1611398027 644 1

 

Telman Rəhimov: “Eşidirəm ki, adım heç zərərçəkmişlərin siyahısında yoxdur”

“Oktyabrdan bu yana qəzalı evdə yaşayırıq. Nə sığınacaq verən, nə də adımızı zərərçəkmiş siyahısına salan var”. Bunu Gəncənin Məmmədtağı Cəfərov küçəsinin sakini Telman Rəhimov deyir.

Şikayətçi bildirir ki, oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə endirdiyi raket zərbəsi nəticəsində evi qəzalı vəziyyətə düşüb, yaşanası durumda deyil. Ancaq aidiyyatı qurumlar bunu gözardı edir: “Düzdür, raketi göydə zərərsizləşdirmişdilər. Ancaq qəlpələri həyətimə və evimin müxtəlif yerlərinə düşüb. Nəticədə həyətdə itlərimizdən biri ölüb və evimiz tamamilə yararsız hala düşüb”.

Telman Rəhimovun ailəsi 5 nəfərdən ibarətdir. Özü, həyat yoldaşı, 2 övladı və anası. Deyir, övladlarından birinin əlilliyi də var:  “Deməyim odur ki, evdə tək yaşamıram. Yoxsa vecimə də olmaz. Uşaqlar var, yaşlı anam var. 5 nəfərin həyatı təhlükə altındadır. Evimiz hər an uça bilər. Belə bir faciə baş versə, dövlət qurumları nə edəcəklər? İndidən deyirik ki, problemi həll etsinlər. Ancaq eşidirəm ki, adım heç zərərçəkmişlərin siyahısında yoxdur”.

Rəhimovlar ailəsinin evi köhnə də olmayıb. 2016-cı ildə tikdiriblər. 2 mərtəbəli, birinci mərtəbəsində 3, ikincidə 4 otaq olan yeni ev olub. Raket zərbəsinə qədər yaxşı şəraiti var imiş: “Ətrafdakı zərər görmüş evləri siyahıya almışdılar, bizə gələn olmamışdı. Çox yazıb-pozandan sonra nəhayət Fövqəladə Hallar Nazirliyinin yerli idarəsindən gəldilər, baxdılar. Gedəndə də dedilər ki, bu evdə yaşamaq təhlükəlidir, çıxmalısınız, çünki hər an uça bilər. Dedim, mən razı. Bizə sığınacaq verin, çıxaq. O gündən bu yana axtarıb-arayan yoxdur”.

Telman Rəhimov deyir ki, çarəsizlikdən öz vəsaiti hesabına, gücü çatdığı qədər evdə bəzi bərkitmə işləri aparıb. Ancaq yenə də yaşanası hala sala bilməyib:

“Sonra Prezident Administrasiyasına məktub yazdım. Dedim, burda ayrı-seçkilik edirlər. Bütün zərərçəkmişlərə eyni gözlə baxılmır. Ondan sonra Gəncə Şəhər İcra Hakimiyyətinin memarı, FHN-dən nümayəndələr gəldilər. Evə baxış keçirdilər, yenə yazdılar, pozdular və çıxıb getdilər. Amma yenə də bir xəbər yoxdur. Deyirlər, “evdə yaşamaq olmaz, hər an uça bilər”. Amma bizə sığınacaq vermirlər”.

Telman Rəhimov deyir ki, axırıncı dəfə evlərinə gələn komissiyanın gedişindən az qala 2 ay keçir. Axırıncı müraciətinin üstündən isə 1 ay. Yenə ortada heç nə yoxdur:  “Dekabrda bir də müraciət etdik görək nə oldu. Hələ də dağılmış evdə yaşayırıq. O zaman mənə bir də dedilər ki, sizin adınız siyahıda yoxdur. Dedim, necə yəni, FHN yazıb, icra hakimiyyəti yazıb, cinayət işi açılıb. Biz zərərçəkmiş kimi tanınmışıq.

Dedilər: “Biz bilmirik, ad yoxdur”. Şəhər icra hakimiyyətindən bizə son söz kimi dedilər ki, siz qismən zərərçəkmiş kimi tanınmısınız. Mən də dedim ki, qismən bir-iki əşyası qırılanlar yazılıb. Amma bizim evimiz uçma təhlükəsi altındadır. Hər an altında qala bilərik. Bu qisməndi? Ötən həftə bir də zəng etdim. Son sözləri bu oldu ki, adım siyahıda yoxdur”.

Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, hələ də zərərçəkmişlər qeydə alınır. Yəni sıra ilə hamı qeydə alınacaq: “İş mərhələli şəkildə həyata keçirilir. Tikintiyə və siyahılaşdırmaya nəzarəti isə birbaşa Fövqəladə Hallar Nazirliyinin tikintiyə nəzarət agentliyinin əməkdaşları həyata keçirir. Hazırda da onlar ərazidədilər və baxış keçirirlər. Yekun qərar verilməyib. Onu da deyim ki, nə qədər kompensasiyanın təyin edilməsi və s. kimi işlərə də onlar baxırlar”.

ziyan1_cr2ziyan_cr1

Ermənistanın işğalı nəticəsində dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı işçi qrupları yaradılıb.

Ötən il noyabrın 12-də Azərbaycan Baş naziri bununla bağlı sərəncam imzalayıb. Bu, Azərbaycan prezidentinin ötən il noyabrın 6-da imzaladığı sərəncamla izah edilir.

Söhbət sentyabrın 27-dən başlayaraq mülki əhaliyə, dövlət əmlakına, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında prezidentin sərəncamından gedir.

Bütövlükdə, Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Tərtər, Füzuli, Cəbrayıl, Goranboy rayonları və Naftalan, Gəncə, Mingəçevir şəhərləri üzrə 11 işçi qrupu yaradılıb. Üstəlik, Tərtər rayonu üzrə dəymiş ziyanın miqyasını nəzərə alaraq 3 işçi qrupu formalaşdırılıb. Ümumilikdə bu müddət ərzində təqribən 3700 obyektə müxtəlif dərəcəli ziyan dəydiyi bildirilir.

araz.az xəbər portalı.