Vüqar DADAŞOV: “Olmaz ki, 436 milyon manatı azad etdiyimiz ərazilərin bərpasına yönəldək?”
“Dünyanın nüfuzlu “Reuters” xəbər agentliyinin verdiyi məlumata görə, ilə iki dəfə devalvasiya etmiş Azərbaycan Mərkəzi Bankı özünə, ilkin layihəsi 218 milyon avro (436 milyon manat) dəyərində olan yeni dəbdəbəli inzibati bina tikmək istəyir.
Əgər ilin büdcə kəsirini doldurmaq üçün, ölkə üzrə ən çox işlənən yanacaq növünün satış qiyməti qaldırılırsa, belə lazımsız, gərəksiz və ikrah hissi yaradan layihələrin icrası kimə və nəyə lazımdır axı?!” —
bu sözləri, araz.az xəbər portalına açıqlamasında hüquqşünas Vüqar Dadaşov deyib. O, Mərkəzi Bankın özünə 218 milyon avro məbləğində yeni bina tikmək planlarına münasibət bildirərkən onu da qeyd edib ki,
bu il, həm də işğaldan azad etdiyimiz ərazilərdə quruculuq işlərinə 2,2 milyard vəsait ayrılıb: “Ümumiyyətlə, həmin vəsait bərpa və yenidənqurma işləri üçün olduqca az məbləğdir.
Olmaz ki, Mərkəzi Bankın gərəksiz yeni inzibati binası üçün ayrılmış həmin 436 milyon manat vəsait, elə, işğaldan azad edilmiş ərazilərimizin bərpasına yönəldilsin?!
Bu kimi layihələrin icrası dövlət və xalq maraqlarına uyğun deyil və belə layihələrin icrası dayandırılmalıdır. Onların icrası üçün ayrılmış vəsaitləri isə, işğaldan azad edilmiş ərazilərin bərpasına cəmləşdirib, böyük qayıdış planını həyata keçirməliyik.
Müharibədən qalib çıxmış silahlı qüvvələrimizin maddi texniki bazasının təminatı, şəhid və qazi ailələrinin maddi və sosial həyat şəraitinin yaxşılaşdırılması vacibdir, yoxsa, yeni dəbdəbəli bina? Mərkəzi Bank niyə ar eləmir ki, səriştəsiz idarəçiliyi ucbatından baş vermiş devalvasiya nəticəsində yüzlərlə vətəndaşımız yeganə yaşayış yerindən məhrum oldular, evsiz-eşiksiz qaldılar. Yoxsa, az qala yarım milyard manatlıq yeni dəbdəbəli bu binanı, həmin evsiz-eşiksiz qalmış ailələrə göz dağı kimi tikirlər?! Bəlkə, belə göz dağı layihələri reallaşdırmaq üçün, Mərkəzi Bank SOKAR-la yarışa girib?! Yəqin, tezliklə bu sualların cavabları da ortaya çıxacaq.
Burdan Baş nazirimizə, Maliyə Nazirliyinə və Mərkəzi Bankın rəhbərliyinə müraciət edərək, bir vətəndaş kimi, bir qazi olaraq sözü gedən layihənin icrasını dayandırmağı və ayrılmış vəsaitin işğaldan azad edilmiş ərazilərimizin bərpasına yönəldilməsini daha vacib saydığımı onların diqqətinə çatdırmaq istəyirəm. Axı, Mərkəzi Bankın əsas funksiyası büdcənin formalaşması, ondan səmərəli istifadənin təşkili və maliyyə dövriyyəsinə nəzarətdir. Nəzarət isə, özünün istədiyin kimi, xalqın, dövlətin pulunu dağıtmaq demək deyil. Onun
funksiyası ölkə büdcəsinə ağırlığı azaltmaq, dövlətimizin və dövlət başçısının müəyyən etdiyi prioritet məsələlərin həyata keçməsinə kömək etməkdir, daha onun kimi, əlavə və lazımsız layihələrlə büdcəni boşaltmaq yox! Bu ölkəyə birbaşa düşmənçilikdir”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.