karantin 1Ötən il dekabrın 14-də bütün ölkə üzrə tədbiq olunmuş sərtləşdirilmiş karantin rejimi yanvarın 18-də bitməlidir. Sərtləşdirilmiş karantin rejiminin uzadılıb-uzadılmayacağı barədə hələ ki rəsmi məlumat yoxdur. 

Lakin bəzi mütəxəssislərin qənaətincə, yoluxmaların sayı azaldığına görə karantin rejimini yumşaltmaq, ya da ləğv etmək olar. Bu fikir həmçinin ölkədə yaxın günlərdə peyvəndləşməyə start veriləcəyi ilə əsaslandırılır. Rəsmi şəxslər Azərbaycanda Türkiyə ilə eyni vaxtda peyvəndləşmənin başlayacağını bildirmişdilər. Lakin Türkiyədə artıq iki gündür vaksinasiyaya start verilsə də Azərbaycanda proses hələ başlanılmayıb.

Karantin rejiminin yumşaldılmasına ehtiyac varmı? Vaksinasiya prosesi niyə yubanır?

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı Turan-a bildirib ki, Türkiyə ilə eyni vaxtda peyvəndləşməni başlamaq o anlama gəlmir ki, proses iki ölkədə eyni gündə başlayacaq.

“Bir neçə gün əvvəl məlumat verildi ki, artıq Azərbaycana koronavirusa qarşı peyvənd gətirilib.”

Deputat qeyd edib ki, yalnız peyvəndin gəlməsi ilə iş həll edilmir.

“Bütün bölgələrdə peyvəndləşdirmə aparılmalıdır və onun üçün xüsusi otaqlar hazırlanmalıdır, vaksinasiya üçün uyğun şərait yaradılmalıdır. Çünki vaksin materialı çox həssasdır. Onun saxlanma və nəql etmə prosesi zamanı temperaturun 1-2 dərəcə dəyişməsi vaksinin effektivliyi üçün ciddi problem ola bilər. Vaksin soyuducu olan xüsusi maşınlarda aparılmalıdır, aparıldığı yerlərdə soyuducu sistemi olmalıdır, qrafiklər tərtib edilməlidir. Xaotik qaydada bu proses həyata keçirilə bilməz. Onsuz da cəmiyyətdə bu proseslə bağlı bir az narahatlıq var. Bu xəstəlik başlayanda da panika yaranmışdı. Fikrimcə, ayın axırına qədər vaksinasiya üçün hazırlıq prosesi bitəcək və ayın axırından vaksinasiya başlayacaq”.

İbrahimqızı əlavə edib ki, bu həftə Operativ Qərargah karantinin uzadılması və yaxud da yumşaldılması ilə bağlı qərarını açıqlayacaq.

“Bir tərəfdən yoluxma sayı çox azalıb. Dekabrın ortalarında yoluxma sayı 5 minə çatmışdı, ölüm halları da çoxalmışdı. İndi isə ona nisbətən yoluxma sayı on dəfə azdır. Digər tərəfdən isə Avropada indi koronavirusun yeni, yüksək sürətlə yayılan mutasiya olunmuş forması geniş yayılıb. Bu yaxınlarda həmin virus Türkiyədə də tapıldı. O çox təhlükəlidir. Nə qədər məhdudiyyət olsa da, bu xəstəliyin yayılması, üçüncü dalğanın olması inkar olunmur. Düşünürəm ki, bir yumşaltma ola bilər, amma karantin müddətini ən azı risk qrupuna aid olan insanları peyvəndləşdirənə qədər uzatmaq lazımdır”.

Tibbi elmləri doktoru Adil Qeybulla bildirib ki, Azərbaycanda vaksinasiya prosesinin başlamamasının səbəbini deyə bilməz.

“Vaksinasiya bütün dünyada başlayıb. Bizdə də başlamalıdır. Niyə başlamır, bu suala səlahiyyətli adamlar cavab versələr yaxşıdır. Hesab edirəm ki, vaksinasiyanın olması hələ pandemiyanın sonu demək deyil. Amma buna baxmayaraq, vaksinasiya bu məsələdə xeyli kömək edəcək. Çünki risk qrupuna aid olan insanlar vaksinasiya olunacaq və  ən azı həmin insanların xəstələnmə sayı və riski azalacaq, kollektiv immunitet formalaşmasına nail olunacaq. Bütün dünya bu yolla gedir, biz də getməliyik”.

Onun fikrincə, yanvarın 18-dən sonra sərtləşdirilmiş karantinin yumşaldılması vəziyyətdən asılı olacaq.

“Həmin dövrdə yəqin ki, vəziyyətə baxıb qərar veriləcək. Düşünürəm ki, əgər yoluxma sayında stabil enmə varsa karantini müəyyən dərəcədə yumşaltmaq olar. Yox, əgər enmə bir gün çox, bir gün azdırsa hələ bir müddət gözləmək olar”, -A.Qeybulla qeyd edib.   

araz.az xəbər portalı.