Azərbaycan dövləti həm də dünyada yaşayan 50 milyondan artıq soydaşımızın doğma evi və müstəqil dövləti sayılır. Azərbaycan bir neçə dəfə dünyada yaşayan soydaşlarımızın iştirakı ilə keçirilən qurultaylara ev sahibliyi edib. Əvvəlcə həmin qurultayların keçirildiyi tarixlərə və onların yekununda qəbul edən qərarlara kiçik ekskurs edək.
Birinci Qurultay və qəbul edilən mühüm sənədlər…
Dünya Azərbaycanlılarının I Qurultayı “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli, 724 nömrəli Sərəncamına əsasən 2001-ci il noyabr ayının 9-10-da Bakı şəhərində keçirilib. Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirilib və mərhum Heydər Əliyev Şuranın sədri seçilib. Dünya Azərbaycanlılarının I Qurultayında 36 xarici dövlətdə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil etməklə, 406 nümayəndə və 63 qonaq iştirak edib. 2001-ci il noyabrın 9-da, qurultayın ilk iş günündə Azərbaycan Respublikasının o zamankı Prezidenti Heydər Əliyev geniş nitq söyləyib. O, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi yolunda həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələrdən ətraflı bəhs edib. Heydər Əliyev dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi zərurəti, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və inkişaf etdirilməsi haqqında öz fikirlərini söyləyib. Mərhum Heydər Əliyevin nitqi qurultay iştirakçıları tərəfindən böyük məmnuniyyətlə dinlənilib və ruh yüksəkliyi ilə qarşılanıb. Dünyanın müxtəlif ölkələrindən gəlmiş nümayəndələr qurultayda çıxış edərək, dünya azərbaycanlılarının I qurultayını alqışlayıb və azərbaycanlıların milli birliyi, həmrəyliyi, azərbaycançılıq ideyası ətrafında birləşmək haqqında Azərbaycanın dövlət başçısının fikirlərinə şərik olduqlarını bildiriblər. Noyabrın 10-da öz işini başa vuran qurultay Dünya Azərbaycanlılarının I Qurultayının qətnaməsi, Qurultay nümayəndələrinin bütün dünya azərbaycanlılarına müraciəti, Qurultay iştirakçılarının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət rəhbərlərinə və parlamentlərinə müraciəti, Dünya Azərbaycanlılarının I Qurultayının Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə müraciəti adlı sənədlərini qəbul edib. Qurultay 103 nəfərdən ibarət Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasını və onun 23 nəfərdən ibarət İdarə Heyətini, İdarə Heyətinin sədrini və dörd müavinini seçib.
İkinci Qurultayda İlham Əliyevin tarixi nitqi…
Dünya Azərbaycanlılarının II Qurultayı “Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2006-cı il tarixli, 1291 nömrəli Sərəncamına əsasən 2006-cı il mart ayının 16-da Bakı şəhərində keçirilib. Bu qurultayda Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçilib. Qurultay nümayəndələri və qonaqlar yaşadıqları ölkələrin ictimai-siyasi, iqtisadi və mədəni həyatının müxtəlif sahələrində fəal iştirak edən, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə daim dəstək verən tanınmış alimlər və ziyalılar, iş adamları, müxtəlif ölkələrin parlament üzvləri, siyasi və ictimai xadimlər, bir sözlə, Azərbaycanı sevən, onun inkişafını və tərəqqisini arzulayan insanlar olub. Qurultay 109 nəfərdən ibarət Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının və 23 nəfərdən ibarət İdarə Heyətinin yeni tərkibini təsdiqləyib. Azərbaycan Prezidenti İlham Əliyev yekdilliklə Dünya Azərbaycanlılarını Əlaqdələndirmə Şurasının sədri seçilib. Prezident İlham Əliyevin qurultaydakı tarixi nitqi xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və diaspor quruculuğu siyasətinin yeni mərhələsinin başlıca istiqamətlərini və bu mərhələdə qarşıda duran vəzifələri