zengezur 1

Azərbaycan Respublikasının Prezidenti 10 dekabrda Bakıda keçirilən Zəfər Paradında zamanında Azərbaycandan zorla qoparılaraq Ermənistana verilmiş Zəngəzur bölgəsinin və İrəvan şəhərlərinin tarixi Azərbaycan torpaqları olduğunu qeyd etdi.

Bu fikirlərdən sonra Azərbaycan siyasi sferasında Zəngəzurla bağlı bir sıra fikirlər səsləndi. Həmin fikirlərdən biri də 1988-ci ilədək həmin ərazilərdə yaşamış azərbaycanlıların oraya qaytarılması və muxtariyyət məsələsinin gündəmə gətirilməsi təklifi olub.

Təkliflərə əsasən Zəngəzurda azərbaycanlılara muxtariyyət verilə, Dağlıq Qarabağda isə eyni hüquq ermənilər üçün tanına bilər.

Maraqlıdır, bu təklif nə qədər realdır? Bu proses baş tutarsa, kövrək atəşkəsə necə təsir göstərə bilər?

Məsələyə münasibət bildirən Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli “Cümhuriyət”ə açıqlamasında deyib ki, Zəngəzura, İrəvana və Azərbaycan əraziləri olmuş digər yerlərə azərbaycanlıların qaytarılması beynəlxalq hüquqa uyğundur:bandicam 2020 12 24 17 41 45 100

“Zamanında ermənilər tərəfindən Zəngəzur və ətraf rayonlardan deportasiya edilmiş Azərbaycan əhalisinin yenidən həmin ərazilərə qaytarılması beynəlxalq hüquqa uyğun olan yanaşmadır. İndiki Ermənistan sərhədlərinə daxil olan ərazilərin demək olar ki, hamısında azərbaycanlılar yaşayıb. Zəngəzur, Göyçə, Ağbaba, Vedibasar rayonlarında və İrəvan şəhərində azərbaycanlılar yaşayıb. Çünki bunlar bizim torpaqlardır. Bu ərazilərdə elə bir yer yoxdur ki, azərbaycanlılar yaşamamış olsun. Lakin bu gün azərbaycanlıların qaytarılması real görünən ərazi Zəngəzurdur. Bu ərazi 1920-ci ildə Sovetlər İttifaqının xüsusi qərarı ilə Azərbaycan tərkibindən qoparılaraq Ermənistana verildi. Onun ardında Mehri rayonu da eyni aqibətlə üzləşdi. Bunlar hamısı son dövrün tarixləridir və arxivlərdə mövcuddur. Ona görə də hesab edirəm ki, bu ədaləti bərpa etmək elə də çətin deyil. Ona görə də biz ermənilərin ərazi iddialarına qarşı bu əsaslı iddiamızı ortaya qoymalıyıq”.

Politoloq hesab edir ki, qarşılıqlı muxtariyyət məsələsinin üzərində işləmək məqsədəuyğun olar:

“Əgər Zəngəzura muxtariyyət verilərək azərbaycanlıların oraya qaytarılmasından söhbət gedirsə, deməli, Dağlıq Qarabağda ermənilərə muxtariyyət verilməsi də gündəmdədir. Belə olan təqdirdə assimmetrik muxtariyyətdən söhbət gedir. Yəni Zəngəzurda azərbaycanlılara muxtariyyət verilir, Dağlıq Qarabağda da ermənilərə. Hesab edirəm ki, bunun üzərində işləməyə dəyər. Azərbaycan burada nə qədər ərazidə ermənilərə muxtariyyət hüququ verəcəksə, orada da azərbaycanlıların o qədər muxtariyyət hüququ tanınacaq. Bir də bu prosesin kövrək olan atəşkəs prosesinə necə təsir etmə məsələsi var. Çünki Ermənistanda bəzi radikallar bu prosesə müqavimət göstərəcəklər”.

araz.az xəbər portalı.