Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı, “Xəzər Lənkəran” klubunun prezidenti Mübariz Mənsimov bu gün yenidən məhkəmə qarşısına çıxarılacaq.
Bakı vaxtı ilə saat 11:00-da Türkiyə Cümhuriyyətinin 27-ci İstanbul Ağır Cəza məhkəməsi azərbaycanlı iş adamı, “Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimov barəsində irəli sürülən ittihamnaməyə baxacaq.
Bu barədə araz.az -a məlumat verən “Palmali Holdingin” mətbuat xidmətinin rəhbəri Fidan Quliyevanın bildirdiyinə görə, sayca 3-cü olacaq məhkəmə iclası ictimaiyyət və mətbuat üçün açıq olacaq.
F.Quliyeva həmçinin qeyd edib ki, bundan əvvəlki məhkəmə iclasından fərqli olaraq, bu dəfə Mübariz Mənsimov məhkəmə salonuna gətiriləcək.
“Palmali” şirkətinin sahibi Mübariz Mənsimov kürsüyə çıxıb özünü müdafiə üçün son sözünü deyəcək:
“Məhkəmə iclasının başlayacağı son ana qədər hansısa dəlil və ya yeni şahid çıxmazsa, hökm oxunacaq.
Şirkət rəsmisi Türkiyədə ədalət sisteminə inandığını və Mübariz Mənsimovun azadlığa çıxacağına inandıqlarını vurğulayıb.
İş adamının səhhətinə gəlincə, F.Quliyeva Mübariz Mənsimovun özünü yaxşı hiss etmədiyini deyib:
“Böyrəklərində ağrılar var, vəkillər isə onun sancıdan otura bilmədiyini, ayaq üstündə dayana bilmədiyini deyirlər. Qan analizləri heç yaxşı deyil, lakin buna baxmayaraq Mübariz bəy xəstəxanaya aparılmayıb. Müalicəni lazımi səviyyədə apara bilməyəcək tibb məntəqəsinə gətirilərək orada tibbi xidmət alır”.
Xatırladaq ki, Mübariz Mənsimov Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən 2020-ci ilin mart ayının 15-də saxlanılıb, martın 17-də isə onun barəsində həbs qətimkan tədbiri seçilib. Azərbaycanlı iş adamı FETÖ terror təşkilatı ilə əməkdaşlıqda ittiham olunur.
Mübariz Mənsimov ilk gündən ittihamları rədd edir və bu işin ona qarşı əvvəlcədən planlaşdırılmış qurğu olduğunu bildirir. İş adamı həbsdə olduğu müddətdə də dəfələrlə bildirib ki, onun FETÖ terror təşkilatı ilə heç vaxt əlaqəsi olmayıb.
Mübariz Mənsimov onu da vurğulayıb ki, özü və rəhbərlik etdiyi “Palmali” şirkəti hər zaman Azərbaycanın və Türkiyənin dövlətçiliyini dəstəkləyib və dəstəkləyəcək.
araz.az xəbər portalı.