ayaz mutellibov e1610612991224

Keçmiş Dağlıq Qarabağ münaqişəsi ətrafındakı son proseslər, Rusiyanın təşəbbüsü ilə keçirilmiş son Moskva görüşü 10 noyabr üçtərəfli Bəyanatıyla bağlı razılaşmaların gerçəkləşməsinə yeni impuls verdi. Bu razılaşma və görüşlər Cənubi Qafqazda regional münasibətlərin keyfiyyətcə yeni bir mərhələsinin əsasını qoymaqdadır. Bütün bunlar regionda qlobal miqyasda da çox əhəmiyyətli olacaq siyasi, iqtisadi, logistik və s. əlaqələrin qurulacağını düşünməyə əsas verir. Ayrıca bu, Azərbaycan-Rusiya münasibətlərinin müasir geostrateji tələblərə uyğun tamamilə yeni bir fazada inkişafını təmin edir.

araz.az  Turkustan.info-ya istinadən xəbər verir ki, bu sözləri 11 yanvar üçtərəfli Moskva görüşünün nəticələrini dəyərləndirən Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibov Moderator.az-a açıqlamasında deyib.

A.Mütəllibov Rusiya sülhməramlı kontingentinin missiyasını tam yerinə yetirməməsinə də toxunub:

“Gəlin, bir az qlobal düşünək. Məsələ ondadır ki, bu günə qədər heç kəs: nə Minsk qrupu, nə də digər qurum və dövlətlər Qarabağ münaqişəsinin tezliklə həllinə, regional münasibətlərin stabilləşməsinə bu dərəcədə təkan verən bir bəyanat imzalamaq, çox ciddi və məsul vəzifələrin həlli üçün razılığa gəlmək məsuliyyətini üzərinə götürməyə cəsarət etməmişdi. 30 il hamı nəyisə gözləyirdi… Nəhayət, Azərbaycanın Ali Baş Komandanının rəhbərliyi ilə Şanlı Ordumuzun torpaqlarımızın xeyli hissəsinin, xüsusən də Şuşanın Ermənistanın işğalından azad olunmasıyla nəticələnən müzəffər savaşından sonra Rusiyanın bilavasitə vasitəçiliyi ilə imzalanan məlum üçtərəfli 10 boyabr razılaşması qarşımızda yeni bir siyasi-iqtisadi mənzərə açdı. Bütün bunlar şəxsən məndə Qarabağ düyününün bu işə cəlb olunmuş tərəflərin, xüsusən də Rusiya və Türkiyənin iştirakıyla tezliklə regiondakı ölkə və xalqlar üçün yeni üfüqlərin açılmasına gətirib çıxaracağına böyük ümid yaradır…

30 ildən çox qalaqlanmış problemlərin həllinə yönəlmiş bu nəhəng proses boyu baş verən bəzi xəta və yanlışlıqlar səbəbindən dərhal bədbinliyə qapılaraq etirazlara başlamaq praqmatik davranış deyil. Hər hansı arzu və xəyal olunan gözləntilərdən öncə reallıqla hesablaşmaq lazımdır. Reallıq isə ondan ibarətdir ki, Rusiya sülhməramlılarının daxil olduğu Azərbaycan ərazisində onillərlə beyinlərinə “buranın Ermənistan torpağı olması” kimi yanlış düşüncə yeridilmiş adamlar da məskunlaşıb. Və belə bir şəraitdə tərəflər 10 noyabr Bəyanatının maddələrindən irəli gələn vəzifələri yerinə yetirməlidir. Tərəflərdən hər hansı biri məsələləri yalnız özünün bildiyi, istədiyi formada həll edə bilməz. Burada xətalar, nöqsanlar, təxribatların da olması mümkündür. Odur ki, hər şeyi dərhal şişirdib siyasiləşdirmək olmaz. Sadəcə, səbirli və təmkinli olaraq tədricən, addım-addım irəli getmək gərəkdir…”

Sabiq president qeyd edib ki, hər tərəfdən narazılar meydana çıxa bilər:

“Belələrindən soruşmaq lazımdır ki, bəs siz hansı həll yolunu təklif edirsiz, siz bu günədək məsələnin həlli üçün hansı optimal addım atmısız?

Etiraf və qəbul etmək lazımdır ki, Azərbaycan rəhbərliyi, Azərbaycan Ordusu 30 il ərzində görülməmiş nəhəng işlərin böyük bir hissəsini qısa müddətdə və çox çevik bir şəkildə həll edib. Odur ki, öncə görülmüş və bundan sonra görüləcək nəhəng işlər fonunda sülhməramlıların da hansısa xəta və yanlışlıqları xırda məsələlərdir… Zaman hər şeyi öz yerinə qoyacaq…

Mən şəxsən görülən işlərə optimist yanaşmışam və indi də belə yanaşıram. Və əminəm ki, regionda münasibətlərin hərtərəfli inkişafına yönəlmiş bu yolun alternativi yoxdur…”.

araz.az xəbər portalı.