vuqar seferli 1 e1610628004923vuq

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

araz.az  Turkustan.info-ya istinadən bildirir ki, Baş Prokurorluğun məlumatına görə, iş üzrə toplanmış ilkin sübutlar əsasında Fondun icraçı direktoru Səfərli Vüqar Müzəffər oğlu Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı) maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə Vüqar Səfərli barəsində hələlik 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Modern.az V.Səfərlini təqsirləndirildiyi maddələr üzrə neçə il həbs cəzası gözlədiyini araşdırıb.

Azərbaycan Cinayət Məcəlləsinin  179.1-179.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə 10 ildən 14  ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

193-1.3.2. külli miqdarda törədildikdə – 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu məcəllənin 193-1.3.2-ci maddəsində “külli miqdar” dedikdə 45 min manatdan artıq olan məbləğ başa düşülür.

Məcəllənin 308.2. maddəsinə görə, ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə görə, 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

308-2.4. Bu Məcəllənin 308-2.1-ci, 308-2.2-ci və 308-2.3-cü maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurduqda -cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə edilməklə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud 3  ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

  • Bu Məcəllənin 308-2.1-ci, 308-2.2-ci və 308-2.3-cü maddələrində “xeyli miqdar” dedikdə, 50 min manatdan 250 min manatadək olan məbləğ, 308-2.4-cü maddəsində “külli miqdar” dedikdə isə 250 min manatdan yuxarı olan məbləğ başa düşülür.
  • Bu Məcəllənin 308-2.1-ci, 308-2.2-ci və 308-2.3-cü maddələrində “satınalan təşkilat” dedikdə, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan müəssisə və təşkilatlar başa düşülür.

Cinayət Məcəlləsinin 313-cü maddəsinə əsasən, vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs, eləcə də vəzifəli şəxs olmayan dövlət qulluqçusu və ya yerli özünüidarə orqanı qulluqçusu tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə – 1500  manatdan 3000 manatadək miqdarda cərimə və ya 1 ildən 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İstintaqın gedişində cinayət məcəlləsinə yeni maddələr əlavə olunmazsa, V.Səfərlini maksimum 14 il həbs cəzası gözləyir…

araz.az xəbər portalı.