CAVID 930x530Əziz soydaşlarım, bu gün aldığım kədərli xəbər məni hədsiz dərəcədə sarsıtmışdır. Dərin təəssüf hissi ilə bildirirəm ki, Azərbaycan diaspor hərəkatına, eləcə də Kəlbəcər rayonu ictimaiyyətinə ağır itki üz vermişdir. Hamımızın yaxşı tanıdığı, böyük rəğbət bəslədiyi, iqtisad elmləri doktoru, professor Sərdar Süleyman oğlu Abdullayev 70 illik yubileyinə cəmi bir neçə gün qalmış dünyasını dəyişmişdir.
Abdullayev Sərdar Süleyman oğlu 1951-ci il yanvarın 21-də Kəlbəcər rayonunun Yanşaq kəndində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Politexnik İnstitutunu bitirdikdən sonra təyinatla Kalinin vilayətinə göndərilmişdir. Sərdar Abdullayev özünü bacarıqlı mütəxəssis kimi təsdiq etmiş, mühəndis-mexanik vəzifəsindən tresti müdiri, sonra isə “Kalininqrajdanstroy” Vilayət İstehsalat Birliyinin rəisi vəzifəsinə qədər yol keçmişdir. 1993-cü ildən ömrünün sonuna kimi isə “Tverqrajdanstroy” Tikinti Şirkəti Qapalı Səhmdar Cəmiyyətinə rəhbərlik etmişdir.
Sərdar Abdullayev eyni zamanda elmi fəaliyyətlə də məşğul olmuş, “İqtisadi informasiya əsasında istehsalatın idarə edilməsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Alim Tver Dövlət Texniki Universitetinin professoru idi.
O, ictimai fəallığı ilə də fərqlənmiş, Tver Vilayət Xalq Deputatları Sovetinin deputatı olmuşdur.
Sərdar Abdullayevin Azərbaycan diaspor hərəkatının inkişafında da mühüm xitmətləri olmuşdur. O, Tver Vilayətindəki Azərbaycan diasporunun rəhbəri kimi Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında peşəkar fəaliyyəti ilə də seçilirdi.
Sərdar Abdullayevin çoxşahəli fəaliyyəti müxtəlif təltiflərə layiq görülüb. Ona “Rusiya Federasiyasının Əməkdar İnşaatçısı”, “Rusiyanın Fəxri İnşaatçısı” fəxri adları verilib, “Dostluq” ordeni ilə təltif edilib. 2006-cı ildə Sərdar Abdullayev möhtərəm Prezidentimiz İlham Əliyevin Fərmanı ilə “Tərəqqi” medalına layiq görülüb.
Sərdar Abdullayev bütün fəaliyyəti dövründə daim işgüzarlığı, peşəkarlıq və təşkilatçılıq qabiliyyəti ilə, eyni zamanda Vətənə bağlılığı ilə seçilmiş, harada yaşamağından asılı olmayaq qəlbi daim Azərbaycanla döyünmüşdür. Vətən Mübaribəsində Ali Baş Komandanımızın rəhbərliyi ilə qazandığımız parlaq qələbəmiz, Qarabağımızın, doğulduğu Kəlbəcər rayonunun işğaldan azad edilməsi onda böyük ruh yüksəkliyi yaratmışdı. Bu il 70 illik yubileyini doğma rayonunda qarşılamaq həvəsi ilə yaşayırdı. Təəssüf ki, belə bir məqamda amansız əcəl Sərdar Süleyman oğlu Abdullayevi aramızdan apardı.
Tanınmış ictimai xadim, səmimi insan, gözəl dost, xeyirxah əməlləri ilə hər zaman fərqlənən Sərdar Süleyman oğlu Abdullayevin işıqlı xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
Cavid Qurbanov
“Azərbaycan Dəmiryolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Gununsesi.info

araz.az xəbər portalı.