Bakıdan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev Prezident İlham Əliyevə müraciət ünvanlayıb:
“Doğma Qarabağın, onun dilbər guşəsi Şuşanın düşməndən azad edilməsi və Vətən müharibəsinin tarixi qələbə ilə başa çatması hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratmışdır.
Mötəbər tribunalardan səsləndirdiyiniz “Qarabağ Azərbaycandır!” şüarı qələbəmizin əsasına çevrilən milli birliyimizi və həmrəyliyimizi daha da möhkəmləndirdi. Döyüş əməliyyatlarının aparıldığı bütün müddət ərzində cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik və vətənpərvərlik ruhu xalqımızın Sizin ətrafınızda sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda Azərbaycanın bütün dünyaya ciddi mesajı kimi qəbul edildi.
Sizin çağırışınıza səs verən on minlərlə vətənpərvər gəncin Vətən torpaqları uğrunda döyüşmək üçün könüllü cəbhəyə yollanması, müharibədə əsgər və zabitlərimizin göstərdiyi şücaətlər xalqımızın qəhrəmanlıq nümunələri hesab olunur. Bu gün hamılıqla etiraf edilir ki, 44 günlük müharibədə xalqın Prezidenti və Ordunun Ali Baş Komandanı kimi Sizə dərin inamı Vətən müharibəsinin tarixi qələbə ilə başa çatmasında mühüm rol oynamışdır. Şəhər və kəndlərimizin düşməndən azad edilməsi barədə məlumatların mütəmadi olaraq Sizin tərəfinizdən əhaliyə çatdırılması ordumuzu və xalqımızı daha böyük uğurlara səsləmişdir. Əsgər analarının həmin günlərdə göstərdiyi mətinlik və Vətən sevgisi hələ bundan sonra uzun müddət müharibələr tarixində ciddi fenomen olaraq qalacaqdır.
Sizin gündəlik rəhbərliyiniz altında güclü Azərbaycan Ordusunun yaradılması, onun ən müasir hərbi texnika və silah-sursatla təmin edilməsi, şəxsi heyətin peşəkarlıq səviyyəsinin günbəgün yüksəldilməsi, Ordu ilə xalqın vəhdətinin təmin edilməsi möhtəşəm qələbəmizin kökündə dayanan həqiqətlərdir. Azərbaycan Ordusu Vətən müharibəsində qazandığı qələbəsi ilə dünyanın ən güclü, müasir, hazırlıqlı, yüksək döyüş qabiliyyətinə malik olan orduları sırasında layiqli yer tutduğunu əyani şəkildə sübuta yetirdi. Bunu Azərbaycanı istəməyən qüvvələr də etiraf etmək məcburiyyətindədirlər. Artıq indidən Ordumuzun döyüş əməliyyatlarında tətbiq etdiyi strategiya və taktika digər ölkələrin hərbi strukturları tərəfindən öyrənilməyə başlanılmışdır.
Ermənistanın işğalçı siyasətinin ən mötəbər beynəlxalq tədbirlərdə tutarlı şəkildə ifşa edilməsi Sizin diplomatiya sahəsində böyük uğurlarınız sırasındadır. Həyata keçirdiyiniz gərgin diplomatik səylər nəticəsində tərəqqipərvər dünya birliyi tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi Vətən müharibəsində əldə etdiyimiz böyük qələbənin beynəlxalq əhəmiyyətini durmadan artırır.
Sizin Ulu Öndər, müdrik dövlət başçısı Heydər Əliyevin siyasi varisi kimi zəngin təcrübəniz və yüksək liderlik keyfiyyətləriniz, xalq arasında və dünyada böyük nüfuzunuz doğma Qarabağ uğrunda savaşda uğurlarımızın əsas şərti olmuşdur.
Rəşadətli Azərbaycan Ordusunun zəfər yürüşü, Qarabağın işğaldan azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Azərbaycan xalqı əmindir ki, savaş meydanında əldə etdiyimiz tarixi qələbənin ardınca Azərbaycanı daha böyük gələcək, daha firavan həyat gözləyir. Döyüş əməliyyatları başa çatdıqdan sonra Vətən müharibəsində qələbə münasibətilə Zəfər, Anım günlərinin, dövlət mükafatlarının təsis edilməsi, möhtəşəm hərbi paradın keçirilməsi, şəhid ailələrinə dövlət qayğısı və digər tədbirlər cəmiyyət tərəfindən yüksək qiymətləndirilir”.
Xüsusilə vurğulanmalıdır ki, müqəddəs torpaqlarımız uğrunda Vətən müharibəsində qazandığımız şanlı qələbə sayəsində Azərbaycan xalqı milli qürurunu özünə qaytardı, qalib xalq adını qazandı. Bu qələbənin müəllifi də, ilham mənbəyi də Sizsiniz.
…Özünü Heydər Əliyev vətənpərvərlik və peşəkarlıq məktəbinin davamçıları hesab edən Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti müharibənin ilk günündən hər iki cəbhədə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, döyüşən ordunun kəşfiyyat və digər zəruri məlumatlarla təmin edilməsində, terror-təxribat əməllərinin qarşısının alınması və digər fəaliyyət sahələrində bütün imkanlarını tam səfərbər etmişdir. Daim Sizin diqqət və qayğınız altında fəaliyyət göstərən Xidmətin bir qrup əməkdaşı əldə olunmuş möhtəşəm qələbə münasibətilə Sizin tərəfinizdən ali hərbi rütbələrə və yüksək dövlət mükafatlarına layiq görülmüşdür. Göstərdiyiniz ali etimada və yüksək dövlət təltiflərinə görə Sizə minnətdarlığımızı bildirir, Vətənimiz Azərbaycanın təhlükəsizliyinin etibarlı təminatı sahəsində qarşımıza qoyulmuş vəzifələri bundan sonra da yüksək əzm və şərəflə yerinə yetirəcəyimizə Sizi qəti əmin edirik.
Allah Sizi və Azərbaycanı qorusun!”
Baki-xeber.com
araz.az xəbər portalı.