ellQondarma “Dağlıq Qarabağ”ı bəhanə edərək “5-ci Kolon”nun mövqe savaşı

Bu gün Rusiyanın “sülhməramlı” qüvvələrini xarici dövlətin ordusu timsalında Azərbaycan ərazisində bulunmasına hüquqi müstəvidə don geyindirmək üçün “5-ci Kolon” fürsət tapıb. Guya ABŞ və NATO-ya üzv ölkələr qondarma “Dağlıq Qarabağ” rejimini tanımağa hazırlaşırlar. Hətta Bakanlarda problem kimi görünən “Kosovo anklavı”nı göstərirlər. Təhdid siyasətini ortaya atmaqla “5-ci Kolon” Azərbaycanda itirilən mövqelərinə qayıtmaq və əllərində saxlaya bildiklərini qorumağı hədəf seçib.  Rusiya “sülhməramlı”larının Qarabağda peyda olmasından sonra, “5-ci Kolon”nun gözünə işıq gəlib. Türkiyə hərbçilərini nəzərə alaraq:  “Türklərin Qarabağda nə işi var” deyə özlərində cürət tapıblar. Halbuki, II Qarabağ Savaşı dönəmində siçovul kimi yerin dərinliyində gizlənib cınqırlarını çıxarmaqdan qorxurdular.

XIX yüzilin ortalarında Avropada kapitalizmin sıçrayışla inkişaf etdiyi dönəmdə daha çox gəlir əldə etmək üçün Balkan, Krım, Quzey Qafqaz, Volqa-Ural boyunda yeni istila siyasətləri gündəmə gətirildi. Beləliklə Osmanlı, Krım Xanlığı, Altın Orda və Kazan Xanlığı kimi türk dövlətlərinin çökdürülməsi prosesləri başlandı. Balkanlarda bu hədəfləri sürətləndirmək üçün makedon, xorvat, alban, yunan, romen, italyan və serb məhəlli milliyətçiliyi alovlandırıldı. Bu xalqlar bilmirdilər ki, yırtıcı kapitalizmin əsil  hədəfi nəddir. İngiltərə, Fransa, İtaliya, Almaniya Rusiyanı bu oyuna qatmaqla böyük uğurlar qazandılar. Osmanlının Balkanlarda təsiri I Dünya Savaşında tamamilə itirildi. II Dünya Savaşının qalibi kimi Sovetlər Birliyinin diktatoru İosif Stalin Bolqarıstan, Romaniya, Yunanıstan, Yuqoslaviya və Albaniyada sosialist rejimi qurmaq bəhanəsi ilə Avropanın iqtisadi və digər strateji hədəflərinin qarşısını almağa çalışdı. “Balkan milliyyətçiliyi” ideyasının “sosial ədalət” çətiri ilə bəzənməsi ortaya atıldı. 1950-ci illərin sonunda Balkanlarda durum tədricən öz  məcarsını “milliyyətçi” düsturla əvəz etdi. Çünki, yarımadanın inkişafında kapitalizm dünyasının marağı yox idi. 1980-ci illərin sonunda Sovetlər Birliyinin çökməsi, milli və regional baxımdan eyni anlamları bölüşə bilməyən Balkanlarda vətəndaş savaşı gündəmə gəldi. Yuqoslaviyada indiki Xorvatiya, Çernoqoriya, Sloveniya, Bosniya-Hersoqovina, Makedoniya, Monteneqro, Serbiya və Kosovodan ibarət yeni dövlətlər meydana gəldi. Əsası diktator Broz Tito tərəfindən qoyulmuş dövlət federalizmi iflasa uğradı. Demək olar ki, 1990-2000-ci illərdə keçmiş Yuqoslaviyada II Dünya Savaşından sonra, Avropada belə miqyasda savaş olmamışdı. Bu gün Balkan yarımadası Avropada inkişafdan ən çox geri qalmış bölgəyə çevrilib. Bu problemin səbəbkarı XIX yüzildə olduğu kimi yenə də Rusiya və Avropadır. Təkcə Türkiyə dövlət olaraq səssizcə yeni Balkan dövlətlərində iqtisadi, sosial, kulturoloji və digər sahələrdə qarşılıqlı inkişaf siyasəti ilə hərəkət edir.

