Korrupsiyaya qarşı mübarizə çərçivəsində korrupsionerlərə qarşı daha dəqiq zərbələr endirməliyik.
araz.az Axar.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Real TV-yə müsahibəsində deyib.
“Bu cinayətləri törədənlərə qarşı həmin sahədə korrupsiya şəbəkələri müəyyən edilməklə onların məhv edilməsi istiqamətində işlər davam etdirilməlidir. Onları elə məhv etməliyik ki, daha yerində başqa şəbəkələr yaranmasın”, – K.Əliyev əlavə edib.
Ziyanın ödənilməsi istiqamətində Baş Prokurorluq tərəfindən həyata keçirilən işlərdən danışan K.Əliyev qeyd edib ki, korrupsiya cinayətləri nəticəsində dövlətə və vətəndaşlara vurulmuş ziyanın ödənilməsi çox vacibdir:
“Çünki dövlət büdcəsinə və vətəndaşlara vurulan ziyanın bərpası çox mühümdür. Bir çox işlərdə vətəndaşlara vurulan ziyanlarla bağlı vətəndaşları daha çox onlara vurulan ziyanın ödənilməsi maraqlandırır, nəinki təqsirli şəxsin məsuliyyətə cəlb edilməsi. Təbii ki, bunların hər ikisi təmin edilməlidir: Həm vətəndaşa və dövlətə vurulan ziyan bərpa edilməli, həm də təqsirli şəxs məsuliyyətə cəlb olunmalıdır. Ona görə də bu sahədə tərəfimizdən priorititet istiqamət müəyyən edilməlidir. Mən korrupsiyaya qarşı mübarizə məsələsini nəzərdə tuturam. Sistemli və məqsədyönlü şəkildə fəaliyyətimiz həyata keçirilməlidir. Ümid edirəm ki, belə də olacaq”.
araz.az xəbər portalı.