Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskva görüşü barədə ÖZ müşahidələrimi yaza bilmirəm. Çünki həmin görüşü mən də sizin kimi ancaq rəsmi təqdim olunan xəbərlərdən izləyirdim. Xarici işlər nazirlərinin 9 oktyabr 2020-ci il tarixli Moskva görüşündən fərqli olaraq dövlət başçılarının görüşünü ancaq Rusiya rəsmi mediası “birinci əl”dən işıqlandırırdı. Məndə olan məlumata görə, rəsmi İrəvan Kremldən görüşə beynəlxalq medianın buraxılmamasını, ümumiyyətlə medianın iştirak etməməsini, ya da mümkündürsə, məhdud iştirakını xahiş etmişdi. Ona görə də, dünyanın nəhəng media orqanları bu görüşə akkreditə olunmamışdılar.
Kreml İrəvanın xahişini yerinə yetirmişdi. Görüşü demək olar ki, Rusiya prezidentinin şəxsi operator və fotoqrafları işıqlandırıb. Video və fotolar daha sonra mediaya ötürülüb. Rusiya prezidentinin “jurnalist pulu”na daxil olan media nümayəndələri belə görüşə buraxılmayıblar. Beləliklə, üçtərəfli görüşü mən daxil olmaqla Rusiyada akkredite olunmuş bütün xarici müxbirlər Rusiyanın rəsmi mediasının “monitor”undan, Rusiya jurnalistinin baxış bucağından izləyirdilər. Bu səbəbdən də ancaq Rusiya jurnalistinin baxış bucağından işıqlandırılan üçtərəfli görüş barədə fikirlərimi bölüşmək istəyirəm.
Görüş öncəsi…
Ümumiyyətlə, məndə olan məlumata görə, 11 yanvar görüşü son ana qədər gizli saxlanılmalı imiş. Lakin Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın kürəkəni, Vatikandakı keçmiş səfir Mikael Minasyanın “Telegram” kanalında 11 yanvar tarixində Moskvada üçtərəfli görüşün keçirilməsinin planlaşdırıldığı və Paşinyanın növbəti dəfə Ermənistan əleyhinə sənədə imza atacağı barədə paylaşımı bütün gizliliyi pozur. Məhz bundan sonra Rusiya mediası “diplomatik mənbələr”ə istinadən 11 yanvarda Moskvada üçtərəfli görüşün keçiriləcəyini yazmağa məcbur olur. Kreml isə üçtərəfli görüş barədə məlumatı ancaq görüşə bir gün qalmış, yanvarın 10-da təsdiqləyir. Həmin gün Putin bu görüşlə bağlı fransalı həmkarı Emmanuel Makrona zəng edir, müzakirələr aparır, daha sonra isə XİN başçısı, Təhlükəsizlik Şurasının katibi, müdafiə naziri və xüsusi xidmət orqanlarının rəhbərləri ilə üçtərəfli görüş öncəsi müşavirə keçirir.
Minasyanın gizliliyi pozmasından sonra Rusiyadakı erməni diasporu hərəkətə keçir. Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyan Paşinyanın Moskvaya gəlməsinə qəti etiraz edir və Rusiya ermənilərini bu səfərə etiraz etməyə çağırır. Beləliklə, bir qrup erməni Paşinyanın Moskvaya səfər etməsinin qarşısı almaq üçün İrəvanda, digər qrup isə Moskvada Ermənistan səfirliyi önündə aksiya keçirir. Yanvarın 11-də səhər saatlarından Moskva polisi Ermənistan səfirliyinin binası önündə təhlükəsizlik tədbirlərini gücləndirir. Rusiyadakı erməni diasporunun bütün səy(lik)lərinə baxmayaraq Paşinyanın Moskvaya səfəri baş tutur.
“Vnukovo 2” hava limanından dövlət başçıları birbaşa görüşün keçiriləcəyi məkana, Kremlə yollanırlar. Moskva vaxtı ilə təxminən 14-də görüş başlayır. Üçtərəfli görüş Kremlin “Nümayəndəlik kabinetin”ndə (“Predstavitelskiy kabinet”) keçirilirdi.
Adətən Rusiya prezidenti bu kabinetdə ABŞ-dan gələn yüksək səviyyəli nümayəndə heyətlərini qəbul edir. ABŞ dövlət katibi Mayk Pompeonu, Donald Trampın beynəlxalq təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonu məhz Kremlin bu zalında, məhz bu oval şəkilli masa arxasında qəbul etmişdi. Ümumiyyətlə, çoxtərəfli görüşlər və ya nümayəndə heyətləri ilə Rusiya prezidentinin görüşləri Kremldə məhz “nümayəndəlik kabineti”ndə təşkil olunur.
Görüşün protokol hissəsində yalnız Rusiya prezidenti çıxış edir. Həmin çıxışda üçtərəfli görüşdə hansı məsələlərin müzakirə olunacağı və ictimiayyətə açıqlanacağı müəyyən olunur. “Fikrimcə, bu gün, ilk növbədə, ötən il 9 noyabr tarixli birgə Bəyanatda göstərilmiş əsas nizamlama istiqamətləri üzrə növbəti addımların razılaşdırılması vacib olardı. Mən Rusiya sülhməramlı kontingentinin fəaliyyəti, demarkasiya xətlərinin dəqiqləşdirilməsi, humanitar problemlərin həlli, mədəni irs obyektlərinin qorunması ilə bağlı məsələləri nəzərdə tuturam”,-deyə Rusiya prezidenti üçtərəfli görüşün əvvəlində bildirib. Beləliklə, görüşün əsas müzakirə mövzusu məlum olur. O da məlum olur ki, Erməni tərəfinin “status” və “üçtərəfli bəyanatdan sonra Xocavəndə diversiya törətməyə cəhd edən 62 nəfərdən ibarət terrorçu dəstənin-(erməni tərəfi onları hərbi əsir adlandırır) geri qaytarılması” məsələləri gündəmdə olmayacaq.
