Azərbaycan mediasının yeni dövrü başlanır. Prezident İlham Əliyevin fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ləğv olundu, onun bazasında daha geniş, bütün medianı əhatə edən “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” yaradıldı.
Belə bir addımın atılması bir sıra zərurətdən irəli gəlir.
Birincisi, fərmanda öz əksini tapıb. “Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə…” sözləri dövlətin məqsədini açıq şəkildə göstərir.
Azərbaycan dövləti medianın müasir informasiya-kommunikasiya texnologiyaları və innovasiyalara uyğun fəaliyyətində maraqlıdır. Çünki müasir dünyada informasiya müharibəsi ən vacib sahələrdən biri hesab olunur. İki böyük müharibə görmüş Azərbaycan kimi ölkələrin bu sahədə güclü olması həyati əhəmiyyət kəsb edir.
Etiraf edilməlidir ki, mediamız uzun illər həm müasir texnologiyaların tətbiqində axsaması və bu sahənin inkişafından məsul daşıyan məmurların (keçmiş köməkçi, Əli Həsənov, KİVDF-nin keçmiş rəhbəri Vüqar Səfərli kimilər) özbaşınalığı nəticəsində informasia müharibəsində effektiv fəaliyyət göstərə bilməyib.
İkincisi, mövcud qurumun – KİVDF-nin bütün media resurslarını əhatə etməməsi idi.
Bu qurumun yalnız çap mediası ilə işləyir, informasiya təminatında əsas rol oynayan media resurlsarına diqqət ayırmırdı.
Dünyada olduğu kimi Azərbaycanda da çap mediası sıradan çıxır, onun yerini yeni media adlandırılan onlayn media (informasiya agentlikləri, xəbər saytları), sosial şəbəkələr (Facebook, Twitter, İnstagram, son dövrlər daha da məşhurlaşan Telegram və s.) alır. Bu qaçılmaz dəyişikliyə baxmayaraq, KİVDF kimi əhəmiyyəti bir qurum əsasən çap mediası ilə işləyir, hətta onlar arasında da qeyri-obyektiv seçimlər edirdi. Belə demək mümkünsə dövlət yalnış sahəyə yatırım edir, informasiya təminatını həyata keçirən əsas media resursları kənarda qalırdı.
Bu da mediada müasir texnologiya və innovasiyaların tətbiq edilməsində imkanları zəiflədirdi. Obyektiv səbəblər çoxdur. Misal üçün, media sahəsindən məsul olan keçmiş məmurların dövlət üçün əhəmiyyəti olan bu sahəni bazara çevirməsi, ayrılan vəsaitlərin mənimsənilməsi üçün maxinasiyalar etməsi, yaxud dövlətin ayırdığı vəsaiti öz şəbəkələri hesab etdikləri media resurslarına ayırması, digərlərinin isə kənarda qalması və s. səbəblər medianın inkişafını axsadırdı.
Yeni media resurslarının kənarda qalması həm də qeyri-peşəkarlığın, reket jurnalistikanın mənfi mənada çiçəklənməsi, nəticə etibarilə, informasiya müharibəsində Azərbaycanın milli maraqlarının əleyhinə olan halların baş verməsinə gətirib çıxarmışdı.
Bütün bunların fonunda mediada məsul olan keçmiş məmurlar, eləcə də KİVDF-nin o vaxtkı rəhbəri Vüqar Səfərli bütün fəaliyyətini media üzərindən pul qazanmağa yönəldir, milli medianı sıradan çıxarmaq üçün əindən gələni edirdi.
Üçüncüsü, dövlətin media sahəsin’ göstərdiyi dəstək əsasən çap mediasına və bəlli şəxslərin ciblərinə axırdı.
Nəhayət, dövlət informasiya sahəsindəki acınacaqlı vəziyyətin aradan qaldırılması üçün mühüm addım atdı.
Medianın İnkişafı Agentliyinin yaradılması indiyə qədər medianın üzləşdiyi obyektiv və subyektiv çətinliklərin aradan qalxacağına dərin inam yaradır. Belə düşünməyə əsas verən səbəblər var.
– Medianın İnkişafı Agentliyinin yaradılması çap mediası ilə yanaşı onlayn media resurslarının da dövlətin dəstəyindən bəhrələnməsinə səbəb olacaq.
– Bu dəstək mediada müasir texnologiya və innovasiyaların tətbiqini stimullaşdıracaq.
– İnformasiya müharibəsində Azərbaycan mediası üzərinə düşən vəzifəsini daha effektiv yerinə yetirə biləcək.
– Reket jurnalistikanın onlayn mediada fəaliyyətinin qarşısını alıanacaq.
– Peşəkarlığın səviyyəsi yüksələcək.
– Nəticə etibarilə, dövlət və milli maraqların əleyhinə olan təhlükəli informasiyaların qarşısı alınacaq.
– Ümumilikdə medianın nüfuzunun yüksəlməsinə yeni imkanlar yaranacaq.
Ən mühümü isə köhnə dövrdə olduğu kimi mediaya şəxsi biznes kimi baxan, şəxsi maraqları naminə milli medianı sıradan çıxaranlar olmayacaq, dövətin dəstəyinin qeyri-obyektiv bölünməsi kimi hallar yaşanmayacaq.
