med

Dekabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

araz.az  Azsiyasət.com-a istinadən xəbər verir ki, iclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin üzvləri – AMEA-nın birinci vitse-prezidentləri, akademiklər – İsa Həbibbəyli və İbrahim Quliyev, AMEA-nın vitse-prezidentləri, akademiklər – Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, akademiyanın akademik-katibi, akademik Adil Qəribov və Rəyasət Heyətinin digər üzvü akademik Gövhər Baxşəliyeva iştirak ediblər.

Rəyasət Heyətinin iclasına çıxarılan ilk elmi-təşkilati məsələ AMEA-da strukturun təkmilləşdirilməsi və idarəetmənin optimallaşdırılması haqqında olub. Bununla əlaqədar çıxış edən akademik Adil Qəribov AMEA-nın fəaliyyəti, xüsusən də elmi fəaliyyət nəticəsində əldə edilmiş konkret nəticələr bu sahədə hazırkı durumun yeni reallığa cavab vermədiyini vurğulayıb. Belə ki, indi Azərbaycanda elmə kifayət qədər dövlət qayğısı göstərilməsinə baxmayaraq, elmin ümumi daxili məhsulda payı yox dərəcəsindədir. Yüksək reytinqli elmi nəşrlər və istinadlar sahəsində, xaricdə patentləşmiş və tətbiq olunmuş nəticələr istiqamətində ciddi çatışmazlıqlar mövcuddur.

Elmi fəaliyyət sahəsində mövcud olan problemlərin əksəriyyətinin elmin struktur təşkili və idarəetmə mexanizmi ilə bilavasitə bağlı olduğunu diqqətə çatdıran akademik Adil Qəribov son illər dövlət başçısının həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən birini idarəetmə sistemində infrastrukturun optimallaşdırılması, şəffaflığın artırılması, yeni idarəetmə mexanizmlərinin tətbiqi və kadrlardan daha səmərəli istifadə edilməsi kimi kompleks yeniliklərin təşkil etdiyini bildirib. Belə bir şəraitdə AMEA-da struktur islahatları, elmi istiqamətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılması, elmin nəticəliliyə, milli və dövlətçilik mənafelərinə uyğunluğu, kadr təminatı və sair sahələrdə köklü islahatların aparılması vacibdir. Bununla bağlı məsələyə Rəyasət Heyətinin növbəti iclasında yenidən baxılması qərara alınıb.

Qarabağa dair planlaşdırılan tədqiqatlara da toxunan akademik Adil Qəribov bildirib ki, növbəti illər üçün hazırlanacaq elmi tədqiqat işlərinin planlarında Qarabağ bölgəsinin tarixi, mədəniyyəti, arxeologiyası, folkloru, etnoqrafiyası, təbii ehtiyatlarının, geoloji və coğrafi xüsusiyyətlərinin öyrənilməsi ilə bağlı kompleks tədqiqatların da yer almasına zərurət yaranıb.

Sonda AMEA-nın prezidenti Ramiz Mehdiyev çıxış edərək yeni ildə hər kəsə uğurlar arzulayıb.

araz.az xəbər portalı.