Eldar HƏSƏNOV,
Sabiq Baş Prokuror, hüquq elmləri doktoru, professor
“Ədalət … şərəflə yaşamaq, başqasına ziyan vurmamaq,
hər zaman hər kəsə haqqı olanı verməkdir”.
Qədim Roma hüquqşünası Ulpian
Xalqımızın dəyərli ziyalısı, tanınmış hüquqşünas alimi İlyas İsmayılovun adı gələndə, onun haqqında ağıla gələn ilk və ən önəmli fikir İlyas müəllimin adil və qətiyyətli insan olmasıdır. Şərəfli həyat yolu keçmiş İlyas müəllim, həm prokurorluq və ədliyyə orqanlarında çalışdığı dövrlərdə, həm də elmi yaradıcılıq sahəsində öz dərin savadı, dəst xətti və prinsipiallığı ilə hər zaman seçilmişdir. İlyas müəllim öz müstəqil, obyektiv və cəsarətli mövqeyi ilə tanınan hüquqşünas alim olmaqla bərabər, hər bir insanın, ələlxüsus məhkəmə hakimiyyəti və hüquq-mühafizə orqanlarında çalışan şəxsin yaşatmalı və qorumalı olduğu əvəzsiz nemətlərdən biri kimi, ədalət prinsipini öz fəaliyyətində daima, o cümlədən ikinci dəfə müstəqillik qazanmış Azərbaycan Respublikasının ilk ədliyyə naziri, sonralar millət vəkili və ictimai-siyasi, dövlət xadimi kimi fəaliyyəti zamanı da qətiyyətlə müdafiə etmişdir.
Bununla yanaşı, hələ ötən əsrin 80-90-cı illərində ictimai-siyasi mühitin çox mürəkkəb və keşməkeşli dövründə Azərbaycan SSR Prokurorluğunda rəhbərliyi dönəmində, hətta SSRİ Baş Prokurorluğunda çalışdığı müddətdə İlyas müəllim milli vətənpərvərlik hisslərinə də sadiq qalmışdır.
http://strateq.az/wp-content/uploads/2017/01/ilyas-ismayılov-3-300×188.jpg 300w, http://strateq.az/wp-content/uploads/2017/01/ilyas-ismayılov-3-115×72.jpg 115w, http://strateq.az/wp-content/uploads/2017/01/ilyas-ismayılov-3-90×57.jpg 90w, http://strateq.az/wp-content/uploads/2017/01/ilyas-ismayılov-3-285×179.jpg 285w, http://strateq.az/wp-content/uploads/2017/01/ilyas-ismayılov-3-132×83.jpg 132w” alt=””>
Ədalətliliklə yanaşı, İlyas müəllim, onun şəxsiyyətini önə çıxaran digər bir önəmli və dəyərli keyfiyyətini – cəsarətliliyini və mərdliyini də o çətin dövrlərdə qoruyub saxlaya, hətta heç nədən çəkinmədən nümayiş etdirə bilmişdir.
Bununla bağlı bir tarixi faktı xatırlatmaq istərdim. 1988-ci ildə Azərbaycan rəhbərliyinin xahişi və Mixayil Qorbaçovun göstərişi ilə Azərbaycana Moskvadan “əliyevçilər”lə bağlı 162 nəfərlik əməliyyat istintaq qrupu göndərilmişdi. Qrupa SSRİ daxili işlər nazirliyindən general Aslambek Aslaxanov, SSRİ Baş prokurorunun müavini Aleksandr Katusev və Azərbaycan SSR-in daxili işlər nazirinin birinci müavini Viktor Barannikov rəhbərlik edirdilər. O vaxt Bakıya gələn əməliyyat istintaq qrupunun fəaliyyəti heç bir qanuni, hüquqi normaya sığmayan üsul və metodlarla aparılırdı. Məqsəd hansı yolla olursa – olsun Heydər Əliyevə və onun ən yaxın ətrafına qarşı ifadələr almaq, təqsirləndirici materiallar toplamaq idi. Həbs olunanlar hamısı Şüvəlanda yerləşən istintaq təcridxanasında ayrıca korpusda saxlanılırdılar və onlara qarşı əməliyyat-istintaq qrupu tərəfindən hər cür işgəncə və amansızlıq tətbiq edilirdi. O zaman bu özbaşınalığın və qanunsuzluğun qarşısını almaq üçün ilk dəfə olaraq öz rəsmi etirazını bildirən şəxs Azərbaycan SSR prokuroru İlyas İsmayılov oldu. İlk dəfə İlyas müəllim açıq və cəsarətli şəkildə öz mövqeyini ortaya qoydu və bu qanunsuzluğun qarşısının alınmasını tələb etdi.
