rauf-arif.jpg

Söyüşdən doğulan yeni “müxalifət”…

Mənim üçün maraqlıdır, ona görə soruşum: onların söyüş dolu video-çıxışlarına ailə yanında, ictimai yerdə baxa bilirsiniz?

Sualım Vidadi İsgəndərli və Orduxan haqdadır. Başqaları ilə işim yoxdu, danışanda videolarında söyüş söyən, küçə terminləri işlədən hər kimsə, onları deyirəm…

Çox pis mənzərə alınır. Siyasi müxalifət adına danışırlar: deyirlər ki, biz əsil müxalifətik, vətənpərvərik və qorxmuruq. Qorxmadıqlarını və necə cəsur olduqlarını göstərmək üçün də çox sərt ifadələrdən, söyüş anlamında olan jarqonlardan və açıq söyüşlərdən istifadə edirlər. Bakıda olsalar, belə etməzdilər, edə bilməzdilər; Avropada özlərini tam cəzasızlıqda hiss edirlər, cəsarət dediklərinin tək qaynağı bu faktordur…

Lakin özünü cəzasızlıqda hiss edən başqa çoxsaylı mühacirlərimiz də var. Onların heç biri söymür. İndiki hakimiyyəti sosial şəbəkələrdə kəskin, ağır tənqid edir, müzakirələr açır, məqalələr, kitablar yazırlar. Hərə öz qabiliyyətindən çıxış edir; hərə özünün standartlarını ortaya qoyur.

Bu söyüş söyən, arada bizim də adımızı zikr edən “cəsurlar” isə həm özlərinin, həm də “əsil müxalifətin” standartlarını nümayiş etdirirlər. Onlar Avropadan Azərbaycan siyasətinə, ictimai-siyasi münasibətlərə bu sifəti və bu ritorikanı təklif edirlər. “İqtidarına qarşı çıxanlara bir baxın”, çağırışı kimi… Hansı ki, bu “cəsarətli” oğlanların “çıxışlarını” ailəvi dinləmək belə mümkün deyil. Özünə hörmət edən kimsə bu videoları evində, ailə-uşaq yanında səsləndirmir, nümayiş etdirmir.

Yutub və Feysdən söyüş, təhqir, böhtan, kin-nifrət yağır. Bundan da yaxşı “müxalifət budur” afişası olarmı?

Azərbaycan prezidentini, ölkənin 1-ci ledisini, onların ailə üzvlərini, prezidentin köməkçisi Əli Həsənovu, DTX sədri Mədət Quliyevi, media təmsilçilərini, ziyalı və ictimai-siyasi xadimləri ən ağır ifadələrlə təhqir edən bu şəxslər çıxışlarında hər dəfə iddia edirlər ki, Azərbaycanda siyasi rejimi dəyişəcəklər, az qalıb…

Elə bu məqamda deməliyəm ki, Vidadi, Orduxan və başqa söyüş müxalifətinin ən böyük zərbəsi elə Azərbaycanın ənənəvi müxalif düşərgəsinə dəyib. Onlar hakimiyyəti, medianı, cəmiyyəti söyür, ortalıqda müxalifət batıb gedir. Azərbaycan müxalifətinin, ümumiyyətlə, müxalifətçiliyin olan-qalanını da Orduxanla Vidadi bitirməkdədi. Müxalifətçilik bir institut olaraq, Azərbaycanda təhlükə altındadır. İnsanlar bu düşərgəni uğursuzluğun, məğlubiyyətin, inciklərin və söyüş söyüb, efirə tüpürənlərin yığınağı kimi alqılayır.

Uzun müddət bu cür təəssüratı Əli Kərimli və onun müttəfiqləri yaratdılar – Azərbaycan xalqı müxalifətdən və müxalifətçilikdən tamamən kənarlaşdı; narazı elektorat siyasi təşkilatlara deyil, başqa istiqamətlərə yön tutdu. İndi isə yeni “fenomenlər” ortaya çıxıb və Avropadan söyüş yağdırıb, siyasəti bulayıb-batırırlar. Söyüşdən doğulan siyasi “müxalifət”…

Lakin bizim müxalifət bu deyil. Azərbaycan müxalifətinin böyük əksəriyyəti ərdəmli, təmkinli, yüksək səviyyəli və mədəni insanlardan təşkil olunub. Onlar illər uzunu opponentlərinə qarşı qırmızı xətləri keçməyiblər, qız-qadın, ailə üzvləri məsələsində həssas davranıblar. İndi onların qurduğu münasibətlər sistemi və standartlar dağıdılır.

Hakimiyyətin reaksiyaları da maraqlıdır. Mən rəsmi reaksiyaları nəzərdə tuturam. Prezidentin köməkçisi Əli Həsənov son bir həftədə Feysbuk üzərindən və digər tribunalardan çağırışlar edir. Söyüş müxalifətini virtual İŞİD-çi adlandıran Əli Həsənov opponentlərini ədəb-ərkana, milli dəyərlərə riayət etməyə çağırır. Müzakirələrin, tənqidlərin sərhədlərini də xeyli geniş təklif edir. Sitat: “Düşünürəm ki, potensialı olan hər bir şəxs, xüsusilə siyasi fəallar, ictimai təşkilatlar və media nümayəndələri bu müzakirələrə qoşulacaq və mövcud xoşagəlməz halların aradan qaldırılmasına, sağlam və konstruktiv mühitin bərqərar edilməsinə öz dəyərli töhfəsini verəcəkdir”.

Müqayisə ortadadır.

Orduxan və Vidadi ilə, onların zəkası və ağlı ilə rejimi dəyişmək yox, daha da gücləndirmək mümkündür.

Sanki ortadakı nəticə bir polit-texnoloji əməliyyatın sonucudur…

Sonda bir məqamı da vurğulayım: indi özünü əsas və qorxmaz müxalifət elan edən o kəslər var ha, əslində Azərbaycanda onlar heç kim idilər, heç bir şeylə fərqlənə bilmədilər. Bir çoxu nə Milli Azadlıq Hərəkatında, nə də digər siyasi proseslərdə iştirak edib. Mövcud hakimiyyətə qarşı informasiya və media sektorunda mübarizənin bütün yükünü illərlə təkbaşına daşımışam. 1997-2013-cu illərdə bütün müxalifət “Yeni Müsavat” qəzetinə istiqamətlənərək, fəaliyyətini qurub. Ondan əvvəl Milli Azadlıq Hərəkatında, ermənilərə qarşı könüllü müqavimət prosesində bilavasitə iştirak etmişəm. İlk könüllü silahlı dəstəni quranlardan, vətən uğrunda ilk şəhid verən silahlı qrupun rəhbərlərindən biri olmuşam. Şəhidləri, könüllü dəstələrin komandirlərini, siyasətçiləri, hərəkat üzvlərini … hər kəsi adbaad tanıyıram. Lakin mən bu proseslərdə indiki “cəsur, vətənpərvər müxalifətçilər”dən heç birini görmədim. Nə vətən uğrunda savaşda, nə də hakimiyyəti dəyişmək üçün tək şansı olan 2003-cü ildə yanımızda idilər…

Biz hərəkatdan, milli mübarizədən, vətən uğrunda müharibədən doğulduq, siyasətçi kimliyimizi belə tanıtdıq.

Biz döyüşdən yoğrulduq, onlar söyüşdən…

Onlar özlərini öz söyüşlərindən yaratdılar, belə tanındılar…

araz.az xəbər portalı.