Vüqar DADAŞOV: “Görünən odur ki, ruslar 10 noyabr tarixli üçtərəfli Bəyanatın 4-cü bəndini təsirdən salmaqda çox israrlıdırlar”
“Bu ilin yanvar ayının 11-də baş tutan Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin üç tərəfli Moskva görüşündən iki həftədən çox vaxt keçib. Diqqət yetirsək, açıq-aydın görərik ki, həmin məlum görüşdən sonra, Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyətinin işıqlandırılmaşına senzura tətbiq edilib. Demək olar ki, sülhməramlıların nəzarətimizdə olmayan ərazilərimizdə hansı missiya ilə məşğul olması tam gizli şəkildə aparılır. Bölgədən sülhməramlılarla bağlı hər hansı məlumat tam rəsmi xarakterli olur. Artıq, rus əsgərlərinə də, fərdi qaydada məlumat axınını gizlətmək və yayımlamamaq tapşırığının ciddi şəkildə verildiyi göz qabağındadır.
Rus sülhməramlılarının Qarabağdakı fəaliyyətinin məxfiliyinin, təbii ki, məlum 11 yanvar Moskva görüşündən sonra tətbiqi onu göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin həmin görüşdə rus sülhməramlılarının öz missiyalarından kənar fəaliyyətinə kəskin etirazı və bununla bağlı narazılığı, rusları informasiya məsələsində daha diqqətli olmağa məcbur edib”,
— bu fikirləri tanınmış hüquqşünas Vüqar Dadaşov araz.az xəbər portalına açıqlamasında bildirib. O, rus sülhməramlılarının mandatdankənar fəaliyyəti barədə danışarkən, xüsusi olaraq onu vurğulayıb ki, onlara diqqətli olmaq tapşırığının verilməsi ancaq o demək deyil ki, rus sülhməramlıları artıq öz çirkin niyyətlərindən əl çəkib: “Sadəcə olaraq, onlar, özlərinin həmin Moskva görüşündən sonrakı erməni və azərbaycanlı düşmənçiliyin dərinləşməsinə xidmət edən çirkin əməllərini Azərbaycan cəmiyyətindən gizlətməyə qərar veriblər.
Son vaxtlar baş verən proseslər də göstərir ki, Kreml hakimiyyəti heç bir razılaşmaya əməl etmək fikrində deyil və həmin razılaşmaları açıqcasına təhrif edir. Rusiya xarici işlər naziri Lavrov da, Rusiya sülhməramlılarının Qarabağda fəaliyyətinin konkret parametrlərinin müəyyən olunmasına dair açıqlamasında bu məsələnin üçtərəfli forma çərçivəsində mümkünlüyünü bir daha bildirib. Axı, bu nə deməkdir, Azərbaycan ərazisində hər hansı bir ordunun yerləşdirilməsi və fəaliyyəti niyə üçüncü tərəflə — Ermənistanla razlıaşdırılmalıdır?! Axı, Ermənistan Azərbaycan ərazilərində hansısa hüquqa malikdir?!
Bir də, bu barədə danışarkən, xüsusi olaraq vurğulanan əsas nüanslardan əlavə, 10 noyabr tarixli üçtərəfli Bəyanatın əsas şərtlərinə də nəzər yetirmək lazımdır. Bu şərtlərə görə, tərəflərdən hər hansı birinin istəyi əsasında sülhməramlılar bölgəni tərk etməlidir. Görünən odur ki, ruslar həmin Bəyanatın 4-cü bəndini təsirdən salmaqda çox israrlıdırlar.
Bir sözlə, deyilənlər növbəti rus təxribatlarıdır. Siyasi nəticəyə və hədəfə hesablanmış belə rus təxribatlarının biri də, Azərbaycan Respublikasının işğaldan azad olunmuş Kəlbəcər rayonunun işğal müddətində “Drambon” adlandırılmış Heyvalı kəndindəki yolun ermənilərin bağlayaraq, Azərbaycana məxsus yük maşınlarından ibarət kolonun qarşısını kəsməklə, keçirdikləri etiraz aksiyası idi.
