Rusiya Liberal Demokrat Partiyasının sədri, Rusiya Dövlət Dumasının vitse-spikeri V. Jirinovskinin “Azərbaycanı Rusiyanın tərkibinə qatacağıq” açıqlaması narazılıqla qarşılanıb.
AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, 2036-cı ildə siyasətdən gedəcəyini deyən Kremlin qeyri-rəsmi danışan dili Jirnovskinin bu sözləri təsadüfi deyil: “Bu, açıq şəkildə Rusiyanın Azərbaycana qarşı işğalçı siyasətinin olduğunun göstəricisidir. Demək, Kremlin kuluarlarında gərginləşən beynəlxalq situasiya fonunda Azərbaycanı işğal etmək əsas müzakirə predmeti olaraq qalır. Xüsusi olaraq qeyd edim ki, İctimai televiziyada prezidentliyə namizəd Razi Nurullayev seçki debatında Pakistanın nüvə silahını Azərbaycana gətirəcəyini qeyd etmişdi.
Bəzi siyasətdən və dünyada gedən geosiyasi proseslərdən xəbəri olmayan şəxslərin nəzərinə çatdırım ki, məhz nüvə silahının ölkəmizə gətirilməsi Azərbaycanın müstəqilliyinin qorunmasına xarici işğalçılardan müdafiə olunmasına hesablanan strateji və taktiki planın tərkib hissəsidir. Prezidentliyə namizəd Razi Nurullayevin nüvə məsələsi ilə bağlı açıqlaması, sizlərin və ölkəmizin gələcəkdə Rusiyanın yenidən işğalçı planları ilə üzləşməməyimizə hesablanıb.
Artıq, Putin Rusiyası aqressiv və qonşularına qarşı işğalçı plana malikdir. Bu gün Putin Rusiya xalqına müraciətində Böyük Rusiyanın genişlənməsini vurğulaması, məhz post-sovet məkanının yenidən güc yolu ilə birləşməsinə hesablanıb”.
Politoloqun sözlərinə görə, yaxın tarixə nəzər saldıqda SSRİ parçalananda həmin vaxt ABŞ, Britaniya və Rusiya Ukraynanın suverenliyi və ərazi bütövlüyünə qarant durmaqla bu ölkənin nüvə silahının məhv edilməsinə nail oldular: “Nüvə silahından məhrum olan Ukraynanın vəziyyəti hazırda göz qabağındadır. Rusiya Ukraynanın bir hissəsini işğal edib, bir hissəsində də qondarma rejimlər qurub. Nüvə silahı bu gün Ukraynanın əlində olsaydı, Rusiya Ukraynaya qarşı işğalçı siyasət aparmaq cəsarətində olmazdı. Belə bir təhlükələr daima Azərbaycanıda təhdid edir və şimal qapısından ölkəmizə bu təhlükə daima var.
Cənablar, soyuq başla düşünün və ölkəmizə nüvə silahının nə qədər vacib olduğunun reallığını qəbul edin. Razi Nurullayevin nüvə strategiyası məhz müstəqilliyimizin qorunmasına hesablanıb”.
Alçina Amilqızı
Cebhe.info
araz.az xəbər portalı.