1610091912 eldar hs

 
Vəkillər Kollegiyasının üzvü Adəm Məmmədov facebook səhifəsində gündəmi sirkələyəcək açıqlamalar verib. “Təzadlar” həmin açıqlamanı təqdim edir:

Hüquqlarını müdafiə etdiyim sabiq Baş prokuror və səfir Eldar Həsənovla görüşümdən sonra gəldiyim qənaət odur ki, birmənalı olaraq o, vətəninə, dövlətinə və prezidentinə sadiq adamdır. Eyni zamanda prezidentimizin siyasətini sədaqətlə icra edən bir ziyalımızdır. Onunla səmimi söhbətdə təqdim etdiyi sənədlərdən, eləcə də dövlətin ali orqanlarına şəxsən müraciətlərdən gəldiyim nəticə odur ki, bu həbsin səbəbi Eldar müəllimin Baş prokuror kimi fəaliyyət göstərdiyi zamanda respublikamızın hazırda nüfuzlu bir şəxs ilə keçmişdə aralarında yaranmış işçi münasibətinin gərginləşməsinin qisasıdır.
Xarici İşlər Nazirliyində əvvəllər vəzifə sahibi olmuş şəxslərin ağır cinayət törətməkdə ittiham edildiyi halda azadlığa buraxılmalarına baxmayaraq, ömrünün çox hissəsini dövlətinə xidmət etmiş sabiq Baş prokuror və səfir Eldar Həsənov hələ də istintaq təcridxanasında saxlanılmasının ona qarşı xüsusilə ayrı-seçkilik olduğunun fərqindədir. Buna baxmayaraq, qeyd edir ki, Allah həmişə hər birinin qapısını açıq etsin.
Eldar müəllim əminliklə bildirdi ki, yaxından tanıdığı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev səhhətində ciddi problemləri, dözülməsi mümkünsüz ağrıları olan 66 yaşlı bir insanın ədalətsiz şəkildə həbsdə saxlanmasından məlumatlı olsa heç vaxt belə qeyri-humanistliyə imkan verməz.
Nəzərinizə çatdırmaq istəyirəm ki, Eldar müəllim ixtisaslaşdırılmış xəstəxanların birində təcili cərrahiyyə əməliyyat olmasa, səhhətindəki problemlərə görə həyatını itirə bilər. O, qəti olaraq özünü təqsirli bilmir. Ümumiyyətlə istintaq dövründə bu ədalətsizlik və qanunsuzluqlara etiraz olaraq ifadə verməkdən imtina edib və gələcəkdə də belə bir niyyəti yoxdur. Məni təəccübləndirən odur ki, təqsirsiz olduğu halda nə sovet dövründə, nə də müstəqillik vaxtında heç bir sabiq Baş prokuror və fəaliyyətdə olan fövqəladə və səlahiyyətli səfir həbs olunmamışdır. Mövcud sənədlərlə və Eldar Həsənovun səhhətinin vəziyyəti ilə yaxından tanış olan bir vəkil kimi əminəm ki, ölkə başçısı ədalətin bərqərar olması ilə bağlı göstəriş verəcək.
***
QISA ARAYIŞ:
Eldar Həsənov Azərbaycanın ən füsunkar rayonlarından biri olan Kəlbəcərin Laçın kəndində müəllim ailəsində anadan olmuşdur. 1972-ci ildə kənd orta ümumtəhsil məktəbini bitirdikdən sonra Dövlət Politexnik İnstitutunun avtomatika və hesablama texnikası fakültəsinə daxil olmuş, 1977-ci ildə ali təhsilini fərqlənmə ilə başa vuraraq elektronika mühəndisi ixtisası almışdır.[2]
1983-cü ildə SSRİ DİN Akademiyasını hüquqşünas ixtisası üzrə bitirmişdir. Uzun müddət Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini və rəisi, Bakı şəhəri Nizami rayonunun və Gəncə şəhərinin daxili işlər şöbəsinin rəisi, daxili işlər nazirinin müavini, baş prokurorun müavini və baş prokuror vəzifələrində çalışmışdır.[3]
