gəncə sakini“Oktyabrın 4-də Ermənistanın Gəncə şəhərinə atdığı ilk raket mənim evimə düşüb. 6 nəfərdən ibarət ailə üzvlərimiz həmin gün evdə olduğuna görə hamımız yaralanmışıq. Ən ağır vəziyyətdə isə mənəm, sol gözümü itirmişəm, bədənim qəlpələrlə doludur. 4 aydır çadırda, avtomobildə yatırıq. Erməni terroru nəticəsində evi qəzalı vəziyyətə düşmüş hər ailəyə 6 min, hər ailə üzvünə 1500 manat vəsait ayrılıb, amma bizim haqqımızı vermirlər”.

araz.az  Azsiyasət.com-a istinadən  xəbər verir ki, bu iddia ilə qafqazinfo.az-a Gəncə şəhəri, Əziz Əliyev küçəsi ev: 9 ünvanında yaşayan Vüsalə Əliyeva müraciət edib. Onun sözlərinə görə, on otaqlı evinin bir hissəsini gözəllik salonu, bir hissəsini isə şirniyyat sexi kimi işlədib. İddiasına əsasən, ev tamamilə dağıldığından, ailə həm də gəlirindən məhrum olub:

“Evimiz bombalanan gün əynimizdə olan cırıq paltarlarla evdən çıxmışıq. Bəlkə də, iş yerim başqa yerdə olsaydı, dolana bilərdim, indi evlə yanaşı, həm də iş yerimdən olmuşam. Bu 4 ay ərzində 3 dəfə 250 manat kirayə pulu veriblər. Bu məbləğə 6 nəfərlik ailə üçün kirayə ev haradan tapım? Zərərçəkmişlər üçün ayrılan yataqxanaya da getdim, orada da yer yox idi. İndi də kartıma cəmi 1000 manat pul  qoymaq istəyirlər”. 

Şikayətçinin iddiasına görə, bu müddət ərzində müalicəsinə də yardım olunmayıb: “İki dəfə qonşuların, qohumların hesabına gözümdən əməliyyat olunmuşam. Qurumlar bizi qəbul etmirlər. Bizə bildirirlər ki, guya yardım ayrılmayıb. Gəncə Şəhər İH-nin başçısı ilə görüşmək üçün dəfələrlə gedib-gəldim, iki dəfə ərizə yazdım, amma məni onun yanına buraxmadılar. İcra Hakimiyyətinin baş hüquqşünası Xaqani Əbdüləzimov deyir ki, hamıya min manatdan pul veriləcək, gedin təzədən qərarı oxuyun”.

Şikayətlə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Rzayeva bildirdi ki, qiymətləndirilmə aparılan zaman bu ailənin evi “qismən zərərçəkmiş” kimi qeyd olunub:

“Nazirlər Kabinetinin 2020-ci il 11 noyabr tarixli sərəncamıyla mülki əhaliyə dəyən zərərin müəyyənləşdirilməsilə bağlı işçi qrupu yaradılıb. Bu işçi qrup mülki əhaliyə dəyən ziyanın müəyyənləşdirilməsi üçün işlər aparıb, yaşayış evlərinə baş çəkib və bu qeyd olunan şikayətçinin evi Tapdıq Abdullayevin adınadır. O ev tərtib olunan siyahıda “qismən zərərçəkmiş” kimi göstərilib. Ona görə vətəndaşa deyilib ki, ailəyə 1000 manat məbləği ödəniləcək. Amma həmin şəxs təkrarən işçi qrupuna müraciət edib. İşçi qrupu artıq Gəncədədir və ötən gündən etibarən təkrar fəaliyyətə başlayıblar. Hazırda bu vətəndaşın da müraciətinə təkrar baxılır”. 

Zərərçəkmişin tibbi müalicə xərclərinə gəlincə isə, G. Rzayeva bildirib ki, erməni terrorundan zərər çəkən şəxslərin tibbi xərcləri dövlət tərəfindən ödənir: “Görünür həmin vətəndaş özəl xəstəxanaya müraciət edib. Əgər müayinə və müalicəyə ehtiyac varsa, onu təkrar aidiyyati üzrə yönləndirə bilərik”.

Vətəndaşın İcra Hakimiyyətində qəbul edilməməsi məsələsi haqda da danışan G. Rzayeva bildirib ki, xüsusi karantin rejimi tətbiq olunandan artıq uzun müddətdir ki, qəbullar onlayn qaydada keçirilir. Bunun üçün vətəndaş ərizə ilə müraciət etməlidir: “Ərizə ilə müraciətdən sonra növbəlilik prinsipi ilə onlayn formada qəbullar həyata keçirilir. Ola bilər ki, həmin xanımın hələ görüş növbəsi çatmayıb”.

araz.az xəbər portalı.