Dolların məzənnəsində son günlər yaşanan eniş ABŞ-da baş verən etirazlarla bağlıdır. Lakin artıq siyasi gərginlik öz həllini tapıb. Yanvarın 21-i Co Bayden öz vəzifə səlahiyyətlərinə başlayacaq. Bundan sonra isə birjalarda baş verən dalğalanma sabitləşəcək və dolların məzənnəsində yenidən yüksəlmə olacaq.
Bu sözləri Axar.az-a iqtisadçı ekspert Natiq Cəfərli son vaxtlar dolların qiymətində yaşanan azalma haqda danışarkən deyib.
O bildirib ki, əslində, dolların dünya birjalarında indeksinin ucuzlaşması ABŞ iqtisadiyyatına müsbət təsir edir:
“Hazırda dünyada çox qəribə bir situasiya yaranıb. Bir çox ölkə öz milli valyutasının möhkəmlənməsində maraqlı deyil. Hətta avrozona da avronun dəyərinin yüksəlməsini istəmir. Avropa Mərkəzi Bankı avronun bahalaşmasına görə narahatdır, çünki bu, rəqabətli mühitə ziyan vurur.
Düşünürəm ki, gələcəkdə Federal Ehtiyat Sistemi və ABŞ hökumətinin atacağı addımlar dolların bahalaşmamasına yönələcək. Hazırkı proses ümumi iqtisadi maraqlar çərçivəsindədir. Ona görə də yaxın günlərdə dolların məzənnəsinin sabitləşəcəyi gözlənilir. Hazırda dollar indeksi dünyada 92 punkt səviyyəsindədir.
Federal Ehtiyat Sistemi bu il üçün ilk toplantısını yaxın həftələrdə keçirəcək. Həmin toplantıda qəbul ediləcək qərarlar yeni hökumətin iqtisadi yöndə hansı addımı atacağı ilə bağlı ipucları verəcək”.
araz.az xəbər portalı.