Yanvar ayının 11-də Moskvada üçtərəfli: Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının gözlənilən görüşü barədə müxtəlif təzadlı fikirlərə rast gəlirik. Sözün düzü, bu görüşün Azərbaycanın maraqlarına təzyiq kimi qiymətləndirənlərin narahatçılığı da başa düşüləndi və bu yanaşmada da müəyyən qədərdə olsun həqiqət var. Ancaq məsləyə ümumi kontekstdən baxanda aydın olur ki, Qarabağın status məsələsini gündəmə gətirməyə çalışan Rusiyanın Azərbaycana təzyiq vasitələri neytrallaşdırılıb və demək olar ki, təsirsizdir.
Bunu, hüquqşünas Vüqar Dadaşov Moskvada İlham Əliyevin, Vladimir Putinin və Nikol Paşinyanın mümkün üçtərəfli görüşünü müzakirə edərkən deyib.
Hüquqşünas qeyd edib:
“Əvvəla qeyd edim ki, Rusiya Avropa ölkələrinə təsirli gücə malik “ qaz siyasəti”ndən məhrum olmaq üzrədir. Avropaya Rusiya qazının əsas tranzit xətti olan Ukrayna istiqaməti, demək olar ki, Rusiya-Ukrayna arasındakı mövcud konfliktlərə görə həm iqtisadi həmdə siyasi effektliyini itirmiş haldadır. Məhz buna görə də, Rusiya Avropanın onun monopoliyasından çıxmağının qarşısını almaq üçün əlavə proyektlər üzrə işləmək məcburiyyətində qalıb, hətta hərbi variantlardan da açıq və gizli şəkildə istifadə edir. Yeri gəlmişkən, Putinin Belarusiyada simpatiyası olmayan Lukaşenko hakimiyyətini qorumağının əsas səbəblərdən biri də Belorus qaz tranzit xəttini qoruyub saxlamaq idi. Türkiyə Rusiya arasında iqtisadi cəhətdən ağır qaz müqaviləsi müddətinin 01 yanvar 2021-ci ildə başa çatması, Rusiyanı Türkiyə diktəsinə tabe edib . Qara dənizdə, Türkiyəyə aid hissədə olduqca böyük qaz ehtiyatlarının kəşfi, Türkiyəni faktiki olaraq qaz idxalçısından, qaz ixracatçısına çevirib.
Ən çox Rusiyanın ümid etdiyi “Türk axını” layihəsi üzrə Türkiyə Rusiya qazından istifadəsini demək olar ki, sıfıra endirib. Həmin “Türk axını” layihəsi Türkiyə üçün əhəmiyyətsiz hala düşüb, Rusiya üçün isə tranzit xətti kimi mövcud vəziyyətdə olduqca yüksək əhəmiyyətini artırıb. Rusiyaya qarşı sanksiyalar tətbiq edilir. Rusiyanın qərb dünyasına qarşı “qaz siyasəti” zərərsizləşdirilir. Norveçin “Det Norske Veritas” beynəlxalq sertifikasiya şirkəti Rusiyanın Şimal Axını-2 qaz kəmərinə, ABŞ-ın yeni sanksiyalarına görə sertifikat verilməsini dayandırıb. Fakt göz qabağındadır. Yəni, Türkiyə Rusiya üçün son nəfəslikdir. Yeri gəlmişkən qeyd edim ki, Rusiyanın Ermənistan sifəti ilə uğursuz Tovuz təxribatının əsas hədəfi, Türkiyəni Rusiya qazından istifadəsinə məcburiyyət yaratmaq, ən başlıcası Avropanın enerji təchizatı alternativini nəzarətə
götürmək, təhlükəsizlik baxımından Azərbaycan və regiondan qazın ixrac mümkünlüyünü və səmərəliyini sıfıra endirmək idi. Bu barədə əvvəl ki, yazılarda fikirlərimi bölüşmüşəm.
