Türkiyənin yeni U-214 tipli sualtı qayığın istehsalına başlaması mühüm hadisədir. Xüsusilə bu, rəsmi Ankaranın Aralıq dənizində ən güclü donanma qurmaq yolunda atdığı önəmli addımdır. Hətta rəsmi Bakı da bu məsələdə Ankaraya dəstək verə bilər. Bir ədəd U-214 tipli qayıq Xəzər Donanmasının arsenalına daxil edilə bilər.
Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Türkiyənin yeni U-214 tipli sualtı qayıq istehsalına başlaması haqda yayılan xəbərlərə münasibət bildirərkən deyib.
O bildirib ki, Türkiyə istər öz regionunda, istərsə də dünya miqyasında günü-gündən güclənən bir ölkədir:
“Sadəcə, iqtisadi-siyasi sferada deyil, həmçinin hərbi sahədə də ən modern silahlar və döyüş qurğuları ilə ön plandadır. Xüsusilə 44 günlük müharibə zamanı “Bayraqdar”lar müharibənin qazanılmasında mühüm rol oynadı. Onu da qeyd edim ki, hazırda Türkiyədə milliləşmə siyasəti çərçivəsində bütün ixtiralar, kəşflər daxili resurslar, yerli istehsal ilə gerçəkləşir.
Türkiyə son illər Aralıq dənizində yaşanan bir sıra neqativ hallarla əlaqədar olaraq donanma quruculuğu, milli gəmi, milli təyyarənin hazırlanması üzərində araşdırmalar aparır. Türkiyə müdafiə sənayesinin U-214 tipli sualtı qayıqlarının istehsalına başlaması haqda yayılan xəbərlər təəccüb doğurmamalıdır”.
Politoloq bildirib ki, xarici mediada gedən xəbərlərə inansaq, U-214 tipli sualtı qayıq gələn ildən 2027-ci ilə qədər bir-birinin ardınca dənizə buraxılacaq:
“Türklər tarixdə ilk dəfə sualtı qayıqdan istifadə edən xalqdır. 140 il əvvəl Osmanlı sultanı İkinci Əbdülhəmidin dövründə iki sualtı gəmi ilə ilk dəfə dənizlərin altında fəaliyyətə başlayan türk donanması bu gün bölgədəki ən təsirli qüvvələrdən birinə çevrilir.
2.7 milyard dollarlıq layihə çərçivəsində 6 ədəd müasir sualtı qayıq 2027-ci ilə qədər türk donanmasına daxil ediləcək. Şübhəsiz, türk donanmasının bu cür güclənməsi düşmənlərinə qorxu, biz dostlarına isə güvən və qürur verir”.
araz.az xəbər portalı.