Sabahımıza örnək olacaq qələbələr
Yeni ilin ilk iş günüdür. Amma yenə gözümüz önündə ötən ilin lövhələri, 2021-ci ilin gəlişi münasibətilə təbriklər ünvanladığımız, xoş duyğular arzuladığımız o taylı, bu taylı azərbaycanlıların, dünyanın dörd bir tərəfinə səpələnmiş soydaşlarımızın zənglərimizə, mətbu yazılarımıza necə fərəhlə reaksiya verdiklərini heç vaxt unudan deyilik. Etiraf edək ki, bizlər son 30 ildə belə geniş miqyasda sevinclərimizi bölüşməmiş, hamılıqla qürur hissi keçirməmiş, həmrəylik nümayiş etdirməmişik. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dekabrın 29-da dünya azərbaycanlılarına müraciətində deyildiyi kimi
“Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakarlıq xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur”.
Prezidentin sözləri göstərirdi ki, Dünya Azərbaycanlılarının Birinci Qurultayında 36 ölkənin 200-dən çox təşkilatının 403 təmsilçisini bir araya gətirən, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının ilk sədri seçilən Ulu Öndər Heydər Əliyev dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü olaraq təsis etməklə necə uzaqgörən, heyrətamiz ideyaya imza atıb. 16 mart 2010-cu ildən isə həmin Şuraya rəhbərlik edən ölkə başçısı İlham Əliyev yorulmaz fəaliyyəti ilə qurumun dinamikliyinə, əbədiliyinə diqqəti çəkməkdədir.
Azərbaycan xalqı tarixən özünə qarşı səmimi və istiqanlıdır. Fəqət mehribanlıq telləri heç vaxt 2020-ci ildəki qədər möhkəm, gözəgəlimli olmayıb. 1945-1946-cı illərdə də xalqımız Güney Azərbaycanda tarix qarşısında imtahan verəndə, 21 Azər hərəkatına imza atanda, Milli Hökuməti, Milli Məclisi quranda hər bir azərbaycanlı onun uzun ömürlü olmasını istəyirdi. Təəssüf ki, beynəlxalq vəziyyət o taylı, bu taylı səyləri birləşdirməyə imkan vermirdi. Görkəmli inqilabçı, partiya və dövlət xadimi Seyid Cəfər Pişəvərinin yaratdığı Azərbaycan Demokrat Firqəsi öz arxasınca demək olar bütün güneyliləri apardı. Bakı açıq-aşkar olmasa da hərəkatı dəstəkləyir, Əziz Əliyev, Mirzə ibrahimov, Süleyman Rüstəm… və dövrün digər tanınmış simaları imkan daxilində köməklərini əsirgəmirdilər. Beynəlxalq vəziyyət birbaşa köməyi imkan xaricində saxlayırdı. Hərəkat iştirakçılarının Sovet Azərbaycanına mühacirəti digər variantlarla müqayisədə ən doğru seçim olduğunu özünü həyatda göstərdi. Bu mühacirət bütöv inqilabçılar nəslini edamlardan, sürgünlərdən qorudu. Onlar pənah gətirdikləri doğmalarının qayğısı sayəsində potensiallarının nümayişi üçün ideal şəraitə qovuşdular. Məhz buna görə Azərbaycan Demokrat Firqəsinin üzvləri, fədailər, inqilaba qoşulan müxtəlif təbəqələrin nümayəndələri burada milli istiqlal uğrunda mücadilə başlayanda barrikadaların ön sıralarında yer aldılar. Birinci Qarabağ müharibəsinə könüllü yollandılar, yaralandılar, şəhid oldular. Bir sözlə, qurbanlar verməkdən çəkinmədilər.