Eldar Həsənov 21 aprel 2000-ci ildə səlahiyyət müddətinin bitməsi ilə əlaqədar Azərbaycanın prezidenti Heydər Əliyev tərəfindən baş prokuror vəzifəsindən azad olunmuşdur.[4][5] Mütəşəkkil cinayətkarlıq, xüsusilə terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair və digər mövzularda 25 kitab (son 2 kitabı: Rumıniyada könüldən diplomatiya və Balkanların dostluq körpüsü boyunca), dərslik və dərs vəsaitinin, eləcə də 170-dən çox elmi və publisistik əsərin müəllifidir.
Professor, hüquq elmləri doktoru
Rumıniyanın Ovidius, Babeş-Bolyay və Andrey Şaquna Universitetlərinin fəxri doktoru
Serbiya Kral Akademiyasının üzvü
Cənub-Şərqi Avropada Əməkdaşlıq Təşəbbüsü Təşkilatının trans-sərhəd cinayətkarlığa qarşı mübarizə üzrə regional mərkəzində Azərbaycan Respublikasının rəsmi nümayəndəsi olmuşdur.
2001-ci ilin mart ayında Azərbaycan Respublikasının Rumıniyadakı səfiri təyin edilmiş, onun üçün yeni olan diplomatik sahədə fəaliyyətə başlamışdır. Rumıniyadakı səfirliyi Azərbaycan Respublikasının Cənub-Şərqi Avropa regionunda ilk səfirliyi olmuşdur. Bu illər ərzində hər iki ölkə arasında siyasi sahədə əməkdaşlıq, çoxtərəfli münasibətlərdə daimi dəstək, ikitərəfli əməkdaşlıq əlaqələrində isə qarşılıqlı anlaşma və etimad daha da artmış və möhkəmlənmişdir. Azərbaycan Respublikası və Rumıniya arasında səmimi və şəffaf dostluq, əməkdaşlıq münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. Yüksək səviyyəli qarşılıqlı səfərlər daha da intensiv xarakter daşımağa başlamışdır. Bir sıra yeni mühüm sənədlər və sazişlər imzalanmışdır.
Səfir E.Həsənov fəaliyyətində hər iki xalqın bir-birinə daha da yaxınlaşdırılması məqsədilə elmi, mədəni əlaqələrin inkişafına xüsusi diqqət yetirmişdir. Belə ki, 2001-ci ildə səfirliyin təklifi və dəstəyi ilə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiyasiyası yaradılmışdır və ikitərəfli elmi, mədəni əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə çox aktiv fəaliyyət göstərməkdədir.
2001-ci ildən səfir kimi fəaliyyətə başladıqdan sonra Azərbaycan Respublikası ilə Rumıniya arasında siyasi, iqtisadi, elmi, təhsil, mədəni sahələrdə dostluq, əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və narkotizm, terrorizm, mütəşəkkil cinayətkarlığa qarşı barışmaz mübarizə aparılmasında böyük töhfələr vermişdir.
Həmçinin E.Həsənov azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Herseqovinadakı səfiri kimi fəaliyyət dövründə Azərbaycan Respublikası ilə bu ölkələr arasında bütün sahələrdə əlaqələr yüksələn xəttlə inkişaf edərək starteji tərəfdaşlıq səviyyəsinə çatdırılmışdır.[6]
Azərbaycanın (“İgidliyə görə” medalı, “Qanunun və ictimai asayişin təmin edilməsində xidmətlərinə görə” medalı, “Azərbaycan bayrağı” ordeni), Rumıniyanın (“Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni), Serbiyanın (“II dərəcəli Serbiya bayrağı”) dövlət mükafatları və medalları ilə təltif olunmuşdur.
Rus, türk, ingilis və rumın dillərini bilir.
Evlidir, 3 övladı var.

araz.az xəbər portalı.