Məğlub vəziyyətdən çıxa bilməyən və çöküş sahələri gün keçdikcə artan Ermənistanda çarə ölkə xaricində axtarılır.
araz.az publika.az-a istinadən xəbər verir ki, diaspor Ermənistan xaricində parlament yaratmağı təklif edir.
Bu təklifə Kanadada yaşayan erməni tarixçi, yazıçı və pianoçu Raffi Bedrosyan “Diaspor indi nə edə bilər?” adlı köşəsində yer verib.
Onun sözlərinə görə, yeni parlamentə beş bölgədən erməni icmalarının nümayəndələri daxil olmalıdır: “Avropa, Şimali Amerika, Cənubi Amerika, Yaxın Şərq və Rusiya. Diaspor erməniləri bölgələrindəki namizədlərə səs verməlidirlər. Bundan əlavə, diaspor ermənilərindən hər ay sabit məbləğ, məsələn, gəlirlərinin faizi Ermənistan hökumətinə vergi olaraq ödənilməlidir. Diaspor parlamenti bu vəsaitlərin xərclənməsinə nəzarət etməlidir”.
Bedrosyan Qarabağdakı 44 günlük müharibənin nəticələrinin dünyanın hər tərəfindəki erməniləri dəhşətə gətirdiyini və şoku daha da artıran nüansın Ermənistan ordusunun “qalib gələcəyik” mesajını verməsi olduğunu qeyd edib: “Diaspor erməniləri həvəslə müharibəyə qatıldı, 1 ayda son 20 ildə toplandığından daha çox pul bağışladı. İndi müharibədə uduzduğumuz üçün diaspor erməniləri tamamilə məyusluq, inam itkisi yaşayır və Ermənistan hökumətinin həm hazırkı, həm də keçmiş liderlərini günahlandırırlar. Ancaq qəzəb dalğası səngiyir və növbəti addımlarımızı düşünməliyik”.
araz.az xəbər portalı.