Dəyərli dostlar, əziz oxucular və gözəl insanlar!
Pandemiyanın və Vətən Müharibəsinin ağrı-acıları ucbatından qarşımıza çıxan və hər bir Azərbaycan vətəndaşı üçün çox ağır olan iqtisadi böhrandan əziyyət çəkdiyimiz belə bir vaxtda, artıq, iki bayram qeyd edirik — biri tarixin müxtəlif dönəmlərində, müxtəlif səbəblər ucbatından, planetin 5 qitəsində məskunlaşmış 50 milyondan çox soydaşımızın birliyinin rəmzinə çevrilən Dünya Azərbaycanlılarının Həmrəylik Günü, digəri isə, Yeni təqvim ili kimi tarixə düşüb.
Az sonra yola salacağımız bu 2020-ci ilin 44 günündə — Vətən Müharibəsinin böyük zəfərlərlə keçən həmin günlərində ilk dəfə gördüyümüz sarsılmaz Milli Birliyimiz soydaşlarımızın bu həmrəyliyini daha əzəmətli, daha vüqarlı, daha qüdrətli etdi. Müzəffər əsgərlərimizin canları və qanları bahasına 30 il həsrət qaldığımız torpaqlarımıza qovuşduq. Sevincli belə anları təsir baxımından bir çox ağrı-acılarımızı üstələyən, konkret desək, bizim üçün bir o qədər də sevindirici və uğurlu il kimi yadda qalmasa da, ömrümüzün bir parçasına çevrilən bu ili arxada qoymağa dəqiqələr qalıb. Qarşıdan gələn 2021-ci ili, ikinci Qarabağ savaşındakı böyük qələbəmizlə qarşıladığımız üçün, hamımız daha yaxşı yaşamağa layiq və qadirik. Və bu ildə də, biz, bu sarsılmaz həmrəyliyimizi qorumalıyıq, çünki bizi qələbələrə, iqtisadi yüksəlişə ancaq belə bir birlik apara bilər.
Elə, bu ülvi istəklə qarşıladığımız bu bayramlar münasibəti ilə, sizinlə bərabər, doğma və yaxınlarınızı səmimi qəlbdən təbrik edir, bu əlamətdar bayram günlərində dövlətimizin və xalqımızın tərəqqisi naminə edəcəyiniz duaların Ulu Tanrı dərgahında tezliklə qəbulunu arzulayır, Böyük Allahdan sülhün, əmin-amanlığın, qələbə sevincinin, müharibəsiz, münaqişəsiz və ədavətsiz günlərin ölkəmizin əbədi nailiyyəti, səadətin, xoşbəxtliyin, firavan həyatın, xeyir-bərəkət və ruzi dolu bol süfrələrin, sevinc dolu günlərin xalqımızın daimi qazancı olmasını diləyirik!
Bir daha qeyd edirik ki, bu il Covid-19 virusu və müharibə səbəbindən bir çox ailələr matəm yaşadı, dostlarımızı, əzizlərimizi itirdik. Tanımadığımız cəsur şəhidlərimiz ölümlərindən sonra doğmalarımıza çevrildilər. Elə, bu itirdiklərimizə görə ürəyimizdə yer edən ağrı-acılarla bu ili təhvil veririk. Bütün bunlar həm də onu deyir ki, yeni ildə işimiz daha çox olacaq, xalqımızın rifahı, ölkəmizin daha güclü olması üçün, əlimizdən gələni əsirgəməməliyik. Çalışmalıyıq ki, 2021-ci ilin hər bir günü doğma Vətənimiz üçün böyük uğurlarla, vətəndaşlarımız üçün xöşbəxt günlərlə keçsin.
Az sonra təqvim yenilənir, sevincli anları, ağrıları, acıları ilə bir ili də geridə qoyuruq. Qoy, Böyük Yaradan Yeni təqvim ilini yüksək könül xoşluğu düzənində rahatlıqla yola salmaqda, ən xoş istək və niyyətlərinizin çin olmasında sizin ən yaxın yardımçınız olmaqla bərabər, milli köklərimizə sadiqlikdə sarsılmaz mübarizə əzmini və bütövlüyü, yüksək vətənpərvərliyi, dözümü, təmkini və səbri, tükənməz həyat enerjisini və möhkəm cansağlığını ən böyük silahınıza, həmrəyliyi, bütövlüyü, mərhəməti və xeyirxahlığı ən ülvi həyat amalınıza çevirsin!
Yola saldığımız ilin uğursuzluqlarından nəticə çıxarmaq arzusu, 2021-ci ilin xoş gəlməsi və uğur gətirməsi istəyi ilə, arzu edək ki, gələn ilin hər bir günü hər bir soydaşımızın ailəsinə uğurlar gətirsin!
Səmimi duyğularla,
“Araz” Media Qrupunun və araz.az xəbər portalının kollektivləri.
araz.az xəbər portalı.