WhatsApp Image 2021 01 10 at 19.32.27Ötən ilin sentyabr ayının 27-də başlayan və böyük zəfərlə bitən 44 günlük Vətən Müharibəsində, uzun zaman bu qələbəni dadmaq istəyində olan xalqımız özünün torpaq həsrətinə son qoyaraq, doğma Vətənin ərazi bütövlüyünün bərpası arzusuna çatdı.

 
Bu möhtəşəm qələbəyə gedən yolda, təbii ki, xalqımızın nəticəsi göz qabağında olan sarsılmaz birliyi, Milli Ordumuzun böyük şücaəti və möhtərəm Prezidentimizin — müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının uzaqgörən siyasəti ilə yanaşı, atdığı cəsur addımları da böyük rol oynadı.

 
Dünya tarixinə qızıl hərflərlə yazılan bu parlaq qələbədən dərhal sonra, sosial şəbəkələrdə səhifə və qruplar yaradanlar, eyni zamanda ziyalılar və ictimai xadimlər, eləcə də ayrı-ayrı ictimai təşkilatlar və siyasi qurumlar bu qələbədə böyük pay sahibi olan Ali Baş Komandanımıza “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adının verilməsi təşəbbüsü ilə çıxış etməyə başladılar. 
 
Ölkəmizin başçısına “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi təşəbbüsü ilə çıxış edənlərin sayı getdikcə daha da artır. Bu günlərdə, Rusiya Federasiyasının Kemerovo vilayətində — Kuzbas kimi tanıdığımız böyük bir regionunda məskunlaşan minlərlə soydaşımız da, bu təşəbbüslə çıxış ediblər.

 
Onlar, Kuzbasdakı regional ictimai təşkilatlar arasında, yarandığı gündən öz fəallığı ilə seçilərək, yaxşı tanınan və “Azərbaycanlıların “Dostluq” Milli — Mədəni Mərkəzi” adı altında fəaliyyət göstərən rəsmi diaspor qurumunun çoxsaylı üzvləridir.

 
Onlar da, Prezident İlham Əliyevə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adının verilməsi məsələsinin Azərbaycan Respublikası Milli Məclisinin iclasında müzakirəyə çıxarılması təklifini irəli sürüblər. Bu barədə, Milli Məclisə Müraciət də ünvanlayıblar. Mərkəzi ofisi Kuzbasdakı Novokuznetsk şəhərində yerləşən həmin Mərkəzin rəhbəri Fikrət Qasımovun araz.az-a da ünvanladığı həmin Müraciətin surətini, olduğu kimi, dəyərli oxucularımıza da təqdim edirik:
“AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN SƏDRİ SAHİBƏ XANIM QAFAROVAYA
 
                                                         MÜRACİƏT 
   

     Çox hörmətli Sahibə xanım!
 
 Xeyli vaxtdır Kuzbasda yaşasaq da, Azərbaycan torpaqlarında doğulan, milli təəssüb hissləri güclü Vətən övladları olaraq, həmişə, öz dədə-baba torpaqlarımızda baş verən hadisələrlə yaxından maraqlanmışıq — xalqımızın sevincinə sevinmiş, kədərini özümüzünkü bilmişik.
 
Bir sözlə, müxtəlif səbəblər ucbatından Rusiya Federasiyasının bu böyük vilayətində məskunlaşan 18 min nəfərdən çox azərbaycanlı olaraq, doğma Vətəndən uzaq düşsək də, ürəyimiz hər zaman Azərbaycanımızın yanında olub, qəlbimiz daim onun yaşadıqlarıyla döyünüb.

 
Ölkəmizdə gedən bütün prosesləri həmişə yaxından izlədiyimiz üçün, lazım gəldikdə, öz köməyimizi belə ondan əsirgəməmişik. Yaşadığımız bu nəhəng ölkədə isə, qanımız-canımız qədər sevdiyimiz doğma Azərbaycanımızın adını hər zaman gördüyümüz öz yaxşı işlərimizlə, həmişə xatırlanacaq xoş əməllərimizlə  yüksəklərdə saxlamağa çalışmışıq. 
 
Elə, 30 il qəsbkar və mənfur düşmən tapdağında inləyən Qarabağ torpaqlarımız və oralarda baş verən olaylar üçün də, bir gözümüz ağlayıb, digəri gülüb həmişə. Məhz bu narahatlığımıza görə də, ətrafında birləşdiyimiz rəsmi diaspor qurumumuz — “Azərbaycanlıların “Dostluq” Milli — Mədəni Mərkəzi” adından, həmişə, Qarabağ həqiqətlərinin dünya xalqlarına çatdırılması istiqamətində çalışmaqdan, dəfələrlə beynəlxalq qurumlara müraciət və bəyanatlar ünvanlamaqdan heç vaxt yorulmamışıq.

 
Ona görə ki, xalqımıza qürurunu və inamını qaytarmaq, birliyini və yekdilliyini bərqərar etmək üçün, Ümummilli Liderimiz Heydər Əliyevin vəsiyyətləri əsasında Prezident İlham Əliyevin etdikləri daim bizə ruh verib.