Əlavə olaraq bir neçə məqamı qeyd etmək mənzərəni daha aydın göstərər. Yaxın Şərqdə Rusiya Türkiyə əməkdaşlığı Rusiyanın regionda mövcudluğuna şərait və zəmanət yaradan əsas amillərdəndir. Türkiyə -Yunanıstan qarşıdurmasından Türkiyənin qalib ayrılması, Qətər böhranından da qalib çıxması Türk dövlətinin qlobal miqyasında özünün və müttəfiqlərinin maraqlarını qorumaq imkanında olmasını bir daha təsdiqləyir. Türkiyə-Ukrayna əməkdaşlığı Rusiyanı narahat edən ən vacib məsələlərdəndir. Keçmiş SSRİ respublikalarının qərb yönümlü siyasəti Rusiya ətrafında halqanı olduqca daraltmışdır. Elə Ermənistanın özü də daxil olmaqla, Gürcüstan, Moldova, Ukraynanın qərbə inteqrasiyası və Belarusiyada hakimiyyətin qeyri stabil meyliləri Rusiyanın daha da təklənməsini gücəndirir. Rusiya ilə ömürlük müttəfiqlik görünüşündə olan Qazaxıstanın Rusiya ilə münasibətinin kəskinləşməsi, Qazaxıstan Prezidentinin Rusiyaya “tarix dərsi” Rusiyanı türk dünyası ilə ehtiyatlı və güzəştli davranmağını labüd edir. Rusiyanın patronajında KTMT, Kömrük İttifaqı və bu kimi digər təşkilatların üzv dövlətlərinin çoxunun türk mənşəli olması Rusiyanı Türkiyə ilə hesablaşmağa məcbur edən vacib amillərdəndir. Nəzərə alsaq ki, Rusiyanın tərkibində milli türk dilli dövlət quruluşları var və onların ümumi əhali sayı 20 milyondan artıqdır , onda Türkiyənin Rusiyaya təsir imkanlarının görünənlərdən də daha geniş olduğunu əminliklə deyə bilərik. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Rusiya Türkiyənin müttəfiqi Azərbaycana təzyiqinə qırmızı xətti görərik.
Digər tərəfdən isə Azərbaycan faktorunun özü həll edici mövqeyə malikdir. Müharibədən sonra, Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının 1-ci üçtərəfli Moskva görüşündə, Azərbaycan ilk dəfə qalib tərəf olaraq masaya oturur. Həmin Azərbaycan hansı ki, yüksək döyüş qabiliyyəti, taktikası, şücaəti ilə Rusiya başda olmaqla, digər dünya nəhənglərini də XXI-ci əsrin ordusuna malik olduğu faktı göz qabağındadır. Ən vacib faktor isə bəzən o qədər də diqqət ayırmadığımız İlham Əliyev faktorudur. Bununla bağlı bəzi məqamları xatırlatmaq yerinə düşər. Dünya liderlərinin qeyd etdiyi kimi, İlham Əliyev sözübütöv və olduqca uzaq görən, güzəştsiz mövqeyi ilə özünü təsdiq etmiş liderlərdən biridir. Hətta, düşmən ölkə Ermənistanın keçmiş Prezidenti Robert Koçaryanın 2019-cu ildə Moskvada çapdan çıxmış “Həyat və azadlıq” adlı memuarında, 2000-ci illərdə İlham Əliyevin Dağlıq Qarabağ məsələsində tutduğu prinsipial və güzəştsiz mövqe barədə yazıb.
04 yanvarda Ermənistan Baş Naziri Paşinyanın məqaləsi isə təkrar-təkrar göstərir ki, 2011-ci ildə, 2014-cü ildə və 2016-cı ildə Ermənistan Qarabağ razılaşmasına (Madrid prinsipləri, Kazan formulu üzrə və sair) razı olduğu halda, Qarabağın statusu ilə bağlı məsələdə İlham Əliyev prinsipial və güzəştsiz mövqe tutmuş, hər dəfə Azərbaycanın daha çox istədiyini və hər dəfə də, İlham Əliyev məqsədlərinə nail olduğunu qeyd edir. Bütün danışıqlar boyu, 2020-ci ilin 10 noyabr tarixinə qədər Azərbaycan tərəfi bütün səviyyəli danışıqlarda məğlub ölkə kimi masaya otururdu. Bu vəziyyətdə İlham Əliyev ümumilikdə Qarabağ məsələsində və eləcədə, status məsələsində heç cürə güzəştə getmədiyi və istədiyinə nail olduğu halda, müharibədə qalib Ordunun Ali Baş Komandanı kimi hər hansı bir güzəştə gedəcəyini düşünmək belə ən aşağısı ağılsızlıqdır.