Dini, mədəni və bölgəsəl ayrımçılıq

Balkan milliyyətçiliyi adı altında XIX yüzillikdə başladılan “panslavyanizm” 1940-cı illərdə özünün pik həddinə çatmışdı. Yuqoslaviya diktatoru Broz Tito mənşəcə xorvat olsa da, “sleyv” (slavyan, latınca qul) siyasətindən əl çəkmirdi. Bütün xalqları zorla slavyanlaşdırmaq və xristianlığın ortodoks bataqlığına sürükləmək kimi dərin siyasi proseslərə rəhbərlik etdi. “Soyuq Savaş” bitən kimi, ən böyük vətəndaş savaşı da elə Balkanlarda başladı. Bu savaşda iki milyondan çox insan soyqırıma məruz qaldı. Yüzminlərlə insan doğma torpaqlarından didərgin düşdü. Sloven, xorvat, serb, macar, yunan, italyan, alban, boşnak, türk, romen, makedon və digər xalqlar savaşa cəlb edilmişdilər. “Güney Slav” (Yuqoslav) termini ilə birləşdirici siyasət adı altında diktatura quran sosialist rejiminin saxtakarlığı beləcə iflasa uğradı. Rusiya sovet rejimi çökdükdən sonra, çox cəhdlər etdi ki, Yuqoslaviyanı vahid dövlət kimi qorusun. “Panslavyanizm” adı altında bütün xalqları inkar siyasətinə cavab olaraq cəhdləri boşa çıxdı. Ona görə ki, 150 ildir etnik, dini və milli ayrımçılıq Balkan milliyyətçiliyi  siyasətinin mövcudluğunu qoruya bilmişdi. Bu gün Azərbaycanda “5-ci Kolon”u təmsil edənlər qılaflarını dəyişdirərək “Yuqoslaviya” və ya “Balkan” sorununu gündəmə gətirib dolayı yolla Ermənistanın hərbi, siyasi və hüquqi mənada işğalçılıq maraqlarını təmsil etdiklərini gizlətmirlər: “Türk qoşunlarının Qarabağda nə işi var?”, “Azərbaycanı Kosovanın gününə salmaqmı istəyirsiniz?”, “Rus sülhməramlı qüvvələri bizim hədəflərimizi sərgiləyir” və s. ibarələrin arxasında duran maraqlar bu hədəflərə hesablanıb.
Keçmiş Yuqoslaviya və Balkan yarımadasında ayrımçılıq siyasəti zorakı metodlarla  gətirdiyi fəlakəti qondarma “Dağlıq Qarabağ”la, eləcə də bölücü “Abxaziya”, “Güney Osetiya”, “Dnestryanı”, “Krım” və başqa bölgələrlə eyniləşdirmək Kremlin hədəflərinə açıq şəkildə nökərçiliyə xidmətdir. Yoqoslaviyada “panslavyanzm”i dövlət siyasətinin tərkib hissəsi kimi görənlər sonda BMT-nin Hərbi Tribunalında mühakimə olundular. Ratko Mladiç, Slobodan Pralyak, Radovan Karacic kimi onlarca hərbi canilər “Deyton Anlaşması”nın sonucu olaraq edama məhkum edildilər. Onlar etnik və dini təmizləmə cinayətlərinə rəhbərlik etmiş müharibə generalları idi.  
Qarabağ və onun ətraf bölgələrində etnik təmizləmə siyasətini Ermənistan yürüdüb. BMT, Avropa Birliyi və Avropa Şurası bu barədə qətnamələr qəbul ediblər. Həmin beynəlxalq sənədləri qəbil etmək istəməyənlər isə bu dövlətlərdir: Ermənistan, İran, Yunanıstan, Yunan Kipri və Rusiya. Bir milyondan çox əhalisi doğma ocaqlarından didərgin düşən də biz azərbaycanlılar olmuşuq. İndi bu məsələni “Kosovo düyünü” ilə qarşıq salmaq, NATO və onun müttəfiqlərini suçlamaq “5-ci Kolon” tərəfindən ortaya atılmış məkrli plandır. Bu gün Azərbaycanın arxasında duran və ona dəstək verən dövlətlər olmasa idi, “Qarabağ problemi” yenidən 30 il müddətinə uzadılacaqdı. Azərbaycanın BMT-nin də tanıdğı sərhədlər çərçivəsində ərazi bütövlüyünə sahib çıxması cəmiyyətdə: “İki yüz illik istila və işğalçılıq siyasətinin sonudur” deyimi haqlı olaraq işlədilir. 1830-cu illərdən bu yana Çarlıq və Sovet Rusiyasına xidmət etmiş və bunu həyat normasına çevirmiş milli xainlərimizin iflasa uğradıqca kimə və necə xidmət edəcək dilemmasını yaşayırlar. Əllərinə fürsət düşən kimi yastı-yapalaq qafalarında gizlənmiş buynuzlarını göstərmək, əzələ nümayiş etdirməklə durumun axarını dəyişdirmək həvəsinə düşmələri onların gerçək karikaturasıdır.

