“11 yanvar Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskva görüşündə imzalanmış Bəyannamə, sözsüz ki, əsasən, iqtisadi, humanitar və tranzit xarakterli məqsədləri ilə, siyasi nəticəyə hesablanmışdır.
Bu, həm də Azərbaycanın tam nəzarətində olmayan ərazilərimizin mərhələli şəkildə onun yurisdiksiyasına keçməsinin ilkin mərhələsidir. Təbii ki, açıq qalan suallar çoxdur, ancaq 11 yanvar Moskva Bəyannaməsinin icrası, həm də Ermənistan və Azərbaycan dövlət sərhədlərinin mümkün qədər tez zaman daxilində dəqiqləşdirilməsini olduqca vacib məsələ kimi müəyyən edir.
Azərbaycan dövlətini və xalqını ilk növbədə narahat edən məsələ Ermənistanın mənimsədiyi və işğal etdiyi sərhəd boyu bəzi ərazilərimizin geri qaytarılmasıdır. Məlum Moskva razılaşması bu məsələnin tez bir zamanda həllini tələb edir.”
Bunu, araz.az-ın, gündəmdə olan 11 yanvar Moskva Bəyannaməsinə uyğun iqtisadi və kommunikasiya xətlərinin açılması ilə bağlı sorğularını cavablandırarkən, tanınmış hüquqşünas Vüqar Dadaşov deyib.
Hüquqşünas rəy xarakterli münasibətində xüsusi olaraq onu vurğulayıb ki,
ilk növbədə, indiki şəraitdə Azərbaycan və Ermənistan dövlət sərhədlərinin dəqiqləşdirilməsi məsələsini delimitasiya yox, məhz demarkasiya (demarkasiya — müvəqqəti sərhəd xətti — red.) prosesi kimi həll etmək vacibdir:
“Ona görə ki, Çar Rusiyası dövründə Cənubi Qafqazın inzibati xəritələri mövcuddur, hansılar ki, indiki real dövlət sərhədlərimizdən daha geniş əraziyə malik olduğumuzu göstərir və sübut edir. Bundan əlavə, SSRİ və indiki Rusiya Federasiyası arxivlərində 1922-ci ilə qədərki sərhəd xətlərini və eləcə də 1924, 1939-cu illərin sərhəd xətələrini müəyyənləşdirən xəritələr mövcuddur.
Əsasən, onu da qeyd etmək istərdim ki, ümumiyyətlə, müvəqqəti sərhəd xətti — demarkasiya hərbi termin kimi daha çox işlədilir. 1942-ci ildə ikinci dünya müharibəsi zamanında SSRİ İran, Türkiyə və Cənubi Qafqazın sərhədlərini dəqiqləşdirən xəritələr hazırlanmışdır. SSRİ daxilində həmin 1942-ci ilin inzibati sərhəd xətləri müəyyən edilərkən, bəzi Azərbaycan əraziləri Ermənistan və Gürcüstan əraziləri kimi xəritədə göstərilmişdir.
Hər bir halda, SSRİ dövründən qalan və indiki real vəziyyətə uyğun olaraq, həmin 1942-ci ilin xəritəsinə hüquqi baza kimi istinad Azərbaycan maraqlarına uyğundur. Həmin xəritədə ərazilərimiz daha geniş göstərilib və əsl həqiqətdə də, bu gün Azərbaycan Ermənistanla ilkin mərhələ olaraq, SSRİ dövrünün xəritələri ilə demarkasiya xətti müəyyən edir. Ermənistanla bütün sərhəd boyu Azərbaycan anklavlarının Azərbaycana qaytarılmasından sonra, təbii ki, iki dövlət arasında delimitasiya prosesinə başlanıla bilər.
Delimitasiya — qonşu ölkələr arasında dövlət sərhədlərinin razılaşdırılması və həmin razılaşmanın sazişlə təsdiqlənməsi və xəritələrdə göstərilməsidir. Bu isə o deməkdir ki, Ermənistan tam oraq, Azərbaycana qarşı ərazi iddialarından rəsmi qaydada tam imtina etməli, sərhədlərimizi tanımalı və müvafiq saziş imzalamalıdır.
11 yanvar Moskva Bəyannaməsindən irəli gələn məsələlərin həlli Azərbaycan Ermənistan sərhədlərinin SSRİ-nın 1942-ci il xəritəsinə uyğun olaraq, ilkin mərhələdə tam demarkasiyasından sonra həyata keçməsi Azərbaycan maraqlarına daha çox uyğundur. Azərbaycan Ermənistan arasında demarkasiya xətti müəyyən etmədən iqtisadi əlaqələrin yaradılması, sərhədlərin açılması, ümumən, iqtisadi maraqları önə çıxarmaqla, demarkasiya və yekun delimitasiya razılaşmasının süni uzadılmasına şərait və imkan yaradar.
Sərhəd məsələsinin tam həll edilməməsi, eyni zamanda da, Rusiyanın geosiyasi maraqlarına və eləcə də Ermənistanın dövlət işğalçılıq və mənimsəmə siyasətinə uyğun gəlir. Bu baxımdan, Azərbaycan Ermənistan dövlət sərhədini SSRİ-nin 1942-ci xəritəsinə müvafiq olaraq, fiksasiya etdikdən sonra, iqtisadi əlaqələrin və sərhədlərin açılması milli və dövlət maraqlarımızın təmini deməkdir.
Təbii ki, Ermənistanla Azərbaycanın dövlət sərhədinin demarkasiyası və sərhədlərimizin tam qapanması, Laçın dəhlizinə girişdə Azərbaycan sərhədçilərinin, digər müvafiq inzibati və güc orqanlarının yerləşdirilməsi növbəti addım kimi, siyasi hədəfimizə aparan əsas istiqamətdir.”
araz.az xəbər portalı.
araz.az xəbər portalı.