Bayden

Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynlinin Axar.az-a müsahibəsi:

– Cozef Bayden prezident səlahiyyətlərinin icrasına başladı. Sizcə, Baydenin xarici siyasəti necə olacaq?

– Bayden və Tramp bir-birindən kəskin şəkildə fərqlənirlər. İstər fərdi keyfiyyətləri, istər həyat tərzləri, istərsə də siyasi-iqtisadi baxışları arasında ciddi fərqlər var. 2020-ci ildə ABŞ tarixində unudulmayacaq bir prezident seçkisi baş tutdu və qalib Co Bayden oldu. Bir zamanlar ABŞ-ın ən gənc prezidenti olmaq istəyib, amma ən yaşlı prezidenti olan Co Bayden… Trampdan fərqli olaraq, Bayden xarici siyasətə daha çox önəm verəcək və ənənəvi ABŞ siyasətini davam etdirəcək. O, Trampın verdiyi bir çox qərarları ləğv edəcək və artıq bəzilərini ləğv edib.

Bayden Trampdan fərqli olaraq, İranla nüvə razılaşmasına yenidən qayıtmaq istəyir. Bu baş verərsə, bölgədə gərginlik və müharibə ehtimalı azalacaq. Bildiyiniz kimi, hazırda Fars körfəzində ciddi bir ABŞ-İran qarşıdurması var. Rəsmi Vaşinqtonun Qətərlə digər ərəb ölkələrini, Türkiyə ilə İsraili, Türkiyə ilə ərəb ölkələrini barışdırmaq cəhdləri İrana qarşı yeni bir planın olduğunu göstərirdi.

Bayden Trampdan fərqli olaraq, NATO ilə əlaqələrə əhəmiyyət verəcək. Donald Tramp digər NATO ölkələrini ittiham edirdi. Bayden isə Avropadakı tərəfdaşları ilə normal münasibətləri yenidən bərpa etməyə çalışacaq.

– Bəs, sizcə, Baydenin Cənubi Qafqaz və Azərbaycan siyasəti necə olacaq?

– Məsələ ondadır ki, Baydenin hələ konqresmen olduğu vaxtdan erməni lobbisi ilə sıx münasibətləri var. O, Konqresdə Azərbaycan əleyhinə qərarlar qəbul edib, həmçinin Qarabağdakı erməni separatçılarına birbaşa maliyyə dəstəyinin tərəfdarı olub. Halbuki ABŞ-dan başqa dünyanın heç bir parlamenti Qarabağdakı erməni separatçılarına birbaşa maliyyə yardımı ayırmayıb.

Bayden artıq administrasiyasına erməni mənşəli iki ABŞ vətəndaşını təyin edib. Bu təyinatlar Ermənistanda sevinclə qarşılanıb. Ermənistanın Baydenə ümidləri var. Lakin bu o demək deyil ki, Bayden özbaşına qərar verə bilər. Ümumiyyətlə, ABŞ yalnız Ağ Evdən ibarət deyil. ABŞ-ın idarə edilməsində Ağ Ev və Konqreslə yanaşı, Pentaqon və Dövlət Departamenti də xüsusi rol oynayır. Bu iki qurum isə ABŞ-ın milli və təhlükəsizlik maraqlarını əsas tutur. ABŞ-ın milli və təhlükəsizlik maraqları isə Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycanla əməkdaşlığı diktə edir. ABŞ üçün dünyəvi müsəlman ölkəsi olan Azərbaycanla əməkdaşlıq etmək daha faydalıdır.

– Qeyd etdiniz ki, ABŞ üçün Azərbaycanla əməkdaşlıq etmək daha faydalıdır. Əməkdaşlığı necə görürsünüz?

– Azərbaycan son illər regionda ciddi layihələrə imza atır. Enerji ölkəsi olan Azərbaycan ildən-ilə həm də nəqliyyat yollarının qovuşduğu bir ölkə halına gəlir. Artıq TANAP və TAP layihələri sayəsində Azərbaycan öz qazını Avropaya nəql etməyə başlayıb. Bu isə ABŞ-ın maraqlarına çox uyğundur. Çünki rəsmi Vaşinqton Avropa ölkələrinin qaz asılılığını azaltmasını istəyir. Bu asılılığın azalmasında Azərbaycan rol oynaya bilər.

Avropanın əsas qaz asılılığı Rusiyadandır. Avropa üçün hər zaman bir alternativ lazımdır. Bu alternativ həm də Azərbaycandır.

Digər tərəfdən, qarşılıqlı münasibətlərdə, əməkdaşlıqda müsbət imicə sahib bir ölkədir. Bu mənada düşünürəm, Bayden bu reallıqları görüb, Cənubi Qafqaz siyasətini formalaşdıracaq.

araz.az xəbər portalı.