müəyyənləşdirib. Azərbaycan Prezidentinin nitqindəki tövsiyə və tapşırıqlar Azərbaycan diasporunun yeni dövrdəki fəaliyyətinin ideoloji təməlini təşkil etməklə yanaşı, dünya azərbaycanlılarının birliyinin konseptual əsaslarının milli dövlətçilik ideologiyası müstəvisində formalaşmasının tarixi-siyasi əhəmiyyətini daha dəqiq qiymətləndirmək imkanı yaratdı. Azərbaycan Prezidentinin Sərəncamı ilə Dünya Azərbaycanlılarının həmrəyliyi sahəsindəki xidmətlərinə görə bir qrup diaspor fəalı Şöhrət ordeni və Tərəqqi medalı ilə təltif edilib. II Qurultay dünya azərbaycanlılarının Prezident İlham Əliyevin və onun timsalında müstəqil Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini əyani olaraq sübut etdı. Qəbul olunmuş qərarların mahiyyəti, müzakirələrin ümumi gedişi və əldə olunmuş nəticələr dünya azərbaycanlıları arasında davamlı siyasi həmrəyliyin və birliyin təməlinin kifayət qədər möhkəm olmasını, ictimai statusundan, siyasi baxışlarından, əqidə və dünyagörüşündən asılı olmayaraq, azərbaycançılıq ideologiyasının bütün azərbaycanlıları öz ətrafında birləşdirə bilən ümummilli konsepsiya kimi böyük təsir gücünə malik olduğunu təsdiqlədi. Qurultayda Azərbaycan və türk diasporlarının birgə fəaliyyət strategiyasının müəyyənləşdirilməsi məsələsinin geniş müzakirəyə çıxarılması və Qətnaməyə bununla əlaqədar xüsusi müddəanın daxil edilməsi böyük uğur kimi dəyərləndirilməlidir. Qəbul olunmuş qərarlarda və natiqlərin çıxışlarında dünya azərbaycanlılarının Prezident İlham Əliyevin Qarabağ münaqişəsinin həlli, işğal olunmuş ərazilərin geri qaytarılması istiqamətində fəaliyyətini birmənalı şəkildə dəstəklədikləri bir daha vurğulanıb.
Üçüncü Qurultay və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilən qərarlar…
“Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2011-ci il tarixli, 1293 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı Tədbirlər Planı”na əsasən, III Qurultay 2011-ci il iyul ayının 5-6-da Bakı şəhərində keçirilib.
Qurultayda 42 ölkədən 1272 nümayəndə, 579 təmsilçi və 211 qonaq iştirak edib. Qurultay nümayəndələrinin 182 nəfəri xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan icma və birliklərinin rəhbərləri olub. Qurultayda Azərbaycan Respublikasının bütün bölgələrindən olan nümayəndələr də iştirak edib. Dünya Azərbaycanlılarının III Qurultayının yekununda bir sıra qərarlar qəbul edilib. Qəbul edilən sənədlər arasında qurultayın ümumi müraciəti, qurultayın dünya azərbaycanlılarına, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xarici ölkə parlamentlərinə müraciətləri də var.
Dördüncü Qurultayda “Metsamor” AES-lə bağlı müraciət də qəbul olunub…
2016-cı il iyun 3-də Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının IV Qurultayının rəsmi açılış mərasimi olub. Dünya Azərbaycanlılarının IV Qurultayında 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edib. Qonaqların içərisində xarici ölkələrin Azərbaycana dost münasibəti ilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də olub.
Prezident İlham Əliyev qurultayın açılış mərasimində iştirak edərək nitq söyləyib. Daha sonra qurultay gənclər, informasiya müharibəsi və sairə mövzularda panel müzakirəsi ilə davam edib. “Müasir dövrdə informasiya müharibəsi – müdafiədən hücuma: şərtlər, siyasi reallıqlar və yeni fəaliyyət mexanizmləri”, “Keçmişin təcrübəsi və müasir düşüncə – Azərbaycan diaspor hərəkatında gənclər: yeni baxış və yeni strategiya”, “Lobbi quruculuğu: dəyişən geosiyasi reallıqlar yeni qlobal iqtisadi tendensiyalar kontekstində”, “Cəmiyyətə inteqrasiya və siyasi həyatda iştirak” mövzularında da panel iclasları keçirilib.