O ki qaldı Moskvanın Azərbaycana təzyiqinə, artıq qeyd etdiyim kimi, Moskvanın Azərbaycana nəticə verə biləcək təzyiq imkanları olduqca kasaddır. 10 dekabrda Bakıdakı Zəfər paradı göstərdi ki, Rusiyanın güvəndiyi hərb sənayesi və hərb maşını artıq zibillikdir və müasir ordu səviyyəsindən olduqca geridədir. Rusiya ancaq uzun müddətli perspektivdə Azərbaycan hansısa bir real təzyiq imkanları əldə edə bilər, ancaq bu da o halda mümkün ola bilər ki, biz və Türkiyə inkişafımızı dayandıraq. Vətən müharibəsində Azərbaycan faktiki Ermənistan sifəti ilə Rusiyanı məğlub etdi və əsl həqiqətdə Rusiyanı bu açıq biabırçılıqdan məhz Azərbaycan xilas edərək, Rusiyanı Qarabağa sülhməramlı adı ilə buraxması ilə onun imicini qorumağa imkan yaratdı. 10 noyabr Bəyanatının tələblərinə görə, rus sülhməramlılarının Qarabağda mövcudluq taleyi tərəflərin bir-birindən asılı olmayan istəklərinə bağlıdır. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevin açıqlamasında “5 ildən sonra münaqişə tərəflərindən biri sülhməramlıların xidmət apardıqları təmas xəttini tərk etməsini istəyərsə, həmin qərar dərhal icra olunacaq. Bu, həmin sənədin tərkib hissəsində yer alan mühüm müddəadır.”- deyə bildirməklə Məhərrəm Əliyev eyni zamanda da Moskvaya mesaj vermişdir.
Mümkün Moskva görüşü öncəsi Prezident İlham Əliyevin dünənki çıxışı sülhməramlılara və Ermənistana xəbərdarlıq etməsi, dəmir yumruğu xatırlatması Azərbaycanın hökm sahibliyinin nümayişidir. Ən maraqlısı isə odur ki, Moskva görüş öncəsi Azərbaycana Türkiyədən hərbiçilərlə dolu təyyarələr enməkdə davam edir. İlham Əliyevin xəbərdarlığı və Türk əsgərlərinin Azərbaycana gəlişi o deməkdir ki, Azərbaycana Rusiyanın mümkün təzyiqləri Rusiya üçün arzu olunmaz nəticələr verə bilər və bu baxımdan da Rusiya Azərbaycan ilə də münasibəti korlamaq istəyi heçdə inandırıcı və mümkün görünmür.
Hesab edirəm ki, yanvarın 11-də Moskvada gözlənilən üçtərəfli Azərbaycan Ermənistan və Rusiya dövlət başçılarının görüşlərində Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiyası, erməni silahlıların Qarabağdan çıxarılması, Azərbaycanın nəzarətində olmayan ərazilərdə və yaşayış məntəqələrində Azərbaycan hakimiyyətinin bərpası, 10 noyabr bəyanatına uyğun infrastruktur məsələlərin həlli, sülhməramlıların fəaliyyət dairəsinin dəqiqləşdirilməsi və Monitorinq Mərkəzinin fəaliyyət və səlahiyyətləri məsələləri əsas müzakirə mövzusu olacaq. Əlavə olaraq qeyd edim ki, gözlənilən Moskva görüşündə yekun sülh müqaviləsi əsas mövzu kimi müzakirəsi hələ mümkün deyil.
Rusiyaya beynəlxalq təzyiqin artması, onun “qaz siyasəti”nin zərərsizləşdirilməsi, MDB ölkələrinin Rusiyaya münasibəti, Türkiyə faktoru-Türkiyənin Rusiya üçün nəfəslik rolu və Türkiyənin Azərbaycanda hərbi mövcudluğu, Azərbaycanın qələbəsi, İlham Əliyev faktoru və yuxarıda qeyd etdiyim digər hallar deməyə əsas verir ki, Rusiyanın Azərbaycana qarşı istədiyi nəticəni verə biləcək təzyiqləri mümkünsüzdür. Ona görə də əminliklə deyə bilərik ki, gözlənilən üç tərəfli Moskva görüşündə diktə edən və söz sahibi məhz Azərbaycan olacaq.”
araz.az
araz.az xəbər portalı.