Prezident İlham Əliyevin parlaq liderliyi və müdrikliyi Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsini təmin etdi.
araz.az Azsiyasət.com-a istinadən xəbər verir ki, bunu amerikalı ekspert, “Caspian Group Holdings”in baş direktoru Rob Sobhani deyib.
O hesab edir ki, Azərbaycanın qələbəsi bir-biri ilə əlaqəli amillərə əsaslanıb:
“Birinci amil Prezident İlham Əliyevin parlaq liderliyidir. O, sanki, dünya arenasında vakuumu hiss etdi. Mən bunu Minsk qrupu həmsədr ölkələrinin liderlik vakuumu adlandırıram. İkinci amil Prezident İlham Əliyevin Azərbaycanın xarici siyasətini həyata keçirərkən göstərdiyi müdriklikdir. Ermənistanın təcrübəsiz baş naziri Nikol Paşinyandan fərqli olaraq Prezident İlham Əliyev iki regional iştirakçı, yəni Rusiya və Türkiyə ilə dostluq münasibətlərini dəstəklədi. İkinci Qarabağ müharibəsinin “ədalətli müharibə” olması barədə rasional arqumentlər gətirməklə Azərbaycan Prezidenti bu iki vacib dövlətin dəstəyini təmin edə bildi. Üçüncüsü, hesab edirəm ki, Azərbaycanın İsraillə münasibətləri də vacib rol oynadı. İsrailin hərbi-sənaye kompleksinin texnoloji üsünlüyünü Prezident İlham Əliyev əvvəldən etiraf etmişdi. Azərbaycanın qələbəsinə gətirib çıxarmış dördüncü vacib amil müasir pilotsuz uçuş aparatlarında istifadə olunmuş innovativ texnologiyalar idi. Müasir texnologiyaların tətbiqi hərbi güc balansını Azərbaycanın xeyrinə dəyişmiş vacib amil idi. Bu, Azərbaycanın gələcəyi üçün çox vacib dərsdir: biotexnologiyalar, süni intellekt, elektromobillər üçün akkumulyatorlar kimi innovativ və yaradıcı texnologiyalara investisiya qoymaq. Sonuncu amil – biz heç vaxt unutmamalıyıq ki, İkinc Qarabağ müharibəsində qələbə Azərbaycanın qəhrəman əsgərlərinin rəşadəti sayəsində qazanıldı”.
Ekspert əlavə edib ki, Qarabağın bərpası və inkişafı əsas prioritet olacaq:
“Beləliklə, hazırda zəruri olan “Qarabağ üçün Marşall planı”dır. Qarabağda yol, körpü, elektrik enerjisi istehsalı, su ehtiyatlarının idarə olunması, nəqliyyat əlaqəsi və turizm kimi iri infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün ABŞ, Çin, Yaponiya və Cənubi Koreya kimi dövlətləri dəvət etmək lazımdır. Azərbaycanın indi edə biləcəyi iş dövlət-özəl sektor tərəfdaşlığı əsasında maliyyələşdirilməsi üçün banklara təqdim olunacaq konkret layihələri müəyyənləşdirməkdir. Məsələn, ölkə Şuşada Günəş panelləri və akkumluyatorların istehsalı üzrə obyektlərin texniki-iqtisadi əsaslandırmasını təqdim edə bilər. Bu, Avropa İnvestisiya Bankı üçün böyük maraq kəsb edəcək. Qarabağın və ətraf ərazilərin işğaldan azad edilməsi həmin rayonlarda kiçik və orta müəssisələrin öz məhsulunu elektron ticarət portalları vasitəsilə dünya bazarlarında satışı məqsədilə Bakıya nəql etməsi üçün tarixi imkan yaradır. Yaponiya, Çin və ya Fransadan texnologiyaların istifadəsi ilə yüksək sürətli dəmir yolu əlaqəsi Bakı ilə Qarabağı birləşdirə bilər”.
araz.az
araz.az xəbər portalı.