Bir neçə gün öncə bildirildi ki, 2018-ci il aprelin 1-dən qüvvəyə minəcək 5 maddədən ibarət qanun layihəsinə əsasən, 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları olan sığorta edənlərin borcları tam məbləğdə silinir.
Təbii ki, bu, borcu olan vətəndaşlar üçün sevindirici xəbərdir. Maraqlıdır, ölkə əhalisi dövlətdən, əsasən, hansı borcların silinməsini istəyir? Sputnik Azərbaycan elə bu sualla da sosial şəbəkələrdə sorğu keçirib.
Sosial şəbəkə istifadəçilərinin bir-birindən fərqli istəklərini olduğu kimi təqdim edirik:
Taleh Əmirli: “Əlbəttə, 10 min dollara kimi kreditlərin tam silinməsini istəyirəm. Dövlətimiz tərəfindən xalqa ən böyük müjdə bu olar”.
Saşа Abbasov: “Məhkəmə borclarının bağışlanmasını istərdim”.
Sənani Hüseyn: “Əlbəttə ki, kreditlərin silinməsi ən gözəl hadisə olardı”.
Nilufər Nil: “Ümumiyyətlə, mənim anlamadığım budur ki, niyə fiziki şəxslərə məcburi sosial sığorta haqqı tətbiq edilir? Özəl şirkətdə işləyənlərin əmək haqqından niyə məcburi dövlət sosial sığortası tutulur? Yəni hansı haqla? Hansı əsasla? Dövlət məcburi sığorta haqqını o adama tətbiq etməlidir ki, həmin adam dövlət işində çalışsın, dövlət ona əmək haqqı versin və s. Yəni mən belə düşünürəm. Təkcə bu yox, vergi haqqında da belə düşünürəm”.
Məzahir Məmmədov: “Əhalinin banklara olan kredit borclarını silsin”.
Leyla Vəfadarqızı: “Torpağa qoyulan vergiləri. Çünki elə torpaqlar var ki, bir neçə dəfə əkin əkəndən sonra məhsul vermir və məcburən dincliyə buraxılır 2 ya 3 il. Buna da mənasız yerə vergi ödənilir, həm də yüksək faizlə”.
Əziz Əlibəyli: “Kredit borcunun silinməsini istəyirəm”.
İsaq Mayılov: “Su borcunun silinməsini istərdik. Sayğacdan öncəki borcları nəzərdə tuturam. Adambaşına görə yazılan məbləğlər heç də həqiqətə uyğun deyil deyə borc çox gəlib”.
Tərxan Paşazadə: “Sorğunun istiqaməti ilə bağlı mənim dövlətə borcum yoxdur. Amma yaxşı olar ki, aidiyyatı üzrə dövlət qurumları ilk növbədə kredit məsələləri ilə bağlı yüngülləşdirici tədbirlər həyata keçirsinlər.
Kommunal məsələlərlə bağlı yaranmış borclara görə isə vətəndaşların işığının, suyunun, qazının kəsilməsinə birdəfəlik son qoyulsun. Borclu vətəndaşlardan borcların alınması istiqamətində də ilk növbədə silinmə istiqamətli, bu mümkün olmadıqda isə müəyyən müddətli ödəmə tədbirləri həyata keçirilsin. Bunun üçün bələdiyyələri də bu məsələlərin həllinə yönəltmək lazımdır. Düşünürəm ki, hər bir bələdiyyə fəaliyyətini elə qurmalıdır ki, vətəndaşların kommunal problemlərinin, kommunal borclarının ödənilməsi istiqamətində mühüm tədbirlər həyata keçirməklə vətəndaş-dövlət münasibətlərində müvafiq məsələlərlə bağlı yaranan problemlər minimal səviyyəyə ensin”.
Nara Rəşidova: “Bakiya baxanda, Qax dəhşət soyuq olur. Hər kəsdə də istilik fərdidir. Ya soba, ya da kombi sistemidir. Qaza qoyulan limit yanvar və fevral ayında bitir. Bizdə hava iyunda isinir, sentyabr ayında soyuyur. İstərdim ki, bu limiti ya ləğv eləsinlər, ya da çoxaltsınlar”. (manevr.az)
araz.az xəbər portalı.