139799587 5241699969235746 5816764981252127480 n 1024x682şuş

Kəlbəcər rayonunu Milli Məclisdə təmsil edən deputat Aqil Məmmədov 28 ildən sonra Kəlbəcərə səfəri çərçivəsində Ağdaban kəndinə gedib. 

araz.az  Turkustan.info-ya istinadən xəbər verir ki, 3 gün ərzində işğaldan azad edilmiş Kəlbəcərdə olan millət vəkili burada müxtəlif yerlərdə, o cümlədən, Dədə Şəmşir ocağı – Ağdaban kəndində olub.

Burada, dağıdılmış evlərə, kənd qəbristanlığına baş çəkib, həmçinin, Dədə Şəmşirin məzarını ziyarət edib. Ustadın ruhuna dualar oxunub.

Ağdaban faciəsi  1992-ci il aprel ayının 8-də — Kəlbəcərin işğalından təqribən bir il əvvəl ermənilər tərəfindən Kəlbəcərin sonrakı dövrdə işğalına şərait yaratmaq məqsədilə rayonun Ağdaban kəndində törədilmiş soyqırım hadisəsidir. Erməni separatçıları tərəfindən törədilmiş qırğın nəticəsində 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılmış, kəndin 779 nəfər dinc sakininə dəhşətli işgəncələr verilmiş, 33 nəfər isə amansızlıqla qətlə yetirilmişdi. Bundan əlavə, 2 nəfər itkin düşmüş, 12 nəfər isə ağır bədən xəsarətləri almışdı.

Ermənilər tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdılmış, müqəddəs ziyarətgah və məzarlıqlar təhqir olunmuş və məhv edilmişdi. Bundan başqa, Azərbaycanın klassik aşıq şeirinin ustadı Aşıq Qurban və onun oğlu ifaçı və yaradıcı aşıq, Azərbaycan Yazıçılar Birliyinin üzvü Aşıq Şəmşirin (Dədə Şəmşirin) evi, zəngin arxivi və əlyazmaları yandırılmış və talan olunmuşdur.

Qeyd edək ki, Ağdaban kəndi keçmiş Ağdərə rayonunun inzibati sərhədinə yaxın olduğu üçün hələki oraya sərbəst gediş-gəliş çətindir. Bunula belə, millət vəkili A.Məmmədov ümid etdiyini bildirib ki, Tərtər-Ağdərə-Kəlbəcər yolu açılacaq, bundan sonra Ağdabanın yolundan istifadə etmək mümkün olacaq.

Dədə Şəmşirin məzarını ziyarət

araz.az xəbər portalı.