Belə “ədalətli sülhməramlıya” etibar və təşəkkür etmək…
Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastırına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.
Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, – cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”
Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.
AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.
Noyabrın 10-dan – üçlü sazişin imzalanması elan edilən gündən Azərbaycanda Qarabağ münaqişəsi ilə maraqlanan jurnalist-politoloq, eləcə də bütün cəmiyyəti iki hissəyə bölünüb: Mənim də daxil olduğum birinci hissə, 10 noyabr sazişinin müddəalarına qulaq asandan sonra “rusların Azərbaycana gəlməsi bizə ciddi problemlər yaradacaq” deyərək, necə deyərlər, özlərini qaldırıb yerə vuranlardır. İkinci hissə isə qarşılarındakıların artıq hay-küyə qapılmasına əmin olaraq, “hər şey yaxşı olacaq, rus həmin rus deyil, 5 ildən sonra çıxıb gedəcək” deyən ultra-optimistlərdir.
Xüsusi qeyd edim ki, hər iki tərəf ölkəmizin Qarabağ savaşında qələbə qazanmasına şübhə etmir, sadəcə, bu problemin sonuna aparan çözüm yolunu müxtəlif cür görür. O zaman ultra-optimistlərin cərgəsinə daxil olan yaxın bir dostuma dedim ki, arzu edirəm ki, “sonda mən səhv edim, publik şəkildə üzr istəyim, amma hələ ki, situasiya mən deyəndir və biz Qarabağda bir addım atarkən, bir şəhərimizdən o birinə gedərkən, sənədlərimiz yoxlanılacaq, “görəsən, ruslar (burada vacib məqam ruslar deyəndə milləti yox, Kremlin siyasəti başa düşülməlidir) nə deyəcək” təhlükəsi altında yaşamalı olacağıq”. Yəni, mən Kremlin Qarabağda ədalətli hakim olacağına inanmıram. Əksinə, sülhməramlıların ermənilərin tərəfində olacağına da tam əminəm.
Dostum çox əks-arqument gətirdi və mən də böyük həvəslə onun dediklərinin çin olması gününü gözləyirəm. Amma hələ ki…
Rusiyanın XİN başçısı Sergey Lavrov növbəti dəfə Ermənistanın siyasi rəhbərliyinin Qarabağa səfərlərində pis bir şey görmədiyini, bu məsələlərin əvvəlcədən razılaşdırıldığını, həmçinin status məsələsinin də ATƏT-in Minsk Qrupu çərçivəsində həll edilməsinin sonraya saxlanıldığını söyləməklə, yenidən Azərbaycan cəmiyyətinin qıcığına səbəb oldu. Xatırladım ki, Azərbaycan rəhbərliyi münaqişənin bitdiyini, status məsələsinin olmayacağını söyləmiş, Ermənistan rəsmilərinin Qarabağa səfərinə isə şəxsən Prezident İlham Əliyev münasibət bildirmiş, ermənilərə “dəmir yumruğu” unutmamalarını tövsiyyə etmişdi.
Lavrova cavab Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədovdan gəldi. Yerli mətbuata danışan Məmmədov dedi ki, Sergey Lavrov əvvəlki ampulasında qərəzli fikirlərini cəmiyyətə sırımağa başlayıb: “O, aradabir maskalanır, danışmır. Lazım gələndə isə ürəyində saxlaya bilmədiyi qərəzi, içindəki kini üzə çıxarır. Lavrov deyib ki, gələcəkdə Dağlıq Qarabağın statusuna baxılacaq, bu, onu göstərir ki, həmin məsələ hələ də gündəmdədir. Lavrov deyib ki, erməni rəsmilərinin Qarabağa icazəsiz gəlib-getmələrində qəribə heç nə yoxdur. Onun dediyindən belə mənaya gəlinir ki, Laçın dəhlizi Ermənistana bağışlanılıb, onlar da istədikləri vaxt Qarabağa gəlib-gedəcəklər. Sergey Lavrova bildirmək lazımdır ki, belə deyil. Heç kim demir ki, Dağlıq Qarabağda yaşayan ermənilərin Ermənistan ilə əlaqəsi kəsilsin. Yox, Azərbaycan deyir ki, Dağlıq Qarabağ mənim ərazimdir, sərhədimi keçən məndən icazə almalıdır”.
Yəni, artıq Azərbayanda təkcə ekspert səviyyəsində deyil, Milli Məclis səviyyəsində də nəyin baş verdiyinin anlaşılması göz qabağındadır.
Rus sülhməramlılarının necə ədalətli olmasını sübut edən daha bir hadisəni erməni “Telegram” kanlları yayıb. Deməli, ozamankı Ağdərə (ermənilər onu Mardakert adlandırırlar) rayonunun, indi isə Kəlbəcərin Heyvalı (ermənilər onu Drmbon adlandırırlar) kəndinin bir qrup sakini yolu bağlayaraq Azərbaycanın yük maşınlarından ibarət kolonun qarşısını kəsməklə etiraz aksiyası keçiriblər.
