Anar Məmmədov: “Dövlətimiz qısa zaman kəsiyində işğaldan azad olunmuş ərazilərə böyük köçün başlanmasına nail olacaq”
Məlum olduğu kimi, 2020-ci il xalqımız üçün 8 noyabr zəfəri ilə yadda qaldı. Bəs Qarabağa qayıdışın bu il reallaşması və 2021-ci ilin tarixdə böyük qayıdış ili kimi qalması mümkündürmü?
Moderator.az-a açıqlama verən millət vəkili Anar Məmmədov, 2021-ci ildə işğaldan azad edilən rayonlarımızda böyük quruculuq işlərinin həyata keçiriləcəyini vurğuladı:
“2020-ci il ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatındakı hadisələrin əhəmiyyəti və zənginliyi baxımından uğurlu bir il kimi səciyyələndirilməlidir. Məhz bu il Azərbaycan Prezidentinin siyasi iradəsi və Müzəffər Ordumuzun misilsiz döyüş peşəkarlığı ilə Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Xalqımızın tarixinin parlaq və unudulmaz səhifələrindən birini təşkil edən bu şanlı qələbənin əsasında isə ilk növbədə Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, daha sonra ondan irəli gələrək Azərbaycanın sosial-iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə uğurları, xarici siyasətdə nailiyyətləri dayanır.
Azərbaycan dövləti erməni işğalçılarını torpaqlarımızdan qovmaqla bölgədə yeni reallıq yaratdı və 27 il idi ki, BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan məlum dörd qətnaməsinin tələblərini yerinə yetirdi. Şanlı qələbədən sonra Prezident İlham Əliyevin dediyi kimi, “Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir”. Sevindirci haldır ki, 44 günlük Vətən Müharibəsi dövründə ordumuzun ərazi-relyef baxımından son dərəcə mürəkkəb şəraitdə və qısa müddətdə həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatı dünya hərb tarixinə düşərək aparıcı hərbi mərkəzlər və mütəxəssislər tərəfindən öyrənilir.
Artıq biz 2021-ci ilə qədəm qoymuşuq. Şəhidlərimizin qanı və canı bahasına torpaqlarımızın azad edilməsi, məcburi köçkünlərin geri qayıtması və bu ərazilərin yenidən çiçəklənməsi hazırda bizim üçün əsas vəzifədir. Qarşıdakı müddətdə Ermənistanın işğalı və vəhşiliyi nəticəsində dağıdılmış doğma Qarabağımızı cənnətə çevirmək üçün bütün imkanlar səfərbər olacaq. Bu istiqamətdə Böyük Qayıdışın təmin olunması, bərpa və quruculuq işləri, yəni işğaldan azad olunan ərazilərdə kommunal, iqtisadi və sosial infrastrukturun qurulması, işğaldan azad edilən inzibati rayon mərkəzlərində və kəndlərdə yaşayış binalarının və evlərin tikintisi və əhalinin məskunlaşmasının təmin edilməsi, həmin ərazilərdə istehsal, xidmət və ticarət sahələrinin yaradılması, əhalinin məşğulluğunun təmini və sair işlərin aparılmasına 2021-ci ilin dövlət büdcəsində xüsusi önəm verilib və 2,2 milyard manat vəsait ayrılması nəzərdə tutulub. İşğaldan azad olunmuş ərazilərimizin bərpası prosesinə də dost ölkələrin şirkətləri daha çox cəlb olunacaq. Azərbaycan bu prosesdə savaş müddətində ona dəstək olan ölkələrə üstünlük vermək niyyətindədir. Hələlik Türkiyə və İtaliya şirkətlərinin aktiv olacağı, xüsusən də yenidənqurma işlərində, infrastrukturun formalaşmasında aktiv şəkildə dəstək verəcəkləri gözlənilir. Digər ölkələrin şirkətləri ilə bağlı məsələ isə tenderlə müəyyən olunacaq və keçiriləcək tenderlərin nəticələrindən, qoyulan şərtlərdən də asılı olacaq. Ancaq hər halda bizim üçün dost olan ölkələrin şirkətləri bu prosesdə daha yaxından və fəal iştirak edəcəklər. Əminəm ki, dövlətimiz 2021-ci ildə qısa zaman kəsiyində işğaldan azad olunmuş ərazilərdə sosial infrastrukturun yenidən qurulmasına və mərhələli şəkildə yaşayış yerlərinin bərpa edilməsinə, böyük köçün başlanmasına nail olacaq”.
Seymur ƏLİYEV
araz.az xəbər portalı.