Gürcüstan 2024-cü ildə AB-nin üzvü olmaq üçün müraciət edəcəyini açıqlayıb. Maraqlıdır, qarşıdan gələn illərdə Azərbaycan da AB-yə üzvü olmaq üçün müraciət edə bilərmi?
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirib ki, AB-yə üzv olmaq həm çətin, həm də ciddi bir məsələdir:
“Gürcüstanın 2024-cü ildə AB-nin üzvü olmaq üçün müraciət edəcəyini açıqlaması ondan irəli gəlir ki, o təşkilatdan böyük miqdarda iqtisadi dəstək gözləyir. Bunun əvəzində isə Tiflis ümumi bazarın üzvü olmaq istəyir. Rəsmi Tiflis yaxşı başa düşür ki, onların daxili bazarı kiçikdir. Yəni bu ölkənin təşkilata girmək istəməsinin tək səbəbi təşkilatdan yardım almaqdır. Onu da qeyd edim ki, hazırda təşkilata daha çox güclü iqtisadiyyata, maliyyə imkanlarına sahib ölkələr lazımdır. Yəni AB-nin ona yardım edəcək ölkələrə ehtiyacı var”.
Politoloq qeyd edib ki, Azərbaycanın AB-yə üzvlük məsələsi tez-tez gündəmə gətirilir:
“Lakin düşünmürəm ki, hazırda buna ehtiyac var. Çünki Azərbaycanın iqtisadi maraqlarına nəzər salsaq, görə bilərik ki, bu, qorunmalıdır. İlk növbədə daxili istehsalçılar xarici rəqabətə davamlı hala gətirilməli və gücləndirilməlidir. Bu qərarı qəbul etmədən öncə iqtisadiyatımız güclənməli, orta aylıq maaş o səviyyəyə qalxmalıdır ki, AB ölkələrindəki tələblərlə ayaqlaşaq. AB təkcə imtiyaz vermir, tələbləri, şərtləri də var. Bilirsiniz, ümumiyyətlə Gürcüstanla Azərbaycanın maraqları tam fərqlidir. Təbii olaraq təşkilata üzvlük istəyi də fərqli olacaq. Lakin hazırkı vəziyyətdə mən AB-yə üzvlüyün gündəmə gətirilməsini düzgün hesab etmirəm”.
araz.az xəbər portalı.