5-ci Bölmə “polisə müqavimət” göstərənlərin çox olmasında maraqlıdır
Bildiyimiz kimi, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər çərçivəsində iaşə obyektlərində – kafe və restoranlarda xidmət göstərilməsinə icazə verilmir. Qaydaları pozanlar cərimələnir, məsuliyyətə cəlb olunur. Amma müşahidələr göstərir ki, nəzarətedici orqan olan polis bu məsələ ilə manipulyasiya edir, qaydaları pozan bəzi şəxslərlə çox mülayim, digərləri ilə həddən ziyadə sərt davranır.
Redaksiyamıza daxil olan məlumata görə, paytaxtın Binəqədi rayonunun Dərnəgül qəsəbəsində “Köhnə yarmarka” deyilən yerdə Rəna adlı bir qadın kafe işlədir. 11 yanvar saat 20-21 radələrində 3 nəfər polis əməkdaşı (əməliyyatçılar) tərəfindən həmin kafe “vurulub”. Kafe sahibi və müştərilər (cəmi 9 nəfər) Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinə (PB) aparılıb. Həmin müştərilərdən adının çəkilməsini hələlik istəməyən birinin redaksiyamıza verdiyi məlumata görə, bölməyə apardıqları digər müştərilərdən üç nəfərdən 400 AZN alaraq sənədləşdirmədən buraxıblar, dörd nəfərin hər birinə isə 200 AZN cərimə yazıbıblar. Kafe işlədən şəxs PB-yə gətiriləndə polislər ona deyiblər ki, “sən artıq üçüncü dəfədir bura gətirilirsən”. Rənanın işini apran Yalçın adlı polis əməkdaşı ilə telefonla yazışdığı da cərimələnənlərin diqqətindən yayınmayıb. Yalçının onu otaqda qəbul edərkən dediyi sözlər aralarında qeyri-prosessual münasibətlərinin olduğunu üzə çıxarıb: “Sənə demişəm axı, işləmə, işləyəndə mənə xəbər elə. Səninlə biz dünən danışanda mənə dedin ki, işləmirsən. Niyə sən qardaşının başını yerə soxursan? Sənin burda mənim kimi qardaşın var. Niyə mənim ərazimə başqa əməliyyatçı girib obyekt vurmalıdır?..”
İnformator qeyd edir ki, həmin qadın üç dəfə PB-yə aparılmasına baxmayaraq, həmin gün bölməni tərk edəndə deyirmiş yenə kafeni açıb işlədəcək, çünki hər dəfə gələndə bölmənin əməkdaşlarına pul verir. Dediyi kimi də edib – kafeni açıb.
Təəccüblüdür ki, 5-ci PB-nin əməkdaşları nədənsə cərimə yazdıqları şəxsləri zorla PB-yə aparırlar. Sonra da məcbur edirlər ki, evə zəng edib tələb olunan pulu gətirtsinlər. Bu barədə redaksiyamıza daxil olan məlumatı araşdırmaq məqsədilə 5-ci PB-yə zəng vurduq. Bölmə rəisi ilə əlaqə saxlamaq məqsədimizi növbətçi hissədə xidmət aparan polis əməkdaşına bildirdik. O, rəisin saat 16-da yerində olacağını bildirdi. Biz deyilən vaxt BP-yə yollanıb saat 4-dən 3 saat keçənə kimi gözlədik. Amma rəis Cavid İsmayılzadə gəlib çıxmadı. Redaksiyaya qayıtdıq. Yenidən əlaqə saxladıqda rəisin yerində olduğunu deyib telefon əlaqəsini təmin etdilər. Mayor rütbəsində, cavan yaşlı, “kimciyəzinsə adamı” olduğunu öyrəndiyimiz rəis bizi elə acıqladı ki, sanki cinayətkarıq. Araşdırma aparmaq istəyimizi bildirdikdə də sərt reaksiya verdi: “Siz kimsiniz ki, araşdırma aparırsınız? Gedin, öz işinizlə məşğul olun”. Yəqin, ona elə gəlirdi ki, adına “araşdırma” deyilən məfhum yalnız hüquq-mühafizə və cinayət təqibi orqanlarının işidir. Təxmin edirik ki, cənab rəis “jurnalist araşdırması” sözünə rast gəlmədiyi kimi, heç “elmi araşdırma”nın da nə olduğunu bilmir.
PB-də rəisi gözlədiyimiz vaxt orada baş verənləri vizual müşahidə etdik. Özbaşınalıqların şahidi olduq. Nəticə çıxardıq ki, pandemiyaya görə tətbiq olunan rejimi pozanların bölməyə gətirilməsi istisna hal deyil, adidir. Gileylənən vətəndaşlar deyirdilər ki, polis əməkdaşları PB-yə gətirdikləri şəxslərlə kobud rəftar edərək, onları provakasiyaya, cavab qaytarmağa sövq etdirirlər, sonra da “polisə müqavimət” göstərməkdə şərləyib üzərlərinə daha ağır məsuliyyət qoysunlar. Gözümüzlə iki neqativ halın şahid olduq: 15-16 yaşlı yeniyetmə teklefonunu və şəxsiyyət vəsiqəsini saxlamağı polisdən xahiş edirdi ki, onu buraxsınlar, gətirib cəriməni ödəyəcək. Amma xahişinə məhəl qoyulmadı, valideynlərinə zəng vurdurdular. Başqa bir vətəndaş Həsənzadə Rövşən Arif oğlu isə polis təhqiqatçısı Hüseynağa Abdullayevin təhqir və söyüşlərinə məruz qaldı. Onun ödəməli olduğu pulu gətizdirəndən sonra belə münasibətə görə etiraz edən Həsənzadənin dostunu təpikləyə-təpikləyə PB-nin həyətindən çıxardılar. Sonra da çıxışda ürəyi gedən Həsənzadənin başına iş gələ biləcəyindən ehtiyatlanıb sakitləşdirməyə çalışdılar…
Bizə belə yəqin hasil olur ki, 5-ci PB-nin rəisi öz əməkdaşlarına ən azından cərimə planını nağd şəkildə doldurmağı tapşırıb, ən çoxu isə “polisə müqavimət” göstərənlərin çox olmasında maraqlıdır.
Çünki bu işdə daha xeyir var.
Deryaz.az
araz.az xəbər portalı.