“Düşünmürlər ki, sürüşmə bitmir, dayanmır, davam edir”
Uzun müddətdir Abşeron rayonunun Nübar qəsəbəsində sürüşmə müşahidə edilir. Bu yaxınlarda isə sürüşmə nəticəsində bir neçə ev uçub, yol parçalanıb.
Mütəxəssislər bunu yamacda torpağın qazılması və evlərin tikilməsi ilə əlaqələndirirlər. Vətəndaşlar isə onlara dəymiş zərəri düşünmədən uçmuş evlərin yerində yenisini ucaldırlar. Düşünürlər ki, növbəti dəfə daha möhkəm təməlli, daha keyfiyyətli tikəcəklər. Ancaq nəzərə almırlar ki, sürüşmə bitmir, dayanmır, davam edir.
Sputnik Azərbaycan-ın əməkdaşı bu günlərdə Nübar qəsəbəsində olub, qəsəbə sakinləri ilə mövcud vəziyyətdən danışıb. Əvvəlcədən qeyd edək ki, Nübar qəsəbəsi Bakıdan bir qədər kənarda, Şamaxı yolunun üzərində yerləşir.
Ərazidə sürüşmə uzun müddətdir aktiv fazada olduğu üçün qəsəbədaxili yollardan avtomobillə keçmək mümkün deyil. Bəzi yerlərdə yamacdan sürüşən torpaq yolu bağlayıb, bəzi hissələri isə palçıq dolu çala-çuxurlar keçilməz hala salıb.
Sakinlər deyir ki, qəsəbə 10 ildən çoxdur salınıb. Əvvəllər ərazidə yamacın ətəyində cəmi 5-6 ev olub. Sonrakı illərdə isə evlərin sayı sürətlə artmağa başlayıb. İndi yamacın hər tərəfində evlər var. Amma qəsəbənin yolları, kommunal xətləri hələ də tam şəkildə istifadəyə verilməyib. Bir tərəfdən də sürüşmə kasıb qəsəbə sakinlərini qorxu içində saxlayır.
Evləri uçan vətəndaşların özləri ilə danışa bilməsək də, qəsəbə sakinləri dedilər ki, torpağı alanda nə zamansa sürüşmə problemi ilə qarşılaşacaqlarını heç düşünməyiblər.
Yamacda yerləşdiyinə və təmiz havası olduğuna görə burada torpaq alıb, ev tikiblər. Problemlər isə tikinti işləri bitdikdən bir müddət sonra başlayıb.
İndi hazırda yamacın yüksəkliklərində sürüşmə aktiv fazadadır. Bu da bütün evləri təhlükədə saxlayır.
Qəsəbə sakin Ağacan Əhmədovun sözlərinə görə, vətəndaşlar gecə də evlərində səksəkədə yatırlar. Qorxurlar ki, yamac sürüşər, ya torpaq altında qalarlar, ya da evləri uçar.
Həyatları qorxu içində keçən sakinlərin çarələri isə yoxdur. Çünki ərazidə yaşayanlar kasıb insanlardır və onların başqa yerdə torpaq alıb, yeni ev inşa etmək imkanları məhduddur.
Sakinlər düşünürlər ki, evləri inşa edən zaman bəlkə də tikinti qaydalarına düzgün riayət etməyiblər. Buna görə də həmin tikililəri yeniləri ilə əvəz edirlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sözügedən ərazidə sürüşmə davam edəcək, bitməyəcək. Yenə də evlər uçub dağılacaq.
“Hökməli Nübar qəsəbəsində sürüşmə prosesinin başlanması 2017-ci ilin əvvəllərinə təsadüf edir. 12 il əvvəl isə ərazidə palçıq vulkanı püskürmüşdü. Bozdağ deyilən palçıq vulkanı püskürən zaman mən də əraziyə baş çəkmişdim. Həmin vulkan zaman-zaman püskürür. Bu da o deməkdir ki, əraziyə vulkan məhsulları yayılıb”, – Ə.Qaralov deyib.
Qaralovun sözlərinə görə, ərazidəki evlərin hamısının uçmaq təhlükəsi hər zaman var: “Yəni oradakı evlər vulkanik mənşəli süxurların üzərində deyil, çöküntü materiallarının üzərində tikilib. O vaxtlar vulkan baş verəndə ərazidə gördüyünüz həmin evlər yox idi. Ondan sonra ərazidə massiv saldılar. Yamacı şaquli kəsib, vulkanik məhsulların üzərində evlər tikməyə başladılar. Yamacın hazırda maili 40-50C və hətta çox olan yerləri var”.
Qurum rəsmisi əlavə edib ki, ərazidə texnogen amillərin və insanların təbiətə müdaxiləsi nəticəsində belə vəziyyət yaranır: “Belə ki, orada yaşayan əhali texnogen suları, kanalizasiya sularını torpağa axıdır. Torpaq doyduqca süxurlar arasında ilişmə qüvvəsi azalır və yamac boyu sürüşmə başlayır”.
Ekspedisiya rəisinin sözlərinə görə, bu barədə əhaliyə dəfələrlə xəbərdarlıq edilib: “Biz dəfələrlə demişik ki, yamaca müdaxilə etmək olmaz. Çünki bu proseslərin sonunda yenə ziyan vətəndaşa dəyir. Bu evləri tikən də vətəndaşdır, zərəri çəkən də. Sakinlər düşünür ki, sürüşdü, çatladı, bitdi”.
“Əslində isə belə deyil. Sürüşmə, çatlama hər zaman davam edəcək. İnsanlara məsləhətim odur ki, təbiətə müdaxilə etməsinlər” — həmsöhbətimiz diqqətə çatdırıb.
Ə.Qaralov vurğulayıb ki, ərazidə aparılan tikinti işlərinə mütləq aidiyyatı qurumların nəzarəti olmalıdır: “Təbii ki, yerli strukturlar var. Həmin strukturlar bunun qarşısını almalıdır. Yoxsa bu məsələ bizim səlahiyyətimiz çərçivəsində deyil. Buna icazə verilməməlidir. Özünüz də gördünüz ki, ərazidə çox sayda evdə çatlar var”.
İradə Cəlil, Sputnik Azərbaycan
araz.az xəbər portalı.