 
Beləcə, o vaxtlar bizdə tam və qəti əminlik yaranıb ki, ölkə rəhbəri tərəfindən bütün bu edilənlər müqabilində, Azərbaycanımıza əbədi yadigar qalacaq Böyük Qələbə Günümüzə az qalıb — bu möhtəşəm qələbəyə doğru addım-addım qətiyyətlə yaxınlaşırıq! Elə, 44 günlük Vətən Müharibəsindəki möhtəşəm Qələbəmiz də, bu əminlikdə yanılmadığımızın təsdiqi oldu.

 
Ali Baş Komandanımızın çağırışı ilə, onun ətrafında sıx birləşən cəsur Vətən övladları qəsbkar düşmən üzərində tarixə yazılan bir qələbə qazandılar. Bu danılmaz bir həqiqətdir ki, bu vaxtadək xalqımızın heç vaxt nəticəsi göz qabağında olan belə bir birliyi olmamışdı və Ali Baş Komandanımızın ətrafındakı bu sarsılmaz birliyin möhtəşəm nəticəsi heç vaxt unudulmayacaq. Həm də ona görə ki, bu Böyük Qələbəyə gedən yolda Ali Baş Komandanımıza çoxsaylı təzyiqlər olsa da, o, bunlara baxmadı və bu sarsılmaz birliyə güvənərək, sonadək inamla getdi və elə bunun nəticəsində də, işğal altında inləyən dədə-baba torpaqlarımız erməni qəsbkarlarından təmizləndi.
          
 
Möhtərəm sədr! 
 
Sözsüz ki, bu parlaq Qələbə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının yürütdüyü qətiyyətli siyasətin, eləcə də illərdi sərf etdiyi gərgin əməyi hesabına nail olduğu yüksək ordu quruculuğunun nəticəsiydi. Bunlara, eləcə də son illər cənab Prezidentimizin bacarıqlı idarəçiliyi, siyasi iradəsi, diplomotik uzaqgörənliyi sayəsində Azərbaycanımızın həm beynəlxalq siyasi arenada, həm də iqtisadi sahədə görünməmiş tərəqqiyə nail olmasına güvənərək, Sizə və rəhbəri olduğunuz Milli Məclis üzvlərinə müraciət edirik.

 
Bu müraciətimizlə Azərbaycan Respublikasının ən yüksək “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adının möhtərəm Prezidentimizə verilməsi məsələsinin Milli Məclisin iclasında müzakirəyə çıxarılması təklifini irəli sürür, bu fəxri adın tezliklə Ali Baş Komandanımıza verilməsini istəyirik.

 
Bu, bizim kimi, dünyanın dörd bir yanında məskunlaşan çoxsaylı soydaşlarımızın da istəyinin həyata keçməsi olardı. Çünki  müzəffər Ali Baş Komandanımızın qətiyyətli siyasəti, Ordu quruculuğundakı misilsiz uğurları nəticəsində, xalqımız çoxdan gözlədiyi Böyük Qələbənin sevincini yaşayır. Həm də bu Böyük Qələbə tək torpaqlarımızı geri qaytarmadı, eyni zamanda müzəffər Ali Baş Komandanımızın xalqa verdiyi bütün vədlərə əməl edərək, bir daha millətinin yanında olduğunu sübut etmiş, üstəlik, dövlətimizin istənilən tapşırığı yerinə yetirə biləcək qüdrətli Milli Ordusunun gücünü bütün dünyaya göstərmiş oldu. Ürəkaçan bu kimi xəbərlər bizim üçün də xoş olub həmişə! 
 
Dünya tarixinə qızıl hərflərlə yazılan möhtəşəm Qələbəyə görə, Milli Ordumuza, xalqımızın sarsılmaz birliyinə nail olan Ali Baş Komandanımıza xüsusi minnətdarlıq ifadəsi olan təşəkkürlərimiz sonsuzdur! Bu münasibətlə cənab Prezidentimizi, onun timsalında bütün xalqımızı bir daha ürəkdən təbrik edirik! Böyük Allahdan isə, Şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirik! İnanırıq və tam əminik ki, xalqımızın sözünü deyən millət vəkillərimiz bizi dəstəkləyəcək, zəfərlə başa çatan bu müharibədə misilsiz zəhməti olan, onsuz da qəlbimizdə artıq heykəlini qurduğumuz və xüsusi məhəbbətimizi qazanan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə  “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adının verilməsi barədə irəli sürdüyümüz bu təklifimizi dəstəkləyəcək, ən tez bir zamanda soydaşlarının bu arzusunu da gerçəkləşdirmiş olacaqlar. Bir də ki, damarında Azərbaycan qanı axan hər kəsin bizimlə həmrəy olub, bizi dəstəkləyəcəklərinə tam əminik!
Rusiya Federasiyasının Kemerovo vilayətinin Novokuznetsk şəhərindəki 

Azərbaycanlıların “Dostluq” Milli — Mədəni Mərkəzi”nin üzvləri adından,
 
Dərin hörmət və səmimi duyğularla,
 
 
FİKRƏT QASIMOV,
Mərkəzin sədri”.         
 
 
Rəşad CƏFƏRLİ,      
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.