1610201296 507995 533647

Azərbaycan DTX-nın rəisi, general-polkovnik Əli Nağıyev erməni həmkarı Armen Abazyan ilə görüşüb.

Ovqat.com Ermənistan MTN-nin rəsmi məlumatına istinadən xəbər verir ki, tərəflər Azərbaycanla Ermənistan sərhədləri yaxınlığındakı neytral zonada görüşüblər.

Məlumatlardan aydın olur ki, görüş Naxçıvanın işğaldan azad edilməsini gözləyən Kərki kəndi yaxınlığında baş tutub.

Erməni xüsusi xidmət orqanının bildirdiyinə görə, görüşdə əsasən əsirlərin mübadiləsi məsələsi müzakirə olunub. Halbuki, Azərbaycan əlindəki bütün əsirləri azad edib. Hazırda bizdə qalanlar atəşkəs anlaşmasından sonra Azərbaycan ərazisinə gələn terroristlərdir ki, onlar da əsgər olmadıqlarından əsir kateqoriyasına girmirlər. İddialara görə, Ermənistan tərəfdə isə bizim iki əsirimiz var. Müzakirə mövzularından biri ermənilərin əlində olan həmin əsirlərin Azərbaycana təhvil verilməsi ola bilər. 



Digər bir mövzunun Naxçıvan MR-in Sədərək rayonunun Kərki kəndinin Azərbaycana təhvil verilməsi ola biləcəyi düşünülür. Qeyd edək kİ, bir müddət əvvəl erməni mediası da Kərkinin Azərbaycana təhvil veriləcəyini bildirmişdi. 

Baş çekistlərin Kərki yaxınlığında görüşmələri də bu ehtimalı gücləndirir.

Xatırladaq ki, general-polkovnik Əli Nağıyevlə onun erməni həmkarı Armen Abazyan dekabrın 30-da Moskvada da bir araya gəlmiş, erməni terror hərəkətlərinin qarşısının alınması və digər vacib məsələlərlə əlaqədar məlumat mübadiləsi etməyə qərar vermişdilər.

araz.az xəbər portalı.