əkillər Kollegiyasının sədri Anar Bağırov bəzi vəkillərin şikayət yazarkən səhvə yol verməsi ilə bağlı açıqlama yayıb.
Femida.az-ın xəbərinə görə, sədr bildirib ki, ölkədə 1844 nəfər vəkil var, barmaqla sayılası bir neçə kassasiya və əlavə kassasiya şikayətində diqqətsizlik olub, səhv aşkarlanıb:
“Bunu bütün vəkillərdən narazılıq kimi təqdim etməklə məsələni təhrif etmək kimə və nə üçün lazımdır?! Nəzərə alın ki, məhz bizim vəkillərimizin şikayətləri əsasında hər il müxtəlif instansiya məhkəmələrin qəbul etdikləri minlərlə qətnamə, qərardad, qərar və hökmlər tam və ya qismən ləğv olunur, dəyişdirilir. Bəzən 3 hakimdən ibarət məhkəmə tərkibinin qərarı bir vəkilin əsaslı şikayəti əsasında ləğv olunur. Təbii ki, heç vaxt razı olmaram ki, bu, hakimlərin peşəkarlığının aşağı səviyyəsi ilə izah olunsun və cəmiyyətə bu cür təqdim edilsin. Səhv mümkündür və heç kəs səhvdən sığortalanmayıb.
İşçi qaydada yazışmanı və peşədaxili müzakirəni başqa istiqamətdə təhrif etmək qəti şəkildə yolverilməzdir. Bunu peşəkar jurnalistikaya yaraşdırmıram və bu məlumatı KİV-ə göndərən vəkil həmkarları daha məsuliyyətli olmağa, peşə maraqlarını şəxsi maraqlara qurban verməməyə və ciddiyyətə dəvət edirəm”, – Kollegiya sədri bildirib.
Amin Nəzərli
araz.az xəbər portalı.