Üçtərəfli görüş dörd saata yaxın davam edir. Daha sonra dövlət başçıları “mətbuat nümayəndələri” qarşısına çıxırlar. “Mətbuat nümayəndələri” ifadəsini ona görə dırnaq arasında verirəm ki, orada heç bir mətbuat nümayəndəsi olmayıb. Sadəcə olaraq prezidentlər kameralar və mikrafonlar önünə çıxıblar. Rusiyanın “Kommersant” qəzetinin məlumatına görə, erməni tərəfi danışıqlara qədər hansısa bəyanat və ya sənədi imzalamaqdan qəti şəkildə imtina edib. Lakin Rusiya prezidentinin çıxışından məlum olur ki, birgə bəyanat imzalanıb.
Dövlət başçılarının çıxışlarından gəldiyim nəticə:
Moskva görüşünün ictimaiyyətə açıqlanan əsas məqsədi regionun 30 ildən çoxdur ki, bloklanmış vəziyyətdə olan iqtisadi və nəqliyyat əlaqələrini bərpa etməkdən ibarət olub. Bununla bağlı birgə bəyanatda konkret addımların atılması, baş nazirlərin müavinləri səviyyəsində üçtərəfli İşçi qrupun və ekspertlərədn ibarət alt işçi qrupların yaradılması, onlar qarşısında konkret vaxt və tapşırıqların qoyulması buna dəlalət edir. İctimiayyətə açıqlanmasa da, Laçın dəhlizində Azərbaycan əsgərlərinin müşahidə aparması, erməni silahlı birləşmələrinin DQ-dan tam çıxarılması, hələlik, ermənilərin, daha doğrusu Rusiyanın nəzarətində olan Xankəndi və digər rayonların tədricən Azərbaycanın yurisdiksiyasına verilməsi prosesi müzakirə üçtərəfli görüşdə müzakirə olunub. Aydın məsələdir ki, bu qısa bir zamanda həll olunan məsələ deyil, amma uzun zaman da tələb etmir. Qəbul olunmuş birgə bəyanatdan, Azərbaycan və Rusiya prezidentlərinin görüşün yekunları ilə bağlı çıxışlarından məlum olur ki, Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb. Baxmayaraq ki, Paşinyan münaqişənin sonacan nizamlanmadığını bildirərək şikayət edib, Xocavəndə diversiya törədən 62 erməni hərbçisinin qaytarılması məsələsinin həll olunmadığını bildirib, yenə də öz ampluasında qalaraq Dağlıq Qarabağın yekun “statusu”ndan danışıb. Paşinyan hətta, biraz da irəli gedərək bu məsələnin Rusiya, Azərbaycan, Ermənistan-üçtərəfli formatında deyil, Minsk Qrupu formatında həllinə hazır olduqlarını bəyan edib. Bununla da Ermənistan baş naziri üçtərəfli görüşdə onun təkliflərinin qulaqardına vurulduğunu bəyan etmiş olub.
Azərbaycan üçün digər önəmli məqam isə Rusiya prezidentinin bu dəfəki çıxışında qətiyyən “status” məsələsinə toxunmaması idi. Xatırladım ki, 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra Vladimir Putin müsahibə və çıxışlarında Dağlıq Qarabağın yekun status məsələsinə bir neçə dəfə toxunub. Lakin bu dəfə isə Rusiya prezidenti bu barədə bir kəlmə də olsun danışmadı. Məhz bunun nəticəsi idi ki, daim ermənipərəst mövqeyi ilə seçilən, Azərbaycanın ərazi bütövlüyünə qarşı tez-tez təxribatlara yol verən “Birinci” kanalının (“Pervıy” kanal) əsas xəbər buraxılışında yayımlanan üçtərəfli görüş barədə 12 dəqiqəlik sujetdə Azərbaycan xəritəsi uzun illərdən sonra ilk dəfə düzgün nümayiş olundu.
Xəritədə daha qondarma rejimin “sərhədləri” qeyd olunmayıb. Hətta 44 günlük müharibədən sonra ermənilərin nəzarətində qalan ərazilərimiz belə bütünliklə bir rəngdə, Azərbaycan ərazisi kimi təqdim olunub. Həmin sujetdə Azərbaycanın Ermənistan ərazisində istifadə etməklə Naxçıvan və Türkiyə ilə, Ermənistanın isə Azərbaycan ərazisindən istifadə etməklə Rusiya və İranla quru yol əlaqələrinin bərpa olunacağı xüsusi vurğulanıb. Azərbaycan prezidentinin qeyd etdiyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb, indi gələcək haqqında, mehriban qonşuluq münasibətlərində yaşamaq haqqında düşünməyin vaxtıdır.
Paşinyan isə İrəvana əliboş qayıdır. Çünki, Ermənistan üçün həm “status”, həm də ki, “62 nəfər vətəndaşının geri qaytarılması” məsələsi həll olunmamış qalır.
Buradan da görünür ki, Moskva görüşünü doğrudan da vacib və faydalı hesab etmək olar. Əvvəl də dediyim kimi, müharibə bitib, amma mübarizə davam edir. /modern.az/
araz.az xəbər portalı.