Eurasia Group konsaltinq kompaniyası dünyanın 2021-ci ildə üzləşəcəyi risklər haqqında hesabat təqdim edib. “Baki-Baku.az” TASS-a istinadən xəbər verir ki, kompaniyanın analitiklərinin fikrincə, ilk risk “Amerikanın bölünməsi”dir. Hesab edilir ki, bu, ABŞ-ın hazırda fəaliyyətdə olan dövlət başçısı Donald Trampın noyabrda keçirilmiş prezident seçkilərinin nəticələrini tanımaqdan imtina etməsi ilə əlaqədardır. Eurasia Group analitiklərinin fikrincə, Birləşmiş Ştatların tarixində ilk dəfə baş vermiş bu hadisə cəmiyyəti ikiyə böləcək.
Eurasia Group ikinci risk faktoru kimi koronavirusu önə çəkir. Qeyd edilir ki, pandemiyanın davam etməsi yalnız insanların gündəlik həyatına təhlükə yaratmır, eyni zamanda siyasi sabitliyə və qlobal iqtisadiyyata ciddi ziyan vurur. Koronavirus əleyhinə vaksinlər isə kasıblar və varlılar arasında fərqlər doğuracaq ki, bu da öz növbəsində bir sıra ölkələrdə qarşıdurmalara yol açacaq.
Eurasia Group ekspertləri 2021-ci ilin daha bir riski kimi iqlim dəyişikliyindən söz açırlar. Onlar bildirirlər ki, mövcud sahədəki qlobal əməkdaşlıq rəqabətə çevriləcək və bunun özü də mənfi tendensiyadır.
2021-ci ilin riskləri sırasında ABŞ və Çin arasında gərginliyin artması, müxtəlif ölkələrin informasiya mübadiləsində konfidensiallığın pozulması, texnoloji və geosiyasi nəticələr doğuracaq kibercinayətkarlıq qeyd edilir. Bununla yanaşı Eurasia Group analitikləri Türkiyə iqtisadiyyatının zəifləməsi fonunda ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın nüfuzunun aşağı düşəcəyini, neftin qiymətinin enməsi səbəbilə Yaxın Şərq ölkələrinin iqtisadiyyatlnın zəifləməsini, Almaniya kansleri Angela Merkelin istefa verəcəyini, Latın Amerikası ölkələrində pandemiya və seçkilər səbəbindən sosial və iqtisadi böhranları proqnozlaşdırırlar.
araz.az xəbər portalı.