ilham putinnn

Görüşün əsas nəticəsi vəziyyətin bundan sonra hansı formatda inkişaf edəcəyi məsələsindən ibarətdir.

araz.az  Axar.az-a istinadən xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Moskvada keçirilən Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşünün nəticələrini şərh edərkən deyib.

“Açıq demək lazımdır, ilk növbədə Paşinyan və ümumilikdə Ermənistan tərəfi, həmçinin Rusiyadakı ermənipərəst qüvvələr bu münaqişənin nizamlanması prosesinin davam etdirilməsini ATƏT-in Minsk Qrupu çərçivəsində görürlər. Madrid prinsiplərindən irəli gələn bütün vəzifələr yerinə yetirilib və ermənilərin fikrincə, yalnız bir prinsip yerinə yetirilməmiş qalıb, o da Dağlıq Qarabağın statusudur. Ona görə də onların əsas məqsədi məhz bu bəndlə bağlıdır. Aydındır ki, Makronun görüşdən əvvəl Putinə zəng etməsi və qalan hər şey məhz bu məsələ ətrafında fırlanır”, – ekspert deyib.

T.Zülfüqarovun sözlərinə görə, Azərbaycan Ermənistan tərəfindən fərqli olaraq, vəziyyətə başqa cür baxır və Ermənistanı ondan asılı olan və onunla bağlı olan məsələlər kontekstində nəzərdən keçirir:

“Bu, Ermənistanla Azərbaycan arasındakı sərhədlərin ilkin delimitasiyası, kommunikasiyaların, xüsusilə də Mehri dəhlizinin bərpasıdır. Çünki məhz bu dəhlizin bərpası regional iqtisadi inkişafı nəzərdə tutur. İmzalanan bəyanata diqqət yetirək, demək olar ki, 4-cü bənd bötövlüklə məhz bu məsələ ilə bağlıdır ki, bu da Rusiyanın məsələyə Azərbaycandan az diqqət yetirmədiyini göstərir”.

Ekspert görüşün yekunlarından danışarkən əlavə edib ki, Paşinyan bizdə diversant sayılan hərbi əsirləri almayıb:

“Ermənistan tərəfi 10 noyabr Bəyanatındakı öhdəliklərini yerinə yetirməyib və qoşunlarını ərazidən çıxarmayıb. Odur ki, Ermənistanın istənilən hərbçisi Azərbaycan ərazisində hərbi əsir yox, terrorçu təsnifatına düşür. Bu məsələ ilə bağlı danışıqlar davam edəcək”.

Politoloq onu da əlavə edib ki, ekspertlər və Azərbaycanın bütün əhalisi bu münaqişədə ölkəmizin mövqeyini tam anlamalıdır:

“Azərbaycan aşağıdakı strategiyanı tətbiq edir: Qərbin bu vəziyyətə təsiri inkişaf etməkdə olan Rusiya-Türkiyə əməkdaşlığı ilə neytrallaşdırılır. Türkiyə də öz növbəsində Rusiya-Türkiyə tandemi çərçivəsində Rusiyanın mənfi hərəkətlərini neytrallaşdıran bənd kimi çıxış edir. İlham Əliyevin qurduğu bu mürəkkəb konstruksiya Azərbaycana postmüharibə dövründə yüksək səmərəlilik dərəcəsini təmin edir. Buna görə də ekspert mühitimizdə Rusiya-Türkiyə modelinin mexanizmi ilə bağlı tənqidlər səslənəndə anlaşılmalıdır ki, bu mövqe, ilk növbədə, Minsk Qrupunun və bu qrupu dəstəkləyən ölkələrin maraqlarına cavab verir. Bax, bizim bu cür həssas, lakin tarazlaşdırılmış konfiqurasiyamız var və mənim fikrimcə, bu konfiqurasiya görüşdə öz effektivliyini göstərib”.

Analitikin sözlərinə görə, Paşinyanın Qarabağın statusu haqqında bəyanatına gəlincə, Rusiya və Türkiyə Qarabağ məsələsinin həll olunduğunu, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan ediblər:

“Bu halda Ermənistanın ATƏT-in Minsk Qrupunu yenidən canlandırmaq cəhdləri ondan irəli gəlir ki, onların fikrincə, Madrid prinsiplərinin üçüncü bəndi yerinə yetirilməyib, Azərbaycan isə hesab edir ki, o bənd yerinə yetirilib. Ümumiyyətlə, demək lazımdır ki, Minsk Qrupu tarixdə ən uğursuz vasitəçiliyin nümunəsidir. Buna görə də bu kontekstdə Rusiya-Türkiyə tandemi Qərbi, indiki halda ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanı neytrallaşdırır.

Moskva ilə Ankara da bu məsələdə bir-birini tarazlaşdırır. Bax, belə bir sxemdir.

Status məsələsinə gəldikdə isə onun aktuallığı bizim üçün gələcəkdə meydana çıxan problemlərin həllinə görə Rusiya-Türkiyə formatını nə qədər dəstəkləyə biləcəyimizdən asılıdır. Əks təqdirdə, Rusiya Türkiyənin olmadığı ATƏT-in Minsk Qrupunun həmsədri olduğunu xatırlayacaq. Münaqişənin bu mərhələsinin əsas intriqası bundan ibarətdir”, – o vurğulayıb.

araz.az xəbər portalı.