“İsti sular”da yuxusu qaçan 5-ci Kolon

“Soyuq Savaş”dan sonra, Balkan yarımadasının tamamilə xarabazarlığa düşməsinin tək suçu Rusiya və onun Orta Doğudakı tərəfdaşı olan ölkələrdir. Çünki, Rusiya artıq Mərmərə, Egey, İon, Adriatik və Ağ (Aralıq) dənizlərində bütün mövqelərini itirdi. Ona görə ki, harada Rusiyanın hegemonluğu varsa, orada inkişafdan söz ola bilməz. İndi heç bir müstəqil dövlət bu aqibəti yenidən yaşamaq istəmir. Balkanlarda mövqeyini itirdikcə Suriya, İraq, Liviya, Livan, Oman, Sudan, Misir, İordaniya və digər ölkələrdə də strateji baxımdan sarsılmış durumdadır. Güney Qafqaz siyasətində 30 ildir süni şəkildə idarə etdiyi etnik bölücülük hədəfləri də Rusiyaya yaxşı heç nə vəd etmədi. Nə Rusiyanın özü, nə də etnik bölücülük siyasətindən əzab çəkən ölkələr inkişaf edə bilmədilər. Kremlin “sələmçi”, “töycü”, “bacalma” yanaşımı elə onun özünün iflasının sonunun yaxınlaşdığını göstərir. Müstəqil dövlətlər olaraq Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova inkişaf etmək istəyirlər. Bu ölkələrin hər birində bölücü anklavı hədəfləri hamıya zərər verir. Odur ki, Azərbaycanın beynəlxalq miqyasda özünə dost bildiyi ölkələrlə həmrəyliyi sayəsində işğal edilmiş ərazilərini milli iradənin səyi ilə azad etməsi doğrudan əsil möcüzə idi. Ermənistanın qarşılaşdığı məğlubiyyətin acı sonluğu İrəvanın üç aydır dolanbac labirintlərdə başını itirməsinə səbəb olub. Savaş  canilərinə dəstək verən sosial zümrə və demokratiyanın yanında durmaq istəyən yeni nəsil qarşı-qarşıya dayanıbdır. Rusiya aqressiv deyil, bir qədər soyuq yanaşım tərzi ilə həm Azərbaycanla, həm də Ermənistanla “balans”lı siyasət yürütməyə çalışır. Kreml bir həqiqəti unudur ki, Azərbaycan onun tuzağına düşmək istəmir. 1923-cü ildə süni şəkildə uydurulmuş “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı qurum artıq Azərbaycanın Ana Yasasında yoxdur. Əgər bu barədə referendum olsa belə, heç bir azərbaycanlı erməniyə görə buna səs verməyəcək.
Kosovanın bağımsızlıq qazanmasının burada yaşayan albanların serblər tərəfindən daim terrora məruz qalmaları, onların yaşadıqları bölgələrə qarşı ögey münasibət və təbii olraq, zor gücünə assimliasiyaya məruz qalmaları olmuşdur. Vətəndaş savaşı dönəmində isə, serblər onminlərlə dinc əhali-kosovalıları soyqırıma məruz qoyublar.
Qondarma “Dağlıq Qarabağ”da belə bir olay yaşanmayıbdır. Rusiya Kosovo ilə bağlı öz mənfəəti çərçivəsində 2008-ci ildən indiyə kimi spekulyativ addımlar atmaq istəsə də, bütün təşəbbüsləri boşa çıxmışdır. “Abxaziya”nı örnək göstərmək həvəsi də BMT səviyyəsində qəbul edilmədi. Azərbaycanda “5-ci Kolon” bütün imkanları ilə “Kosovo” düyünü təhlükəsi adı altında qondarma “Dağlıq Qarabağ” rejiminin Rusiyanın dəstəyi ilə müstəqil olması, Ermənistana birləşdirilməsi və pis halda Azərbaycanın tərkibində xüsusi statusla mövcudluğunu saxlaması ideyasını müdafiə edir. Bu fakt isbat edir ki, “5-ci Kolon” Azərbaycanın daxilində bütün intriqaları işə salaraq öz mövqelərini qorumaqla yanaşı, etnik separatizm təhdidi altında hakimiyyətdə geniş tərkibdə təmsilçilik hüquqlarını bərpa etməyə çalışırlar. Çünki, Qarabağ probleminin həlli “5-ci Kolon”nun siyasi səhnədən silinməsi deməkdir. Dövlətmiz və millətimiz artıq qərarını vermiş və tarixi ərazilərimizdən bir qarış da güzəştə getməyəcək.

 

 

Ənvər BÖRÜSOY   

araz.az xəbər portalı.