Türkiyə hər zaman Azərbaycanın yanındadır. Başda Prezident İlham Əliyev olmaqla beynəlxalq əhəmiyyətli problemlərin müzakirəsində Azərbaycanın qəti və kəskin şəkildə Türkiyənin müdafiəsində olduğunun hər zaman şahidi olmuşuq.
araz.az Modern.az-a istinadən xəbər verir ki, bu ifadələri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop TBMM-nin ev sahibliyi ilə İstanbul və Mərmərə universitetlərinin birgə təşkilatçılığı əsasında keçirilən “Cənubi Qafqazda güc balansı və Qarabağ məsələsi” mövzusunda simpoziumun rəsmi açılışındakı geniş məruzəsində ifadə edib.
Azərbaycanın 44 gün ərzində böyük bir zəfər qazandığını, noyabrın 9-da imzalanan məlum bəyannamə əsasında müharibənin başa çatdığını, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu, Türkiyənin haqlı mübarizəmizdə ilk andan həmrəylik göstərərək yanımızda dayandığını diqqətə çatdıran Türkiyə parlamentinin sədri Mustafa Şentop deyib:
“Ermənistan Rusiyanı öz tərəfindən bu münaqişəyə cəlb etmək üçün bəzi səylər göstərdi. Lakin Prezident Vladimir Putin başda olmaqla Rusiya rəhbərləri münaqişənin Azərbaycan torpaqlarında getdiyini, məlum birgə müdafiə anlaşmalarının sadəcə Ermənistana bir hücum olduğu təqdirdə baş verə biləcəyini ifadə etdilər”.
Azərbaycana səfəri zamanı Gəncəyə səfər etdiyini, Ermənistan ordusunun yaşayış məskənlərinə və dinc əhaliyə hücumlarının acı nəticələrini şəxsən gördüyünü xatırladan parlamentin sədri deyib:
“Türkiyənin Azərbaycanı bu haqlı davasında dəstəkləməsinin səbəbləri və gerçəkləri var. Bunlardan biri tez-tez ifadə etdiyimiz “Bir millət, iki dövlət!” anlayışı çərçivəsində mövcud olan birlik, bərabərlik, dostluq və qardaşlığımızın ortaya qoyduğu dəstəkdir. “Bir millət, iki dövlət!” ifadəsi sadəcə bir şüardan ibarət mahnı deyil. Bunun həqiqət olduğunu həm Türkiyə, həm də Azərbaycan hər zaman mümkün olan, lazım bilinən hər məqamda ortaya qoymuş, sərt bir şəkildə ifadə etmişlər. Beynəlxalq toplantılarda bizim nümayəndələrimiz olmadığı hallarda Türkiyəyə qarşı əsasız hücumlara və tənqidlərə Azərbaycan təmsilçiləri, alimləri, siyasətçiləri həmin mərasimlərdə özlərinə qarşı hücum cəhdi kimi qəbul edib, cavablarını veriblər. Bənzər bir şəkildə Türkiyə hər bir məqamda, Azərbaycanın təmsil olunmadığı yerlərdə də ona olan dəstəyini kəskin və qəti şəkildə göstərmişdir”.
araz.az xəbər portalı.