İştirakçılar qurultayın qətnaməsini, qurultay nümayəndələri adından Prezident İlham Əliyevə müraciət qəbul edib. Dünya azərbaycanlılarına ünvanlanan müraciətdə isə qurultay nümayəndələri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət başçılarına və parlamentlərinə və qurultayın Ermənistanda yerləşən “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyəti ilə bağlı BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinə, Avropa İttifaqına və dünya ictimaiyyətinə müraciətini yekdilliklə qəbul ediblər.
Virtual Qurultay zərurəti…
Göründüyü kimi, hər 5 ildən bir Bakı dünya azərbaycanlılarının qurultaylarına ev sahibliyi edib. Artıq növbəti qurultayın da vaxtı yetişib. Eyni zamanda, Azərbaycan ətrafındakı reallıqlar da tam dəyişib. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib, Vətən müharibəsində böyük zəfər qazanıb. Bütn bunlarla bağlı dünya azərbaycanllıarının bir yerə toplaşması və gələcək fəaliyyyət istiqamətlərini müəyyənləşdirməsinə ehtiyac duyulur. Bəllidir ki, pandemiya şəraitində belə tədbirin keçirilməsi bir qədər çətindir. Dünya Azərbaycanlıların videokonfrans formatında növbəti qurultayının keçirilməsi diasporun yeni fəaliyyət istiqamətlərinin formalaşmasına hansı təsirləri göstərə bilər?
“Həm zamanı yetişib, həm də mövcud reallıqlar bunu tələb edir”
İndiyə qədər keçirilən bütün qurultayların iştirakçısı olmuş, diaspor quruculuğu ilə bağlı iki ali dövlət mükafatına layiq görülən diaspor fəalı Mirkazım Seyidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, yeni qurultayın keçirilməsi ilə bağlı ciddi zərurət ortaya çıxıb: “Həm zamanı yetişib, həm də mövcud reallıqlar bunu tələb edir. Mən indiyə qədər keçirilən qurultaylarda iştirak etmişəm. Şahidi olmuşam ki, həmin qurultaylar diasporumuzun fəaliyyətinə necə müsbət təkanlar verib. Çünki hər yeni qurultayın keçirilməsi qarşıya yeni proqramların və vəzifələrin qoyulması anlamına gəlir. Mən, xüsusilə indiki zamanda belə bir tədbirin keçirilməsini zəruri sayıram. Çünki Azərbaycan özü üçün yeni tarix yazıb. Bu sevinci, bundan doğan nəticələri mütləq diasporumuzla müzakirə etməliyik. Etiraf edək ki, müharibə dönəmində də bütün dünya azərbaycanlıları dövlətimizin yanında oldu, əlindən gələn dəstəyi əsirgəmədi. Mən başa düşürəm ki, indiki pandemiya şəraitində belə bir tədbirin keçirilməsi çətindir. Çünki ölkələr arasında gediş-gəliş çətinləşib. Lakin artıq alternativ var. Bu tədbirin onlayn formatda keçirilməsi mümkündür”.
“Diaspor fəaliyyəti koordinasiyanı mütləq edir”
Ekspertin sözlərinə görə, post-müharibə dönəmi eyni zamanda dövlətin və diasporumuzun qarşısında ciddi tələblər qoyur: “Çünki erməni diasporu bütün sahələrdə üzərimizə daha mütəşəkkil hücumlar təşkil edəcək. Bütün bunların neytrallaşdırılması birgə fəaliyyət və istiqamətlərin düzgün müəyyənləşdirilməsini tələb edir. Bunun üçün də, virtual da olsa, biz həmin tədbiri keçirməliyik. Bundan bizim qazancımız daha çox olar. Diaspor fəaliyyəti koordinasiyanı mütləq edir. Ən gözəl əlaqələndirməni isə dünya azərbaycanlılarının lideri cənab İlham Əliyev qurultayda verəcəyi tezislərlə müəyyən edə bilər”.
Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur
araz.az xəbər portalı.