Bu addım həmin dövrdə SSRİ miqyasında bir məmurun sərgilədiyi görünməmiş bir cəsarət idi. Onu da qeyd etməliyəm ki, istintaq qrupunun Heydər Əliyevə qarşı ifadələri qanunsuz üsullarla toplamasını ilk dəfə sənədləşdirən və bu barədə İlyas İsmayılovu məlumatlandıran, ona müraciət edən o zaman İslah Əmək Müəssisələrinin Baş idarəsinin rəisi olan peşəkar əməliyyatçı, cəsarətli polkovnik Əzim Piriyev olmuşdur. İlyas İsmayılov bu məlumatı alan kimi, dərhal həmin təhqiqat materiallarını tələb etmiş və 1989-cu ilin mayında öz imzası ilə SSRİ əməliyyat-istintaq qrupunun qanunsuz əməllərinə qarşı cinayət işi başlatmışdır. O dövrdə İlyas müəllimin bu cəsarətli qərarı SSRİ miqyasında böyük sensasiyaya səbəb olmuşdu. SSRİ-nin tabeliyində olan bir respublika prokurorunun İttifaqın əməliyyat-istintaq orqanlarının əməkdaşlarına qarşı cinayət işi başlatması o dövrün ən böyük məmur, özü də yüksək çinli vəzifəli məmur cəsarəti idi. Nəzərə alaq ki, o dövrlərdə SSRİ Daxili İşlər Nazirliyi və Baş Prokurorluğunun istintaq əməliyyat qrupu Özbəkistanda heç bir müqavimətə rast gəlmədiyindən öz qərəzli və məqsədli istəklərinə tam nail oldular.
Qeyd edim ki, 1997-ci ildə müəyyən zərurət yarandığından bu hadisə ilə bağlı Ulu Öndər Heydər Əliyevə ətraflı məruzə edib təhqiqat sənədlərinin və cinayət işi başlanma qərarının nüsxələrini təqdim edəndən sonra o, məsələdən xəbəri olsa da, hadisələrin və İlyas müəllimin cəsarətinin bu miqyasda olduğunu bilmədiyini söylədi. Bu hadisə ilə bağlı, bir məsələni də demək yerinə düşər ki, 1988-1990-cı illərdə SSRİ-nin Baş prokuroru olmuş Aleksandr Yakovleviç Suxarev 1998-ci ildə Azərbaycan prokurorluq orqanlarının 80 illik yubileyi ilə bağlı tədbirlərdə iştirak üçün Bakıda səfərdə olanda Prezident Heydər Əliyev onun və mənim iştirakım ilə keçirilən görüşü zamanı (sonra onlar təkbətək bir neçə saat söhbət etdilər) nə üçün 1989-cu ildə Qorbaçovun göstərişinə rəğmən Baş prokuror kimi onun həbsi ilə bağlı qərar vermədiyini Suxarevdan birbaşa soruşdu və A.Y.Suxarev ona belə bir cavab verdi: “Mən sizə indi deyə bilərəm ki, ciddi göstərişə rəğmən mən bunu etmədim, amma bu yanlış olar. Əslində, həmin dövrlərdə qəbul etdiyiniz qərarlar, imzaladığınız sənədlər, verdiyiniz göstərişlər araşdırılarkən hər hansı qanunazidd faktın aşkar olunmasına nail ola bilmədik. Çünki bütün qərarlar və sərəncamlar əsasən qanun və yüksək dövlət məmurunun məsuliyyəti çərçivəsində verilmişdir, imzalanmışdır. Amma Azərbaycana ezam olunmuş əməliyyat istintaq qrupu daxil olmuş ərizə və şikayətlər üzrə konkret təlimat almışdı və bu təlimatı yerinə yetirmək üçün imkanları da var idi. Bunun üçün Azərbaycanda şərait də yaradılmışdı, konkret materiallar da verilmişdi. Onların öz xidməti vəzifələrinin sona qədər yerinə yetirə bilməsinin, məqsədlərinə çatmamalarının yeganə əsas səbəbi İlyas İsmayılovun Bakıya gəlmiş əməliyyat istintaq qrupunun barəsində başladığı cinayət işi oldu. Məhz bu səbəbdən mənəvi-psixoloji zərbə alan qrup üzvləri ehtiyatlanaraq Sizin həbsiniz üçün bizə lazım olan materialı və sübutları toplaya bilmədi, verə bilmədi. Beləliklə də, mən Mixail Qorbaçova hüquqi əsas olmadığından Heydər Əliyevin həbsi ilə bağlı qərar verə bilməyəcəyimi rəsmi bildirdim. Sözsüz ki, Mixail Qorbaçov mənim qərarımdan məmnun qalmadı. Heydər Əliyeviç, bunlar tarixdir, faktdır, həqiqətdir, amma bu gün şükürlər olsun hər ikimiz də görüşürük, həyatdayıq, hətta Mixail Qorbaçov da sağdır. Siz isə öz müstəqil ölkənizdə prezidentsiniz.”
