Qazax rayonunun Daş Salahlı kənd sakini, Birinci Qarabağ Müharibəsinin iştirakçısı Şəadət Nəbiyev ailəsi ilə birlikdə işğaldan azad olunmuş Kəlbəcərə köçmək istəyir.
araz.az xəbər verir ki, bu barədə modern.az-a onun özü məlumat verib. Keçmiş döyüşçü bu məsələ ilə məşğul olan müvafiq instansiyalara müraciət edib:
“Mən ailə üzvlərimlə birlikdə Kəlbəcər rayonunda yaşamaq istəyirəm. Tək mən deyil, döyüşçü dostlarımın çoxu bu fikirdədir. Azərbaycan Prezidenti, Ali Baş Komandanımız min bir zəhmət bahasına torpaqlarımızı işğaldan qurtardı. İndi azad edilmiş bölgələrimizin hər qarışı bizim üçün müqəddəs yurd yerləridir. O ərazilər yüzlərlə şəhid qanı hesabına mənfur düşməndən geri alındı. Odur ki, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı azad edilmiş torpaqlarımızda həyatın bərqərər olması üçün bütün gücünü ortaya qoymalıdır. Həm də bunu minnətsiz etməlidir. Çünki Kəlbəcər də, digər azad edilmiş bölgələr də hər baxımdan yaşamalı, işləməli yerlərdir. Orada işləmək üçün hər cür resurslar var. Odur ki, mən bir daha səlahiyyətli qurumlardan xahiş edirəm ki, ailəmlə birlikdə Kılbəcərə köçməyimizə icazə versinlər”.
Hazırda oğlu Orxan Nəbizadənin əsgərlikdə olduğunu və İkinci Qarabağ Müharibəsində iştirak etdiyini deyən Şəadət Nəbiyev bildirib ki, ailəsinin gələcəyini Kəlbəcərdə görür. O, müraciətinə müsbət cavab veriləcəyinə əmindir.
araz.az xəbər portalı.