Medianın İnkişafı Agentliyinə Əhməd İsmayılovun rəhbər təyin edilməsi də bu gözləntilərə əsas verir. Təsadüfi deyil ki, Əhməd İsmayılov KİVDF-yə rəhbər təyin olunandan sonra qurumun faliyyətində müsbətə doğru dəyişikliklər baş verdi.
Onun Vüqar Səfərlidən fərqli olaraq şəffaf iş prinsipinə üstünlük verməsi xüsusilə diqqət çəkir.
Artıq törətdiyi əməllərə görə həbs olunan Vüqar Səfərlinin necə işlədiyi isə ona qarşı açılmış cinayət işinin tərkibində açıq şəkildə əks olunub.
– Vüqar Səfərli “Portos” MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlu və qeyriləri ilə qabaqcadan əlbir olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və yaşayış evlərinin tikintisi ilə bağlı 2013-2019-cu illər ərzində dövlət tərəfindən KİVDF-yə ayrılmış vəsaiti layihə və smeta sənədlərində iş həcmini əsassız şişirdib, işlərin və materialların dəyərini müəyyən edilmiş qiymətlərdən artıq göstərilməklə “Portos” MMC-nin bank hesablarına köçürmüş, bununla da, mətbuat işçiləri üçün Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi ərazisində yaşayış binalarının tikintisi üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsəmiş, qeyd edilən cinayət əməllərinin aşkar olunmasının qarşısını almaq məqsədilə əlbir olduğu şəxslərlə birlikdə yerinə yetirilmiş işlərin qəbulu haqqında “Forma 2” aktlarında ayrılmış vəsaitlərin tam həcmdə binanın tikintisinə sərf edilməsinə dair yalan məlumatlar daxil edib şəxsən təsdiq etməklə vəzifə saxtakarlığı da törədib.
– Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq qurumun fəaliyyətinin təşkili üçün inzibati bina üzrə münasib yerin ayrılması və ya qeyri-yaşayış sahəsinin aşağı qiymətlərlə icarəyə verilməsi üçün Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilən qanuni prosedurlara qəsdən əməl etmədən, həmin Fondun maliyyələşməsinin həyata keçirildiyi dövlət büdcəsindən ayrılmış vəsait üzrə icarə xərclərinin özünün əvvəllər sədri olduğu, sonradan isə özünə yaxın şəxslərin fəaliyyətlərinə faktiki nəzarəti həyata keçirməkdə davam etdiyi şirkətlərə, habelə yaxın münasibətdə olduğu digər şəxslərə gəlir qismində verilməsinə nail olmaqdan ötrü həmin şəxslərin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23L ünvanında yerləşən müəssisə binasının 3-cü mərtəbəsinin Fondun inzibati istifadəsinə verilməsi məqsədilə maddi baxımdan Fond üçün daha ağır şərtlərlə icarəyə götürülməsinə dair müqavilələr bağlamış, 2011-2019-cu illər ərzində cəmi 812 min manat məbləğində pul vəsaitini icarə haqqı adı ilə köçürməklə dövlət büdcəsinə külli miqdarda ziyan vurubdur.
– Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq nəşr olunan qəzetlərə maliyyə yardımının göstərilməsi məqsədi ilə dövlət tərəfindən ayrılmış vəsaitin 2015-2019-cu illər ərzində 300 min manat məbləğində olan hissəsini ailə üzvünün adına təsis etdiyi “Futbol+Qol” qəzetinə qanunsuz olaraq köçürməklə həmin pulu, eləcə də qurumun məqsədlərinin həyata keçirilməsi üçün alınmış 103 min manat dəyərində dəftərxana ləvazimatlarını da mənimsəmiş, eyni zamanda 2017-2019-cu illər ərzində ziyafətlərin keçirilməsi ilə bağlı satınalma müqavilələrinin bağlanması zamanı qanunsuzluqlara yol verməklə KİVDF-yə məxsus olmaqla ona etibar edilmiş cəmi 105 min manat məbləğində pul vəsaitini israf edibdir.
– Vüqar Səfərli qeyriləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitini kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 milyon 796 min manatı yerləşdirməklə cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərini külli miqdarda leqallaşdırıbdır.
Bu əməllərinə görə, Vüqar Səfərliyə qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi açılıb.
Hazırda cinayət işi üzrə qeyd edilən korrupsiya şəbəkəsində iştirak etmiş digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri və dövlətə vurulan ziyanın bərpa olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Onlar kimlərdir?
Təbii ki, bunu istintaq ortaya çıxaracaq, lakin sirr deyil ki, Vüqar Səfərli bu qədər cinayət əməlini təkbaşına etməyib və bütün bu şəbəkənin başında Prezidentin keçmiş köməkçisi Əli Həsənov dayanır.
İnanırıq ki, bu korrupsiya çətəsinin başında dayanan Əli Həsənovun həbsindən sonra haqq tam olaraq bərpa olunacaq…
Zaur Hacılı
Demokrat.az
araz.az xəbər portalı.