http://strateq.az/wp-content/uploads/2018/03/heydar-aliyev-8-300×159.jpg 300w, http://strateq.az/wp-content/uploads/2018/03/heydar-aliyev-8-115×61.jpg 115w, http://strateq.az/wp-content/uploads/2018/03/heydar-aliyev-8-90×48.jpg 90w, http://strateq.az/wp-content/uploads/2018/03/heydar-aliyev-8-285×151.jpg 285w, http://strateq.az/wp-content/uploads/2018/03/heydar-aliyev-8-132×70.jpg 132w” alt=””>
Bu an Heydər Əliyev, dərindən nəfəs alıb fikrə getdi… Sonra onlar baş-başa qaldılar…
Düşünürəm ki, tarixə çevrilmiş bu epizod İlyas müəllimin qanunun aliliyinə və ədalət mühakiməsinin adilliyinə hər zaman verdiyi önəmin göstəricisi olmaqla yanaşı, onun ədaləti təmin etmək üçün zəruri olan qətiyyət, cəsarət və mərdliyi çəkinmədən ortaya qoymaq keyfiyyətini də bir daha sübut etmiş olur.
Onu da qeyd etmək yerinə düşər ki, nə Heydər Əliyevin prezidentliyi dövründə, nə də ondan sonra, hətta bu günə qədər belə, İlyas İsmayılov qəbul etdiyi bu cəsarətli qərarı heç vaxt dilinə gətirmədi, başqaları kimi istifadə etmədi. Etiraf edək ki, hamımıza yaxşı məlum olan müasir zəmanəmizdə bu hər kəsə xas olmayan nadir insani dəyərdir, ləyaqətdir, qürurdur! Elə deyilmi?!!!
Bu ləyaqətinə, ədalətli, obyektiv və cəsarətli dövlət məmuru keyfiyyətlərinə görə, heç də sadə olmayan siyasi proseslərə baxmayaraq, mərhum Prezident Heydər Əliyevin İlyas İsmayılova qarşı şəxsi hörmət bəsləməsinin də o illərdə şahidi olmuşam.
İlyas İsmayılov qeyd etdiyim keyfiyyətləri ilə yanaşı, həm də yüksək əxlaq və mədəniyyət sahibidir. Ümummilli lider Heydər Əliyev dünyasını dəyişəndə, müxalifət partiyalarının rəhbərlərindən biri kimi İlyas İsmayılovun yas mərasiminə gəlməsi onun milli adət-ənənələrimizə, iqtidar-müxalifət münasibətlərində siyasi mədəniyyət, ədəb-ərkanın gözlənilməsinə verdiyi dəyərin, önəmin göstəricisidir. Mən bu ləyaqətli hərəkəti ilk dəfə o zaman Prezident Heydər Əliyev rəhmətlik Əbülfəz Elçibəyin yas mərasiminə gələrək, mərhumun ailə üzvlərinə baş sağlığı verəndə və onlara səmimi qayğı ilə yanaşanda görmüşəm.
Yeri gəlmişkən, hər bir azərbaycanlı xalqımızın tarixlər boyu qoruyub saxladığı, yaşatdığı və bizə əmanət etdiyi mənəvi-əxlaqi dəyərlərə, milli adət-ənənələrimizə öz əməli, davranışı və sözü ilə ləyaqətlə, şərəflə əməl etməlidir. Əfsuslar olsun ki…..
Prokurorluq və ədliyyə orqanlarında işlədiyi müddətdə İlyas müəllim, həmçinin çoxsaylı kadrların yetişməsində müstəsna rol oynamışdır.Yetişdirdiyi həmkarları da İlyas müəllim barədə təsdiqləyə biləcəkləri kimi, o, xidməti fəaliyyətində kadrları heç bir ayrı-seçkilik, yerlibazlıq, qohumbazlıq və sosial mənsubiyyətcə üstünlüyü deyil, yüksək bilik, bacarıq, iş qabiliyyəti, obyektivlik, mənəvi təmizlik kimi müsbət şəxsi keyfiyyətlərlə yanaşı, vətənpərvərlik və milli təəssübkeşlik cəhətlərini nəzərə almaqla qiymətləndirmiş, belə əməkdaşları müxtəlif rəhbər vəzifələrə layiq bilmişdir. Tale elə gətirdi ki, hüquq-mühafizə orqanlarında çalışdığım illərdə o kadrların bir çoxu ilə işləməli, onları yaxından tanımalı oldum və bu keyfiyyətləri şəxsən gördüm.
