1609251251 20201229 135842

Dünən AMİP Mərkəzi Şurasının növbəti iclası keçirilib. Videoformatda keçirilən iclasda Mərkəzi Şuranın seçilmiş üzvləri və rayon təşkilat sədrləri iştirak edib. İclasda üçtərəfli bəyanat və onun meydana gətirdiyi reallıqlar, eləcə də partiyanın gələcək fəaliyyət planı geniş müzakirə olunub.

Ovqat.com-a bu barədə məlumat AMİP-in Mətbuat və İnformasiya Xidmətindən daxil olub.

Məlumata görə, hərbi əməliyyatlar dövründə aktiv iştirak etmiş partiya üzvü olan könüllülərin, tibb personalının, eləcə də maliyyə və ərzaq yardımı kampaniyasında fəal iştirak etmiş şəxlərin fəaliyyəti yüksək qiymətləndirilmiş və onlara partiya tərəfindən təşəkkür elan olunmuşdur. 

Üçtərəfli bəyanatın imzalanmasından sonra meydana gələn reallıqları geniş müzakirə edən AMİP Mərkəzi Şurası Rusiyanın sülhməramlı missiyanı üzərinə götürmüş hərbi birləşmələrinin vəzifələrini yetərincə icra etməməsindən, bir çox hallarda isə səlahiyətlərini aşan hərəkətlərindən ciddi narahatlığını ifadə etmiş, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Fransanın ermənipərəst mövqeyinin etiraz doğurduğunu və bununla bağlı müvafiq addımlar atılmasının vacibliyini bildirmişdir.

Təşkilat sədrlərinin ayrı-ayrı rayonlar üzrə şəhid ailələri və qazilərin sosial durumu barədə məlumatları dinlənilmiş və bu istiqamətdə görülməli olan işlərlə bağlı təkliflər müzakirə edilmişdir.

Qərara alınmışdır ki, şəhidlərin adının əbədiləşdirilməsi, şəhid ailələri və qazilərimizin sosial problemlərinin həlli, əsgər və zabitlərimizin layiq olduqları yaşayış səviyyəsinin təmin olunması, sülhməramlı adlanan qüvvələrin fəaliyyəti, ATƏT-in Minsk Qrupu ilə bağlı bütün təkliflərin ümumiləşdirilərək ictimaiyyətə, həmçinin müvafiq dövlət qurumlarına təqdim olunması təmin edilsin. 

araz.az xəbər portalı.