin Sumqayıt hadisələrini tam yanlış istiqamətdə dəfələrlə səsləndirməsinin əsl hədəflərini anlamayan demək olar ki, yoxdur. Ancaq, Putin də hər düşən imkanda erməni-azərbaycanlı qarşıdurmasını, gərginliyini saxlamaqda və deyərdim ki, müəyyən qədərdə dərinləşdirməkdə maraqlıdır. Ancaq məlum səbəblərdən Rusiya bölgədə onun maraqlarını yandıra bilən müharibənin alovlanmasına maraqlı deyil, nəzarət edə biləcəyi erməni-azərbaycanlı qarşıdurmasına isə olduqca maraqlıdır.
Cinayət işi ilə təsdiqini tapmış 1988-ci ildə SSRİ və o cümlədən Ermənistan xüsusi xidmət orqanlarının Sumqayıt provokasiyası barədə Vladimir Putinin tarixi və hüquqi faktları inkar edərək həqiqəti əks etdirməyən açıqlamaları məni bir azərbaycanlı kimi narahat edir. Buna görə də mən, Vladimir Putinə müraciət edərək ona öz etirazımı ünvanladım və etirazımda 1988-ci il Sumqayıt hadisələri ilə bağlı həqiqətləri (onsuz da Sumqayıt hadisələrinin əsl mahiyyəti Putinə bəllidir) və hadisə ilə bağlı yüksək rütbəli rus generallarının rəsmi açıqlamalarını da qeyd etdim.
Əlavə olaraq qeyd edim ki, Sumqayıt hadisələri barədə əsl həqiqətləri Rusiyanın 6 (altı) ən yüksək reytinqli qəzetlərinə “Moskovskiy komsomoleç”, “Rossiyskaya qazeta”, “Kommersant”, “İzvestiya”, “Arqumentı i faktı” və “Ekspres qazeta”-ya ünvanladım və Sumqayıt hadisələri ilə bağlı həqiqətlər barədə məlumat verəcəklərinə ümid etdiyimi bildirdim.
Vüqar DADAŞOV,
Qarabağ qazisi, hüquqşünas.
21.12.2020
araz.az xəbər portalı.