Qeyd etməliyəm ki, dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də Respublika prokuroru kimi yüksək vəzifədə işləməklə, qanun keşiyində duran prinsipial bir məmur olaraq xalqın rəğbətini, hörmətini qazanmaq heç də asan məsələ deyil. Çünki burada söhbət bir çox digər peşə sahiblərindən fərqli olaraq, qanunun aliliyini təmin edən prokurordan gedir və əgər belədirsə, onda müəyyən opponentlərin, sevməyənlərin və ya hansısa qərəzli fərdlərin olması da təbiidir.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının və şəxsən İlyas müəllimin tabeliyində çalışmış vicdanlı prokurorluq işçilərinin fikirlərinə görə, ötən əsrin 80-ci illərində totalitar rejimin təhdid və təzyiqlərinin genişləndiyi və bu təzyiqlərə baxmayaraq, əksinə, digər respublikalar kimi Azərbaycanda da milli dirçəliş və azadlıq hərəkatının başladığı bir dövrdə ozamankı hakimiyyət və dövlət məmurları arasında ilk dəfə İlyas İsmayılov “milli qeyrət” ifadəsini rəsmi çıxışlarında, yazılarında, görüşlərində dilə gətirmiş və bütün fəaliyyəti dövründə bu dəyərə sadiq qalmışdır.
İlyas İsmayılovu tanıdığım vaxtdan onu daim dərin mütaliə edən görmüşəm, özü də təkcə hüquq ədəbiyyatını deyil, müxtəlif sahələrlə bağlı, xüsusilə tarixi və bədii əsərləri mütəmadi olaraq mütaliə edir. Bu səbəbdəndir ki, İlyas müəllim geniş dünyagörüşünə, zəngin elmi və ədəbi-bədii biliklərə malikdir. O, bir neçə monoqrafiyanın, çox sayda elmi əsərlərin müəllifi olmaqla yanaşı, həm də gözəl publisistdir. Azərbaycanın və dünyanın tanınmış tarixi şəxsiyyətləri haqqında yazdığı məqalələrdə böyük xidmətləri olan Camal Əbdul Nasir, Şarl de Qoll, İbn Sina, Siseron, Çingiz xan, Firudin Köçərli, Abdulla İbrahimov və başqaları kimi dahi şəxsiyyətlərin yalnız fəaliyyətlərindən bəhs etmir İlyas müəllim, həm də onların cəmiyyət üçün örnək ola biləcək xüsusiyyətlərini önə çəkir, insanların, xüsusilə gənclərin maariflənməsinə, onlarda vətənə sevgi hissinin aşılanmasına da töhfə verir.
Məsələn, onun Şarl de Qoll haqqında yazdığı məqalədə qeyd etdiyi bir fikir, hesab edirəm ki, xüsusilə dəyərlidir: “Ən böyük qəhrəmanlığın psixoloji əsası ancaq Vətənə məhəbbət ola bilər. Hər bir insanın qiyməti cəmiyyətə, insanlara verdiyi fayda, tarixi əhəmiyyəti isə Vətən qarşısındakı xidmətləri ilə müəyyən olunur. Şəxsi ləyaqət də özündən bədgümanlıqda deyil, Vətənə vurğunluqda və bunun əməldə nümayiş etdirilməsində böyük məna kəsb edir.”
İlyas İsmayılov işlədiyi dövrlərdə dövlətinə və xalqına, həmçinin həmkar və dostlarına münasibətdə sədaqətli və səmimi olduğu kimi, hansı sahədə çalışmasından asılı olmayaraq məsələlərə münasibətdə obyektiv, ədalətli mövqeyi ilə və bu mövqeyini çəkinmədən bəyan etməsi və həyata keçirməsi ilə fərqlənən prinsipial bir şəxsiyyətdir. Zənnimcə, hər bir düşüncəli insan belə ali keyfiyyətlərin cəmiyyət və dövlətçiliyimiz üçün nə dərəcədə əhəmiyyətli olduğunu etiraf edər, fərqinə varar. İlyas müəllimin özünün də qeyd etdiyi kimi, ədalət ləyaqətin, comərdliyin və səxavətin təməlidir; ancaq ədalətli olan faydalı, səmərəli olar. Bu anlamda da əminliklə demək olar ki, İlyas müəllim ədalətli və mərd insan olaraq həm də xalqı üçün, dövləti üçün faydalı bir şəxsiyyətdir.
Fürsətdən istifadə edərək, yüksək elmi bilikləri, intellektuallığı, dərin hüquqi savadı, alicənablığı və ziyalılığı ilə seçilən tanınmış hüquqşünas alim və ictimai-siyasi xadim, həmçinin vətənpərvərliyi və qətiyyəti ilə örnək şəxsiyyət – İlyas müəllimə bu yubiley günündə möhkəm can sağlığı, gözəl ailəsi ilə birlikdə xoşbəxt günlər və işlərində uğurlar arzulayıram!
Moderator.az
araz.az xəbər portalı.