Hazırda Rusiya sülhməramlıları kontingentinin nəzarətində qalan Heyvalı kəndinə rus hərbçiləri yeridilib. Ermənilər aksiyalarının heç bir münaqişə yaratmaq məqsədi daşımadığını bildirərək, sülhməramlılardan tələb ediblər ki, azərbaycanlılar istifadə etdiyi kimi, onların da Kəlbəcərdən Ermənistana keçən yolla “Vardenis”ə (Basarkeçər) getməyinə şərait yaradılsın. Onların sözlərinə görə, Laçın dəhlizi ilə Basarkeçərə qohumlarını yoluxmağa getmək üçün 500 km yol qət etməlidirlər, halbuki, Kəlbəcərdən cəmi 60 km getməklə həmin əraziyə çata bilərlər.
Ermənilər rus sülhməramlılarına şikayət ediblər ki, guya, azərbaycanlı hərbçilər yoldan keçəndə onlara qarşı alçaldıcı jestlər edərək onların əsəbləri ilə oynayırlar. Etirazçılar sülhməramlılardan bu cür hərəkətlərə nəzarət etməyi xahiş ediblər.
Ermənilərin yolu kəsərək asayişi pozmalarına heç bir etiraz ifadə etməyən və danışığında “Artsax” ifadəsi işlədən rus general, ərazidə heç bir təxribata yol verməyəcəklərini bildirərək ermənilərə izah edib ki, Heyvalıdan keçən azərbaycanlı hərbçilər yox, tikinti şirkəti əməkdaşlarıdır. “Onlar artıq belə hərəkətlər etməmək haqda xəbərdar olunub. Onlara buradan keçəndə telefon işlətməyi də qadağan etmişəm…”, – deyən Rusiya generalı, yolun açılmasına gəlincə isə, bunun onun səlahiyyətləri çərçivəsində olmadığını bildirib.
Amma general məsələni mütləq yuxarı qurumlara çatdıracağına söz verib. Azərbaycan torpağında 30 ilə yaxın qanunsuz məskunlaşmış ermənilər isə problemin həll olunmayacağı təqdirdə bu cür aksiyaları təkrar keçirəcəklərini bəyan ediblər…
[bt_youtube url=”‘https://www.youtube.com/embed/pT_rGA-EBJQ'” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]Bu gün rus generalı, 30 ildir bizim torpaqlarımızda işğalçı kimi yaşayanların azərbaycanlı tikinti işçisinin hansısa əl hərəkətinə görə sakitləşdirmək üçün dəridən-qabıqdan çıxır, onların şikayətlərini yuxarılara çatdıracağını söyləyir və onları Ermənistanala birləşdirən ikinci yolun da işləməsi olduğunu anlayışla qarşılayır. Çəkinmədən “Artsax”, “Stepanakert” ifadələrini işlədir və azərbaycanlılara öz torpaqlarında mobil telefondan istifadəni qadağan etdiyini söyləyir…
Tam əminəm ki, əgər belə bir aksiyanı azərbaycanlılar keçirsəydi, rus zabitinin cavabı çox qısa olacaq, məsələyə onun əsgərləri girişəcəkdi. Amma burada, görün ermənilər Kreml himayəsindən nə qədər arxayındırlar ki, tələblərinə əməl edilmədiyi təqdirdə, bu tipli aksiyaları davam etdirəcəkləri cəsarətindədirlər. Öz torpaqlarımızda, yəni 10 noyabr sazişindən sonra bizim istifadəmizdə olan, tikinti işçilərimizin gəlib-getdiyi yol bağlanır, rus zabiti həmin yolda mobil telefondan istifadə etməyi qadağan edir və bunu şəstlə ermənilərə söyləyir və deyir ki, “biz Artsaxın da mövqeyini nəzərə alırıq”.
İndi mən belə “ədalətli sülhməramlıya” niyə etibar etməli və təşəkkür etməliyəm? Axı niyə?! Məgər, Rusiyanın əsrlər boyu “parçala, hökm sür” siyasəti dəyişibmi ki, mən də ultra-optimistlərə qoşulub, “rus həmin rus deyi, 21-ci əsrdir, çıxıb gedəcək” tipli nağıllarla özümü ovundurum?
Bu gün sülhməramlıların əl-ayağını yalayan ermənilər də gec-tez nəyin baş verdiyini anlayacaqlar. Amma qorxuram ki, o zaman gec ola, həm bizə, həm də onlara.
Sonda oxuculara Sovet kinematoqrafının 30-cu illərin sonunda çəkdiyi “Bakılılar” filmindən kiçik bir hissəni təqdim edirəm. Baxın və görün: nəsə dəyişibmi?!
[bt_youtube url=”‘https://www.youtube.com/embed/o-phnvjd6IA’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]araz.az xəbər portalı.