Aradan 30 il ötdü. İgidlərimizin qələbə soraqları erməni işğalına məruz qalan torpaqlardan gələndə bildik ki, inqilabçılar nəslinin varisləri ata-baba yolunu layiqincə davam etdirməkdədirlər. Onların bir çoxunu dekabrın 10-da Bakıda Zəfər Paradında fəxrlə nizami cərgələrlə addımlayarkən gördük. Prezident İlham Əliyevin qaliblərin mükafatlandırılması üçün imzaladığı Sərəncamları nəzərdən keçiririk. Milli Qəhrəmanımız var. Şuşanın, Ağdamın, Cəbrayılın… azad olunmasında igidlik göstərdiklərinə görə fərqlənənlər sırasında onlarla gəncimizin adları var. Həmin günlərdə dünya azərbaycanlıları da ayaqüstə idilər. Təbrizin, Ərdəbilin, Zəncanın, Urmunun və başqa böyük şəhərlərin küçə və meydanlarında keşik çəkən soydaşlarımızın həmrəylik ifadələri müstəqil Azərbaycan Respublikası əleyhinə hər hansı bir düşmənçilik hərəkətlərinin bağışlanmayacağını nümayiş etdirirdi. Avropada, Amerikada, hətta uzaq Avstraliyada həmrəylik aksiyaları ara vermirdi. Yuxarıda ölkə rəhbərinin təbrikindən götürdüyümüz sətirlər bu səylərin dəyərləndirilməsini özündə təcəssüm etdirir.
Bəli, biz qalib gəldik və dünyaya sübut etdik ki, bir xalq olaraq varıq! Azərbaycanlılar nəyə qadir olduqlarını hələ bundan sonra da göstərəcəklər. Çünki, qısa müddətdə erməni faşizmi üzərində möhtəşəm qələbə çalacağımız dünyanın digər qütbü üçün elə də inandırıcı görünmürdü. Bu zəfər bizlər üçün ona görə xüsusi əhəmiyyətə malikdir ki, Azərbaycan Demokrat Firqəsinin, 21 Azər hərəkatının, Milli Hökumətin, Milli Məclisin 75 illik yubileyi ilə üst-üstə düşür. Yəni inama, ilham mənbəyimizə çevrilərək həyata daha nikbin baxmağımızı təlqin edir.
Azərbaycan Demokrat Firqəsi həmin önəmli hadisələri müxtəlif ölkələrdə tematik tədbirlərlə qeyd etməyi planlaşdırmışdı. Koronavirus pandemiyası səbəbindən təxirə salmağa məcbur olsaq da, onlayn formatın tətbiqi ilə ətalətə qapılmadıq. Firqənin 2019-cu ilin noyabrında düzənlənən 2-ci Konqresinin (Qurultay) qərarlarına müvafiq olaraq qurumun Avropa Komitəsini yaratdıq. Müxtəlif ölkələrdəki filiallarının təşkilinə başladıq.
Yubileylər ilində Azərbaycan Demokrat Firqəsinə, onun rəhbərliyinə, ayrı-ayrı üzvlərinə qarşı təxribat xarakterli hərəkətlərə, təzyiqlərə qarşı da kəsərli cavablar verdik. İdarə Heyətinin 2020-ci ilin yanvar iclasında bildirildi ki, mühacirətin ilk vaxtlarından günümüzədək Firqəni dəfələrlə ələ keçirməyə, yaxud bazası əsasında “ADF-2” adlı alternativini yaratmaq üçün cəhdlərə, təşəbbüslərə baş vurulmaqdadır. Belə hallar hər dəfə iflasa uğrayır. 2019-cu ilin payızından təkrarən baş qaldıran və ADF-yə heç bir aidiyyatı olmayan təxribatçılar torlarına 5-6 firqəçini də salaraq növbəti cəhdə start veriblər. Acınacaqlı haldır ki, belələri niyyətlərini yaşı 90-a yaxın olan qadının çətiri altında həyata keçirmək istəyirlər. Üstəlik saxta yollarla adfmk.com saytını da özəlləşdirərək zəhərli təbliğatları üçün ideoloji tribunaya çeviriblər. Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsi mövcud vəziyyəti təhlil edərək qənaətə gəlib ki, ictimaiyyət həmin saytın Firqəyə aid olmadığı barədə ətraflı məlumatlandırılsın.
Bir aya yaxındır ki, http://azerbaycan-ruznamesi.org/ daha operativ, sanballı yazılarla oxucularının görüşünə gəlməkdədir. Bax, bu da, qələbələrimizdən biridir. ADF 2021-ci ilə təbriklər, yeni il arzuları və sabahımıza örnək olan qələbələrlə qədəm qoyub. Bir daha deyirik, biz qaliblər nəslinin varisləriyik!
Rəhim HÜSEYNZADƏ,
Azərbaycan Demokrat Firqəsinin sədri, saytın baş redaktoru
araz.az xəbər portalı.