big 1609001406 mus

 
Rusiyanın geniş oxucu auditoriyasına malik olan nüfuzlu “Nasionalnaya oborona” jurnalında “İkinci Qarabağ müharibəsi: Azərbaycan zəfər çaldı, Ermənistan təslim oldu” sərlövhəli məqalə dərc edilib.
araz.az axar.az-a istinadən xəbər verir ki, müəllifləri Yevgeni Krutikov və Vladislav Listovski olan materialda Dağlıq Qarabağda 44 günlük silahlı münaqişənin erməni tərəfinin tam məğlubiyyəti və Nikol Paşinyanın faktiki kapitulyasiyası ilə başa çatmasından bəhs olunur. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Döyüş əməliyyatlarının yekununa və imzalanan üçtərəfli bəyanata müvafiq olaraq, Ermənistan belə adlandırılan “təhlükəsizlik kəməri” (erməni qoşunları tərəfindən işğal edilən Azərbaycanın yeddi rayonu) və Dağlıq Qarabağ üzərində nəzarəti itirib. Hərbi uğursuzluqlar nəticəsində Ermənistanda kəskin siyasi böhran yaranıb.

Erməni tərəfinin məğlub olmasının səbəblərini təhlil edən müəlliflər yazır ki, qondarma “DQR”də və Ermənistanın özündə ermənilər psixoloji səviyyədə 1994-cü ilin qələbəsi barədə xatirələrə arxayın idilər. 2020-ci il üçün olan vəziyyətə görə Azərbaycan Ordusunun həm sayca, həm də keyfiyyətcə aşkar üstünlüyünə baxmayaraq, Xankəndidə və İrəvanda “biz o vaxt qələbə qazandıq, indi də Bakıyadək gedib çıxacağıq” kimi xülyalarla yaşayırdılar.
Məqalədə qeyd olunur ki, indiki müharibədə Ermənistanın məğlubiyyət səbəbləri strategiya, kəşfiyyat və qismən də psixologiya məsələlərinə əsaslanır. Ermənistanın müharibəyə tamamilə hazırlıqsız vəziyyətdə olması ortaya çıxdı. Hərbi əməliyyatların artıq beşinci günündə İrəvanda etiraf etdilər ki, döyüşməkdən imtina edən 1500 erməni hərbi qulluqçu fərarilik edib. Müharibənin sonuna yaxın erməni fərarilərinin sayı artıq 10 min nəfərə bərabər idi. Özü də bütün səhvlərin bir hissəsi təkcə Paşinyan hakimiyyəti dövrünə deyil, həm də onun sələfləri – Robert Köçəryan və Serj Sərkisyan dövrünə də aid edilir. Lakin etiraf etmək lazımdır ki, məhz Nikol Paşinyan Azərbaycanı həmişə təhrik edərək, müharibənin reallığa çevrilməsi üçün əlindən gələni etdi.
Məqalədə vurğulanır ki, qondarma “dqr”in hava hücumuna qarşı müdafiə sistemi İsrail və Türkiyə istehsalı olan yüzlərə dronun qarşısında effektli müqavimət göstərə bilmədi. Erməni ordusu qarşı tərəfin zərbə pilotsuz uçuş aparatlarının və hava patrulu xidməti üçün silah-sursatın təsirindən quruda ağır itkilərə məruz qaldı. Həm də azərbaycanlılar ermənilərin hava hücumuna qarşı müdafiə sistemi mövqelərinə raket və uzaqvuran artilleriya silahlarından məqsədyönlü şəkildə zərbələr endirirdilər.
Məqalədə qeyd olunur ki, Azərbaycan Ordusu səhra zonasında uğurla irəliləyəndən sonra ümumi potensialını qoruyub saxlamışdı. Bakıda güman edirdilər ki, ermənilərin ehtiyatları tükənib, onların səfərbərlik planı pozulub. Bununla belə, düşmənin silah-sursat anbarlarını uğurla məhv edən artilleriya resursu düzgün şəkildə istifadə olunurdu. Bu, erməni tərəfinin ehtiyatının azalması və onların müdafiə potensialının böhran dərəcəsində zəifləməsi ilə nəticələndi.
Müəlliflər yazırlar: “İrəvan bu müharibədə faktiki olaraq uduzmasını artıq başa düşəndə Ermənistan ərazisindən Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən şəhərlərinə gecə saatlarında bir neçə raket zərbəsi endirildi. “Toçka-U” və “Elbrus” operativ-taktiki raket komplekslərindən istifadə olunmaqla endirilən raket hücumlarına, əsasən, Gəncə (Azərbaycanın ikinci böyük şəhəri) və Mingəçevir məruz qaldı. Bu, Azərbaycanı analoji hərbi cavaba təhrik etmək, sonra isə “təcavüz qurbanı” qismində kömək üçün Rusiya və KTMT-yə müraciət etmək məqsədi daşıyırdı. Lakin bu taktika Ermənistana uğur gətirmədi, Bakıda bəyan etdilər ki, onlar Ermənistan şəhərlərinə hücum etməyəcək və düşmənlə döyüş meydanında savaşacaqlar”.
 
 
 
araz.az

 

araz.az xəbər portalı.