Ermənilər yalandan bu aksiyalarının heç bir münaqişə yaratmaq məqsədi daşımadığını bildirərək, onları buna təhrik edən sülhməramlılar qarşısında qəti tələb də qoyublar ki, azərbaycanlılar istifadə etdikləri kimi, onların da, Kəlbəcərdən Ermənistana keçən həmin yolla Vardenisə — Basarkeçərə sərbəst getmələrinə normal şərait yaradılsın. Konkret desək, həmin aksiyanın mahiyyəti də o idi ki, ruslar ermənilərin dili ilə, Azərbaycan sərhədlərini, ölkəmizin suverenliyini belə tanımaq istəmədiklərini bir daha ortaya qoymuş oldular.
Təbii ki, rusların razılığı olmadan belə bir aksiyanın təşkili və keçirilməsi mümkünsüz idi. Həmin aksiyaçılar qarşısına çıxan rus zabitinin işlətdiyi “Artsax” kəlməsi isə, həmin o aksiyada kimin nə məqsəd daşıdığını, hansı hədəfi vurmaq istədiyini göstərmiş oldu.
11 yanvar Moskva razılaşmasından sonra, hətta,
“Dağlıq Qarabağın Azərbaycan daxilində statusu mümkün deyil və qəbuledilməzdir. Bunu Qarabağ Prezidenti Arayik Arutyunyan çərşənbə axşamı Karen Sarkisyanı Daxili İşlər Nazirliyinin personalına təqdimatı zamanı deyib” mövzulu xəbəri bu gün “Sputnik” xəbər portalı da yayımlayıb. Bu xəbərin mahiyyəti də onu göstərir ki, ruslar, artıq, Ermənistanla deyil, özlərinin yaratmış olduğu separatçı rejimlə Azərbaycanda daimi mövcudluğunu təmin etmək fikrindədirlər. Burdan o da bəlli olur ki, beynəlxalq axtarışda olan Araikin, — Ermənistanın və bütün dünya ermənilərinin məğlubiyyətindən sonra, — ilk dəfə belə ürəkli, qorxmaz açıqlama ilə çıxış etməsi, onun ruslara arxayınlığına bağlıdır.
Rusların Ermənistanla deyil, separatçı rejimlə iş birliyinə üstünlük verməsi, birbaşa, onların “b” planıdır. Daha doğrusu, Ermənistan haçansa Rusiya təsirindən çıxmış olsa da, ruslar, Qarabağ separatçılarının vasitəsi ilə, bölgədə mövcudluqlarını bu yolla indidən təmin etmək fikrindədirlər. Əlavə olaraq, bu vəziyyət bir daha onu göstərir ki, ruslar, ümumiyyətlə, Ermənistanın rus təsirində qalacağına, Qərbə və ya Türkiyəyə inteqrasiya etməyəcəyinə əmin deyillər.
Diqqətimizdən yayınan digər bir məqam da odur ki, hələ nəzarətimizdə olmayan ərazilərimizə hava müşahidəmizin ruslar tərəfindən “qadağan” edilməsi belə, onların Azərbaycana qarşı yeni bir məkrli planlarının rahatlıqla başa çatdırılmasına hesablanıb. Tam əminliklə demək olar ki, rusların sürprizləri hələ qabaqdadır, onlar Qarabağ konfliktini dirçəldəcək və bu konfliktin tarixə qovuşmasına mane ola biləcək ən məkrli planlardan belə istifadə edəcəklər. Bu səbəbdən, vəziyyət təcilli olaraq onu tələb edir ki, Azərbaycan dövlət sərhədlərini tam qapatmalı, Laçın dəhlizini nəzarətə götürməli, rus sülhməramlılarının statusunu müəyyən etməlidir. Tarixi analizlər də göstərir ki, ruslarla “müdafiə” siyasəti effektli deyil, ruslar həmişə “hücum” və “güc” siyasətinə loyallıq edibdir.
Prezident İlham Əliyevin ağıllı strateji siyasi bacarığı, eləcə də Azərbaycan dövlətinin hərbi və iqtisadi potensialı, ortadakı əzəmətli Türkiyə faktoru, bütünlüklə dünyada və dövlətlərdə baş verən proseslər onu deməyə əsas verir ki, biz, rusların yeni növ istənilən məkrli planını da poza biləcək iqtidarındayıq”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.