Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə siyasi partiyalarımızın beynəlxalq əlaqələrindən ölkəmizin maraqları naminə istifadə etmələrinin zəruriliyindən danışıb:
“Bir neçə ay bundan əvvəl mənə məlumat verildi ki, bəzi partiyalar qeydiyyatdan keçməyib. Mənim üçün bu, sözün düzü, yenilik idi. Mən bilmirdim. Mənə heç kim məlumat verməmişdi ki, belə hallar var. Ona görə mən dərhal göstəriş verdim ki, bu məsələ öz həllini tapmalıdır”.
Prezident İlham Əliyev bildirib ki, indi siyasi partiyaların qeydiyyat məsələsi öz həllini tapır: “Hətta bir daha demək istəyirəm ki, müharibədən əvvəl artıq ölkəmizdə yeni bir siyasi iqlim yaranmışdır, müsbət iqlim. Çünki bizim hamımızın, bütün vətənpərvər qüvvələrin bir amalı var idi – torpaqlarımızın işğaldan azad edilməsi. Biz, Azərbaycan iqtidarı buna da nail olduq. Bu gün isə bizim qarşımızda bu Qələbəni siyasi yollarla möhkəmləndirmək, erməni faşizminin baş qaldırmasına yol verməmək, beynəlxalq müstəvidə keçmiş münaqişə ilə və indiki reallıqlarla bağlı, o cümlədən dağıdılmış ərazilər haqqında məlumat çatdırmaq vəzifəsi durur. Bizim partiyalarımızın bəziləri beynəlxalq partiya qurumlarına üzvdürlər. Bu məlumat o qurumlar çərçivəsində verilməlidir. Yəni bu, gələcək fəaliyyət üçün əsas istiqamət olmalıdır. Əlbəttə ki, ölkə daxilində demokratikləşmə proseslərinə müsbət təsir etmək, partiyalararası dialoqu möhkəmləndirmək, çatışmazlıqlar haqqında məsələ qaldırmaq və normal, sağlam rəqabət aparmaq – biz bunu istəyirik. Biz öz niyyətimizi ortaya qoymuşuq və şadam ki, bütün siyasi qüvvələr bu təşəbbüsə qoşulubdur”.
“AMİP-in təmsil olunduğu beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyinə zidd hər hansı addımlar atılmayıb, bəyanatlar verilməyib”
Qeyd edək ki, Azərbaycanda doğrudan da beynəlxalq qurumlarda təmsil olunan siyasi partiyalar mövcuddur. Ciddi beynəlxalq əlaqələrə malik olan siyasi təsisatlardan biri Azərbaycan Milli İstiqlal Partiyasıdır (AMİP). Ölkə başçısının məlum çağ;rışına həmin partiyadan münasibət öyrəndik. AMİP-in beynəlxalq məsələlər üzrə sədr müavini Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan Milli İstiqlal Partiyası 25 ilə yaxındır beynəlxalq təşkilatlarla, xaricdə müxtəlif siyasi partiyalarla aktiv əməkdaşlıq edir: “Bu illər ərzindəki münasibətlərdə bizim üçün Dağlıq Qarabağ məsələsi hər zaman xüsusi yerdə dayanıb. Çalışmışıq ki, həmin təşkilatlar bu problemlə bağlı obyektiv məlumata malik olasunlar, eyni zamanda, yeri düşəndə həmin məlumatlardan istifadə etsinlər. Bu səbəbdəndir ki, AMİP-in təmsil olunduğu beynəlxalq təşkilatlarda, xüsusilə də Beynəlxalq Demokrat İttifaqında ( BDİ) indiyədək bu problemlə bağlı Azərbaycanın mövqeyinə zidd hər hansı addım atılmayıb, bəyanatlar verilməyib. Uzun müddətdir ki, Serj Sarkisyanın rəhbəri olduğu Respublikaçılar Partiyası və “Çiçəklənən Ermənistan” partiyası BDİ-yə üzv olmaq üçün çalışırlar. Hətta ciddi lobbiçilərinin olmasına baxmayaraq, bugünə qədər istədiklərinə nail ola bilmirlər. Bu, uzun illər aparılan işlərimizin nəticəsidir. Hər dəfə onların təqdimatı zamanı AMİP-in ortaya qoyduğu mövqenin xüsusi rolu olub. Müharibə dövründə isə daha operativ və gərgin iş rejimi ilə bu məsələlərlə məşğul olmuşuq. 44 gün ərzində əməkdaşlıq etdiyimiz siyasi partiyalara, beynəlxalq təşkilatlara geniş məlumatlar hazırlayıb göndərdik. Hər dəfə yenilənməklə 12 məlumat göndərildi. Bu o deməkdir ki, təxminən 4 gündən bir 20-yə yaxın nüfuzlu beynəlxalq təşkilata, 80-dən artıq siyasi partiyaya (onların əksəriyyəti öz ölkələrində hakimiyyətdədirlər ) bu məlumatlar göndərilib. Biz hətta monitorinq də apardıq ki, əməkdaşlıq etdiyimiz və məlumatlar göndərdiyimiz bu təşkilatların heç biri, hətta dövlətləri belə bizim əleyhimizə hər hansı mövqe ortaya qoymadılar. Ən uzağı, onlar tərəfləri atəşi dayandırmağa və sülh yolu ilə problemi həll etməyə çağırdılar. Əslində belə çağırışları normal qəbul etmək lazımdır. AMİP olaraq, müharibədən sonra da bu işləri davam etdiririk. İmkan vermək istəmirik ki, Ermənistan tərəfi, onların lobbiçiləri beynəlxalq ictimayyəti, siyasi dairələri aldadıb bizim əleyhimizə təbliğat aparsınlar. Bununla bağlı da sənədlər hazırlanıb və onlar mütəmadi yeniləndikcə həmin təşkilatlara göndərilir. Maraqlı və eyni zamanda xoş tərəfi də odur ki, bir cox siyasi partiyalar göndərilən məlumatlara cavab olaraq bizə müraciət edib özləri üçün bir daha dəqiqləşdirmələr aparır, suallar verirlər. Təbii, bütün bunlar cavablandırılır və inanırıq ki, nəticələri də yaxşı olacaq”.
Partiya funksioneri bildirdi ki, AMİP-in gələcəkdə seçkili orqanlarda və xüsusilə də parlamentdə təmsil olunması partiyanın beynəlxalq əlaqələrinə daha da təkan vermiş olacaq.
Məhəmmədəli QƏRİBLİ
araz.az xəbər portalı.